Heyvanlar aləmi Hörümçəklər torlarını görülə biləcək şəkildə qururlar

Hörümçəklər torlarını görülə biləcək şəkildə qururlar


Hörümçək toru hansı xüsusiyyətlərə malikdir?

Hörümçəklər torlarını hansı üsullarla qoruyurlar?

Hörümçək toru ağırlığı saxlayan skelet ipliklər, onların üzərində yerləşən ovun tutulmasında yararlı spiralvari yapışqan ipliklər və torun iplərini bir-birinə bağlayan birləşdirici ipliklərdən ibarətdir. Spiralvari yapışqan ipliklər skelet ipliklərə tam bağlanmır. Beləcə, tora düşən həşərat xilas olmağa çalışdıqca yapışqan tora daha da yapışır. Həşəratın üstünə tamamilə yapışan ipliklər elastikliyini tədricən itirərək bərkiyir və canlının qaçması qeyri-mümkün olur. Beləliklə, həşərat tələyə düşür və hərəkətsiz qalır. Bundan sonra isə ov canlı şəkildə qablaşdırılmış hazır qida kimi möhkəm skelet ipliklərin üzərində hörümçəyin gəlib ona son zərbəni vurmasını gözləyir. Allah hörümçək torlarının bu cür möhkəm olması üçün onları bəzi xüsusiyyətlərlə birlikdə yaratmışdır. Bu xüsusiyyətlərdən bəziləri belədir:

Torun zərbələrə qarşı dözümlülüyü

Hörümçək torunun güclü tələ olması üçün sadəcə yapışqanlılığı və ya fərqli xüsusiyyətlərdəki ipliklərdən təşkil olunması kifayət etmir. Məsələn, tor uçan həşəratları saxlaya biləcək şəkildə qurulmalıdır. Əgər tora ilişən həşəratı ballistik raketə bənzətsək, uçan həşəratı sadəcə dayandırmaq kifayət etməz. Çünki hörümçəyin gəlib tora düşən canlını yoxlaması və dişləməsi üçün ov hərəkətsiz qalmalıdır. Uçan roketi hərəkətsiz vəziyyətdə saxlamaq isə olduqca çətindir.

Toru təşkil edən ipliklər çox möhkəm olmaqla yanaşı, eyni zamanda da, elastikdirlər. Amma torun elastikliyi yerindən asılı olaraq dəyişir. Torun elastiklik dərəcəsi bir sıra səbəblərə görə əhəmiyyət daşıyır:

Əgər ipliklər daha az elastik olsa idi, tora dəyən həşərat sərt bir yaya dəymiş kimi gəldiyi istiqamətə doğru geri atılardı. 
Əgər ipliklər daha çox elastik olsa idi, həşərat toru daha da gərər, yapışqan ipliklər bir-birinə yapışar və tor deformasiya olardı.
İpliyin elastikliyi hesablanarkən küləyin təsiri də nəzərə alınmalıdır ki, əsən küləyin gərdiyi tor yenidən əvvəlki halına qayıda bilsin.
Torun elastikliyi qurulduğu yer baxımından da əhəmiyyətlidir. Məsələn, tor otun üzərində qurulubsa, onun elastikliyi otun hərəkəti zamanı yaranan gərilmələri aradan qaldıracaq şəkildə olmalıdır.

Ov tutmaq üçün hörülən spiralvari liflər bir-birinə çox yaxın olur. Hər hansı kiçik yırğalanma zamanı iplər bir-birinə yapışa və ovun tutulacağı hissədə böyük dəliklər yarana bilər. Buna görə də ovun tutulacağı hissədə elastikliyi çox olan yapışqan ipliklər elastikliyi az olan quru ipliklər üzərində yerləşir. Beləliklə, torda ovun qaça biləcəyi gizli oyuqların yaranmasının qarşısı alınır.

