Heyvanlar aləmi Rəbbimizin güclü hisslərə sahib olaraq yaratdığı canlılar

Rəbbimizin güclü hisslərə sahib olaraq yaratdığı canlılar


-Bəzi heyvanlar niyə zəlzələlərdən əvvəl qeyri-adi hərəkətlər edirlər?
-Canlılar təhlükələr qarşısında necə davranırlar?
-Bəzi heyvanların insanlardakından daha güclü olan  hissləri nələrdir?
Təhlükə siqnalı verən canlılar
Sürü halında yaşamağın ən böyük üstünlüklərindən biri təhlükə zamanı daha çox müdafiə oluna bilmələridir. Çünki sürü halında yaşayan heyvanlardan hər hansı biri təhlükəni hiss etdikdə səssizcə hadisə yerindən qaçmaq yerinə bütün gücünü toplayaraq ətrafındakı digər heyvanları da xəbərdar edir. Hər növ canlının özünəxas xəbərdarlıq forması var.
Məsələn, dovşanlar və bəzi marallar təhlükəni hiss etdikdə ətraflarındakı heyvanları xəbərdar etmək üçün quyruqlarını yuxarı qaldırırlar. Ceyranlar isə tullanaraq çox maraqlı rəqs edirlər. (Tony Seddon, Animal Parenting, s. 42)
Bir çox kiçik quşlar düşmənlərini sezdikdə dərhal cikkildəyərək xəbər verirlər. Sarıköynək kimi quş növləri xəbər verərkən məhdud tezlik intervalında yüksək səs çıxarırlar. İnsan qulağı bunu incə fit səsi kimi eşidir. Bu səsin ən vacib xüsusiyyəti isə mənbəyinin hansı istiqamətdə olmasının müəyyən edilə bilməməsidir. (Peter JB Slater, The Encyclopedia of Animal Behavior, s. 114)
Bu, sürüsünü xəbərdar edən quş üçün çox vacib üstünlükdür. Çünki quş əslində düşməni gördükdə qışqıraraq bütün diqqəti üstünə çəkməyi gözə alır. Amma səsin istiqaməti müəyyən olmadığı üçün təhlükə nisbətən azalır.
Koloniyalar halında yaşayan böcəklərdə də təhlükəni ilk hiss edən böcək bütün koloniyanı xəbərdar edir. Ancaq təhlükəni xəbər verən böcəyin ifraz etdiyi qoxu düşmənin də diqqətini çəkir. Buna görə də koloniyasını təhlükə zamanı xəbərdar edən böcək ölümü də gözə almış olur. (Edward O. Wilson, Sociobiology: The New Synthesis, The Belknap Press of Harvard University Press, England 1975, s. 123)
Çayır itləri böyük koloniyalar şəklində yaşayırlar. Sanki bir şəhərə bənzəyən yuvaları təxminən 30 heyvanın yaşaya bildiyi hissələrə ayrılmışdır. Bu şəhərdəki bütün heyvanlar bir-birilərini tanıyırlar. Tunelin çıxışlarında və girişlərində olan təpəciklərin üzərində hər zaman bütün istiqaməti görə biləcək şəkildə arxa ayaqları üzərində durub keşik çəkən heyvanlar var. Növbətçilərdən biri düşmən görsə, fit səsinə bənzər uzun-uzadı hürür. Bu xəbərdarlıq digər növbətçilər tərəfindən də təkrarlanaraq bütün şəhərdə eşidilməsinə səbəb olur. (David Attenborough, Yaşadığımız Dünya, İnqilab Nəşriyyat 1985, s. 178)
Təbiətdə baş verən bu cür fədakarlıq nümunələrinə şahid olan alimlər şüursuz canlıların bu cür mükəmməl davranışlarını heyranlıqla izləyirlər. Şübhəsiz ki, bütün bu canlılara hər an ilham verən, hər birinə nəzarət edən və necə davranmalarını əmr edən Allahdır. Bu açıq gerçək Quranda belə bildirilir:
"Göylərdə və yerdə olanların hamısı, heyvanlar da, mələklər də təkəbbür göstərmədən Allaha səcdə qılırlar.    Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər." (Nəhl surəsi, 49-50)

