Həşəratlar Kor memarlar: Termitlər

Kor memarlar: Termitlər


Kor işçilərin “Empire State” böyüklüyündə bina tikmələri mümkündürmü? Əlbəttə ki, xeyr. Ancaq bunu heç bir canlının edə bilməyəcəyini düşünürsünüzsə yanılırsınız. Çünki kor termitlər öz ölçülərinə görə “Empire State” yüksəkliyində evlər inşa edirlər. Termitlərin inşa etdikləri nəhəng yuvaları insanların tikdikləri binalarla müqayisə etmədən əvvəl, bu canlıları tanıtmaq yaxşı olardı. Termitlərin ən əsas xüsusiyyətlərindən biri, insanların belə asanlıqla dağıda bilmədiyi möhkəm yuvalar inşa etmələridir. Öz ehtiyacına uyğun olan xüsusiyyətlərlə fərqli formada evlər inşa edirlər. Bəziləri yandırıcı istidən, bəziləri isə yağışlardan qoruyan yuvalar tikirlər. Bu yuvalar ağac içində, əsasən də, torpağın altında və üstündə olur.

 

Bir termit yuvasını açdıqda məsaməli görünüş ortaya çıxır. Yuva 2.5 sm və ya daha dar ölçülü çoxlu hücrələrdən ibarət olur. Bu hücrələr arasında yalnızca termitlərin keçə bildiyi dar dəliklər vardır. Termitlər bu möhtəşəm binaları tikərkən xammaddə olaraq yalnızca torpaq, öz ifrazatları və tullantıdan istifadə edirlər. Bu cür sadə vəsaitlə tikilən yuvaların bəzilərini yalnızca partlayıcı ilə dağıtmaq mümkündür. Hətta içində labirintlər, ventilyasiya və kanallar kimi xüsusi sistemlər də olur.

 

Qülləyə bənzər yuvalar inşa edən termitlərin əsl möcüzəvi xüsusiyyəti isə kor olmalarıdır. Bu, çox təəccüblüdür. Termitlər inşa etdikləri tunelləri, istifadə etdikləri vəsaiti, bununla hazırladıqları torpağı və tikdikləri otaqları görə bilmirlər.

 

Termit yuvaları ilə insanların tikdikləri binaları müqayisə etsək gördükləri işin qeyri-adiliyi daha dəqiq ortaya çıxar. Termitlərin inşa etdikləri göydələnləri daha yaxşı qiymətləndirmək üçün Amerikadakı Empire State binası ilə müqayisə edə bilərik. Bu binanın uzunluğu 443 metrdir. Termitlər isə 1-2 sm-lik böcəkdir. Kiçik bədənlərinə baxmayaraq, 7 metr hündürlüyündə nəhəng yuvalar tikirlər. Əgər termitlər insanlarla eyni boyda olsaydı, tikdikləri yuvalar Empire State binasından 4 dəfə hündür olardı. İnsanların edə bilmədiklərini termitlər var olduğu gündən bəri milyonlarla ildir ki, edirlər. (Möcüzələr dünyası, National Geographic, İstanbul, 1999, səh. 190)

 

Termitləri bütün xüsusiyyətləri ilə birlikdə Allah yaratmışdır. Aləmlərin Rəbbi olan Allah termit yuvaları ilə bizə sonsuz elmini və qüdrətini göstərir.

 

Allah hər şeyin Xaliqidir. O, hər şeyi Qoruyandır. (Zumər surəsi / 62)

 

Termitlərin intizamlı quruluşu

 

Termit yuvalarını araşdırsaq, böyüklüyü ilə yanaşı kompleks sistemlə də qarşılaşarıq. Termit koloniyalarında müdafiə funksiyasını yerinə yetirən xüsusi hərbi dəstələr vardır. Termit əsgərlər mükəmməl hərbi təchizatla yaradılmışdır. Bəziləri döyüşçü, bəziləri növbətçi, bəziləri də “intihar dəstəsi”dir. Kraliçanın yumurtlaması, işçilərin divar hörüb tunellər açması və ya yuvada yetişdirilən göbələklərin yığılması, əsgərlərin öz vəzifələrini tam olaraq yerinə yetirməsindən asılıdır.

 

Termit koloniyasının bütün üzvləri mütəşəkkil qrup halında yaşayırlar. Bunlar arasında əlaqə qoxu və ya dad bilmə yolu ilə həyata keçirilir. Həmin vaxt kimyəvi siqnallar alınıb verilir. Bu kor, kar və dilsiz olan canlılar arasındakı inşaat, qida axtarışı, yuva yoldaşını tanıma, iz axtarma, həyəcan vəziyyəti və müdafiə manevrləri kimi kompleks işlər kimyəvi siqnallar vasitəsilə təmin edilir. Termit kolloniyasının əsas düşmənləri qarışqalar və qarışqa yeyənlərdir. Koloniya düşmən hücumuna məruz qalanda intihar ordusu hərəkətə başlayır. Ülgüc kimi iti dişləri olan Afrika termitləri peşəkar döyüşçüdür. Uzun və iti dişləri ilə hücum edənlərin gövdələrini parçalayırlar.

 

Termitlərin fədakarlığı

 

Termitlər bəzən koloniyalarını qorumaq üçün özlərini fəda edərək düşmənlərinə zərər yetirirlər. Bir çox termit növü bu intihar hücumunu müxtəlif formalarda həyata keçirir. Xüsusilə də, Malayziyanın yağış meşələrində yaşayan termit növü diqqət çəkir. Anatomiyası və davranışlarına görə bu termitlər sanki “yeriyən bomba”dır.

 

Bədənlərindəki xüsusi kisə düşmənlərini zərərsizləşdirən kimyəvi maddə ilə doludur. Termit mübarizə zamanı hər hansı bir qarışqa və ya hücum edən canlı tərəfindən sıxışdırılarsa, qarın əzələlərini möhkəm gərərək ifrazat vəzilərini yırtır və hücum edəni sarı rəngli, tünd maye ilə boğur. Bu tamamilə intihar hücumudur. Çünki hücum zamanı termitin daxili orqanları parçalanır və canlı ölür.

 

Termitlərdəki ictimai həmrəylik və fədakarlıq nümunələri darvinizmin əsas fərziyyələrindən biri olan “hər bir canlı özü üçün yaşayır” fikrini yox edir. Bundan əlavə, bu nümunələr termitlərin şüurlu şəkildə təşkilatlandıqlarını göstərir. Düşünək: Bir termit niyə növbətçi olmaq istəsin? Üstəlik seçim hüququ olarsa, nə üçün ən zəhmətli və ən çox fədakarlıq tələb edən işi seçsin? Belə bir imkanı olsaydı, sübhəsiz ki, özünə ən rahat mühiti və ən yaxşı vəzifəni seçərdi.

 

Hətta bir zamanlar özünü fəda edərək bu cür müdafiə sistemindən istifadə etməyə qərar verən bir termitin olduğunu qəbul edək. Lakin o da bu fədakarlığı genlərinə yükləyərək yeni nəsillərə çatdıra bilməz. Üstəlik bütün işçi termitlər sonsuz canlılardır və ona görə də yeni bir nəsil meydana gətirə bilməzlər. Yalnızca termitləri yaradan Allah bu cür mükəmməl koloniya həyatı qura və onlara müəyyən vəzifələr verə bilər. Növbətçi termit də Allahın ona ilham etdiyi vəzifəni itaətlə yerinə yetirir. Necə ki, Quranda belə buyrulur:

 

... Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın... (Hud surəsi / 56)

/ Həşəratlar 9163