Gördüyümüz kimi, torun hər xüsusiyyəti möcüzəvidir. Hər cür ehtimal düşünülmüşdür. Bunlar nəzərə alındıqda təkamül iddiasının məntiqsizliyi bir daha aydın olur. Bir hörümçəyin təsadüfi dəyişikliklərlə torun zərbələrə qarşı necə dayanıqlı olacağını öyrənməsi, əlbəttə ki, qeyri-mümkündür. Hörümçəklərə bu bacarıqları verən və şüurlu davranışları ilham edən Allahdır:

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24) 

Canlıların davranışları təsadüflərlə və ya hər hansı başqa bir mexanizmlə açıqlana bilməz. Bunu iddia edən insan ancaq özünü və ətrafındakıları aldadar. Allah bir ayəsində belə buyurur: 

De: “Allahdan başqa yalvardığınız şəriklər haqda düşündünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərin yaradılmasında şərikliyi var?” Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər. (Fatir surəsi, 40)

Hörümçəklər torlarını görülə biləcək şəkildə qururlar

Hörümçəklər özləri üçün çox əhəmiyyətli olan torlarını heyvanlardan və ya hər hansı təbiət hadisəsindən qorumaq üçün, adətən, tənha yerlərdə qururlar. Bu zaman çox maraqlı üsullardan istifadə edirlər. Bunlardan birini Mərkəzi Amerikada yaşayan Argiope bruennichi hörümçəklərinin torlarında görmək mümkündür. Bu hörümçəklər yuvalarına başqa heyvanların bilmədən zərər vermələrinin qarşısını almaq üçün onları daha gözəçarpan şəkildə qururlar. Bunun üçün torlarına parlaq ağ rəngdə, ziqzaq formalı dekorativ naxışlar salırlar. Bu, şüşəyə birinin səhvən dəyməməsi üçün şüşənin üzərinə bir şeylər yapışdırılmasına bənzəyir.

Bu günə qədər hörümçəklərin toru niyə bu cür bəzədiklərinin səbəbi tam olaraq başa düşülmürdü. Ancaq avstraliyalı tədqiqatçılar tərəfindən aparılan araşdırmada bunun tora zərər dəyməməsi üçün edildiyi məlum oldu.

Tədqiqat qrupunun rəhbəri dr.Uolter labarotoriyada hörümçək yuvalarını qura bilmək üçün plastik çərçivələr hazırladı, sonra hörümçəkləri üç qrupa ayırdı. Daha sonra hörümçəklərin yuvalarına nəzarətli şəkildə zərər verməyə başladı. Birinci qrupa yüngül, ikinci qrupa orta, üçüncü qrupa isə ciddi zərər verildi. Bunun nəticəsində üçüncü qrupdakı hörümçəklər yuvalarını daha çox bəzədilər. Hörümçəklərin bunu taktiki olaraq etdikləri məlum oldu. 

Yuva hər dəfə zərərə uğradıqda hörümçəklər fəaliyyətə başlamırlar. Hər gün yuvaya dəyən zərərlə (məsələn, ovun tora dəyməsi kimi) istənilməyən qonaqların verdiyi zərəri ayırd edirlər. Məsələn, bu cür dekorativ naxışlar quşlar üçün xəbərdarlıqdır və torun içindən keçməməli olduqlarını bildirir. Dekorativ naxışların hörümçək üçün başqa faydaları da var: Məsələn, bu naxışlar hörümçəyin gizlənməsi baxımından da çox əhəmiyyətlidir. Belə ki, hörümçək dekorativ naxışların arxasında duraraq ovun onu görməsinin qarşısını alır. Həmçinin, bu naxışlar ultrabənövşəyi şüanı əks etdirərək ovları cəlb edir.

Torların yoxlanılması

Hörümçəklər torlarını tez-tez yoxlamalıdırlar. Çünki torun spiralvari yapışqan hissəsi yağışın yağmasından və ya tələdən xilas olmağa çalışan ovların verdiyi zərərlə dağıla bilir. Eyni zamanda, tora yapışan tozlar da spiralvari ipliklərin yapışqanlıq xüsusiyyətinin itməsinə səbəb olur.