İnsanlardan fərqli hisslərə sahib canlılar
Allah heyvanların duyğu orqanlarını insanlardakından daha güclü yaratmışdır. Hətta bəzi heyvanlarda insanlarda olmayan başqa duyğu orqanları da mövcuddur:
Fillər geniş ərazilərə yayılaraq yaşayan heyvanlar olduqları üçün aralarında möhkəm əlaqə sisteminin olması çox vacibdir. Bu əlaqə yalnız fillərin kəskin iybilmə duyğuları vasitəsi ilə baş vermir. Bundan əlavə, Allah filin alnında insanların eşidə bilməyəcəyi boğuq səs çıxaran bir orqan da yaratmışdır. Məhz bu orqan sayəsində fillər öz aralarında digər canlıların anlamayacağı gizli və şifrəli bir dil vasitəsi ilə əlaqə qururlar. Fillərin çıxardıqları bu boğuq səslər çox uzaq məsafələrə qədər gedib çatır. Buna görə də fillər uzaq məsafələrdən bir-birləri ilə rahat əlaqə qura bilirlər.
Bəzi canlıların gözləri insanların gözlərindən daha mükəmməl xüsusiyyətlərə sahib olaraq yaradılmışdır. Məsələn, böcəklər və arılar insanların görə bilmədiyi ultrabənövşəyi şüaları görə bilirlər. Gecələr ov edən məməli heyvanlar və gecə quşları kimi canlıların gözlərindəki Tapetum lucidum adlı təbəqə bu canlıların qaranlıqda görmələrini təmin edir. Afrikadakı keçələkərkəslər isə təxminən 4000 m-dən çox məsafədəki, insanların turbinlə ayırd edə bilmədiyi yerdə yatan bir heyvanın ölü və ya yatmış olduğunu müəyyənləşdirə bilirlər.
Bəzi heyvanların iybilmə xüsusiyyəti insanlarınkından 100000, hətta 1000000 dəfə güclüdür. Məsələn, itlər mikrolfak adlı ən həssas qoxuları belə hiss edirlər. Bu xüsusiyyətlərinə görə insanlarda olan və fərqli bədən qoxuları olaraq xarakterizə edilən bəzi maddələr mübadiləsi pozuqluqlarının erkən diaqnozunda, narkotik, təqsirkarların təqib olunması kimi polis əməliyyatlarında və təbii fəlakətlərdə itlərdən istifadə edilir.
Gürzə ilanı kimi bəzi sürünənlər temperaturun dəyişdiyini hiss edən xüsusi bir orqana sahibdirlər. Burun deşikləri arasında yerləşən çüxurun içindəki bu orqan hərəkət edən cisimlərin isti və ya soyuq olduqlarını ayırd edir. İlanlar bu orqan sayəsində gecə soyuq havada istiqanlı heyvanın (məsələn, siçan) 10 C’-dən aşağı temperaturunu belə ayırd edir. Eyni zamanda, hava axını və titrəyişlərə qarşı da olduqca həssasdır.
Bütün canlılar istilikdən başqa elektrik də yayırlar. Quruda yaşayan bir canlının bu cərəyanları hiss etməsi çətindir, çünki hava elektrik keçirmir. Ancaq suyun içərisində vəziyyət daha fərqlidir. Elektrik təbii keçirici olan suyun içinə axır. Dolayısilə, bu elektriki hiss edə bilən bir canlı olduqca həssas bir duyğuya da sahib olur. Köpək balıqları da bu üstünlüyə sahib canlılardandır. Beləcə, sudakı bütün titrəyişləri, suyun temperaturundakı dəyişiklikləri, duzluluq nisbətini və xüsusilə də hərəkət edən canlıların yaratdığı elektrik sahələrindəki kiçik dəyişiklikləri belə hiss edə bilirlər.
Köpək balıqlarının bədənlərində içi jeleyə bənzər maddə ilə dolu çoxlu sayda oyuq mövcuddur. Oyuqlar bütün bədən boyu, xüsusən də, daha çox baş bölgəsində yerləşdirilmişdir. "Lorenzini lampaları" olaraq adlandırılan bu xüsusi orqanlar mükəmməl elektrik qəbuledicisidir. Köpək balıqları və skatlar bu qəbuledicilər vasitəsi ilə ovlarını tapırlar. Bu orqanlar heyvanın üzünün yuxarı hissəsində və başında yerləşən məsamələrə bağlıdır, elektrik qəbuledicisi olaraq (elektroreseptor) olduqca həssas quruluşludur və bir voltun 20 milyardda bir böyüklüyündəki axınları belə hiss edə bilir. Bu, böyük gücdür. Evinizdəki batareyaları düşünün. 1.5 voltluq bu batareyalardan ikisini bir-birindən 1600 kilometr uzaq məsafələrə qoyun. Köpək balıqları bu batareyaların yaydığı elektrik cərəyanını hiss edəcəklər. 
Canlıların sahib olduğu bu mükəmməl hissləri və xüsusi olaraq yaradılmış duyğu orqanlarını yaradan, əlbəttə, sonsuz elm və güc sahibi Allahdır. Bir ayədə elmin yeganə sahibi olan Rəbbimizin yaratma elmi belə bildirilir:
"Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır." (Fatir surəsi, 11)

Zəlzələni hiss edən canlılar
Aparılan elmi araşdırmalar nəticəsində zəlzələdən əvvəl tektonik təbəqələrin böyük təzyiq altında qaldığı, bu təzyiq altında daş qalıqlarının ətrafa elektrik yüklü zərrəciklər yaydığı məlum olmuşdur. Bu zərrəciklər hava və ya su ilə qarşılaşdıqda reaksiyaya girərək yeni molekulların yaranmasına səbəb olur. Məsələn, bu zərrəciklərin suya qarışması ilə hidrogen peroksid əmələ gəlir. Su yığınlarında suyun kimyəvi tərkibini dəyişən bu hadisə canlılar tərəfindən sezilir və onların qeyri-adi davranışlar göstərərək zəlzələni əvvəlcədən hiss etmələrinə səbəb olur.
2009-cu ildə İtalyanın L'Aquila şəhərini yıxan zəlzələdən üç gün əvvəl şəhərə yaxın bir göldə yaşayan bütün qurbağa sürüsü köç etmişdir.
1975-ci ildə Çinin Haicheng şəhərində qış aylarında baş verən zəlzələdən təxminən bir ay əvvəl ilanlar toplu şəkildə yuvalarını tərk etmişdir. Maraqlı olan məqam isə qış aylarında ilanların qış yuxularına ara verib özlərinin ölümünə səbəb olacaq dondurucu soyuğa özlərini atmalarıdır.
Bəzi bölgələrdə böyük zəlzələlərdən əvvəl dərin sularda yaşayan balıqların suyun səthinə çıxdıqları müşahidə edilmişdir.
Bu nümunələrdə də gördüyümüz kimi bu canlıların hər biri Allahın nəzarəti altındadır. Allah hər birinə bu davranışlarını ilham edir və onlar da buna tam uyur. Hər biri özlərini Yaradan Allaha boyun əyirlər. Quranda bu gerçək belə bildirilir:
"Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir." (Rum surəsi, 26)

Rəbbimizin sonsuz mərhəməti bütün canlıları və kainatı əhatə edir
Rəbbimizin canlılara bəxş etdiyi xüsusi duyğu orqanları, hisslər və xəbərdarlıq metodları vasitəsi ilə həyatlarına davam etmələri, bir-birlərini, xüsusilə də balalarını təhlükələrə qarşı həssaslıqla qorumaları və birlikdə hərəkət etmələri üzərində düşünülməli olan yaradılış dəlillərindən yalnız bir neçəsidir.
Şübhəsiz, canlılar bu xüsusiyyətlərə öz iradələri ilə sahib ola bilməzlər. Təbiətdəki hər şey sonsuz elm və qüdrət sahibi Rəbbimizin əsəridir və hər biri Onun ilhamı ilə hərəkət edir. O, üstün qüdrət, şəfqət, mərhəmət, elm və hikmət sahibidir. Bu gerçək bir Quran ayəsində belə bildirilir:
"Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir (doğru yolda olanı qoruyandır)." (Hud surəsi, 56)
Təbiətdəki hər şey sonsuz elm və qüdrət sahibi Allahın əsəridir. Allah bütün canlıları, insanları, heyvanları, böcəkləri, canlı-cansız bütün varlıqları yaradan üstün qüdrət, şəfqət, mərhəmət, ağıl, elm və hikmət sahibidir. Ayələrdə belə buyurulur:
"Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun! Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, üstün və güclüdür, hökm və hikmət sahibidir." (Casiyə surəsi, 36-37)
Bütün kainatda qüsursuz nizam var. Şübhəsiz, bu, ən kiçik mikroorqanizmdən Günəş sisteminin böyük kütləli planetlərinə qədər hər şeyi nəzarəti altında saxlayan Allahın yaratmasıdır. Mükəmməlliklərlə dolu olan canlıların hər biri güclü itaət və təslimiyyətlə onları yaradan Allaha boyun əyir və Rəbbimizin onlar üçün təqdir edib planladığı əmri yerinə yetirir. Bir ayədə belə bildirilir:
"De: “Göylərdə və yerdə olanlar kimə məxsusdur?” De: “Allaha məxsusdur!” (Allah) Özünə rəhmli olmağı yazmış­dır. (Gələcəyinə) şübhə edilməyən Qiyamət gününə sizi O toplayacaqdır. Özlərini ziyana uğradanlar iman gətirməzlər." (Ənam surəsi, 12)

/ Heyvanlar aləmi 3509