Tor yerindən asılı olaraq qurulduqdan çox qısa müddət sonra, 24 saatdan sonra belə, ovlama xüsusiyyətini itirir. Buna görə də tor davamlı olaraq dağıdılıb yenidən qurulur. Hörümçək dağıtdığı torun ipliyini yeyir və həzm edir. Həzm etdiyi iplikdəki amin turşularından növbəti dəfə toru quranda istifadə edir. 

Hörümçəklərin növlərinə görə torun yeyilən hissələri və yeyilmə zamanları da fərqli olur. Məsələn, bağça hörümçəkləri torun kənarlarına toxunmur, sadəcə torun yarısını və yapışqan spiralvari hissəsini yeyirlər.
Tropik bölgələrdəki hörümçəklər torlarını alaqaranlıqda qurub səhərə yaxın yeyirlər. Mülayim iqlim şəraitində yaşayan hörümçəklər isə torlarını yeyib yenisini qurma mərhələsinə gecə vaxtı başlayırlar. Çünki burada yaşayan gecə hörümçəkləri tropik bölgədəkilər kimi çox deyil. Buna görə də tor gün boyu dağılmadan qalmalıdır.

Hörümçəklərdə Allahın sonsuz elmi təzahür edir

Yer üzündə hörümçəyin yüzlərlə növü var. Bu kiçik canlılar bəzən yuvaları ilə bağlı statistik hesablamalar aparan inşaat mühəndisi, bəzən üstün dizaynlar quran dizayner, bəzən mükəmməl, güclü və elastik iplər, öldürücü zəhərlər və əridici turşular istehsal edən kimyaçı, bəzən də olduqca hiyləgər taktikalarla ovlayan ovçu olurlar.

Hörümçəklər belə üstün xüsusiyyətlərə sahib olsalar da, bir çox insanlar onların necə xüsusi yaradılmış varlıqlar olduğunu düşünmürlər. Qəflət içindəki bu insanların fikrincə, ətrafdakı hər şey kimi hörümçəklər də adi canlılardır. Halbuki bu, çox yanlış düşüncədir. Çünki təbiətdəki bütün canlılar kimi hörümçəklərin də davranışları, məsələn, ovlama üsulları, çoxalmaları, müdafiə taktikaları tədqiq edilib bunlar haqqında geniş məlumatlar əldə edildikcə heyrətamiz nümunələrlə qarşılaşırıq. Şübhəsiz ki, bu qüsursuz detallar Allahın yaratma sənətinin nümunələrindəndir. Allah üstün qüdrət, elm, ağıl və hikmət sahibidir:

O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O, Qüdrətlidir, Bağışlayandır. (Sad surəsi, 66)

Hörümçək torlarından ilham alınaraq hazırlanan dizaynlar

Hörümçəklər də təbiətdə nümunə götürülən canlılardandır. Məsələn, kəkilli torağay hörümçəyi və ya şeh hörümçəklərinin qurduqları torlar mühəndislik və estetik cəhətdən möhtəşəmdir. Bu hörümçəklər torlarını çəməndəki otlar üzərinə sərilmiş ədyal görüntüsü verəcək şəkildə üfüqi istiqamətdə qururlar. Yuvaların bu cür qurulması ilə torun üzərində yaranan yüklərin ağırlığı dik sütun kimi duran otlara paylanılır.
İnsanlar hörümçəklərin bu metodundan böyük məkanların üstünü bağlamaq üçün istifadə edirlər. Hazırda müasir memarlıq nümunələrindən olan Münhen Olimpiya Stadionu və Ciddə Beynəlxalq Hava Limanı bu hörümçək torlarından nümunə götürülərək inşa edilmişdir. 

Münhen Olimpiya Stadionunun tavanı hörümçəyin torundan ilham alınaraq hazırlanıb, beləcə, tavandakı müxtəlif gərilmələr bərabər ölçüdə paylanır.

/ Heyvanlar aləmi 1824