Heyvanlar aləmi Qarışqaların ünsiyyəti

Qarışqaların ünsiyyəti


Quranda hz.Süleymanın (əs) ordularından bəhs edilərkən qarışqaların arasında “xəbərləşmə sistemi” olduğuna işarə edilir:

Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi basıb əzməsinlər (məhv etməsinlər).” (Nəml surəsi, 18)

20-ci əsrdə qarışqalar üzərində aparılan elmi tədqiqatlar bu kiçik canlıların mütəşəkkil həyatları olduğunu və aralarında çox mürəkkəb ünsiyyət şəbəkəsinin mövcud olduğunu müşahidə etmişdir. “National Geographic” jurnalında dərc olunan bir məqalədə bu mövzudan belə bəhs olunur:
“Böyük və ya kiçik bütün qarışqalar baş nahiyəsində yerləşən kompleks duyğu orqanları vasitəsilə milyonlarla, hətta daha çox kimyəvi və görüntü siqnalları qəbul edirlər. Qarışqaların beynində 500 min sinir hüceyrəsi olur, gözləri bitişikdir, bığcıqları insandakı burun və barmaq ucu funksiyasını yerinə yetirir. Ağızın altındakı çıxıntılar dadı, tükcüklər isə toxunmanı hiss edir.”

Biz fərqində olmasaq da, qarışqalar həssas duyğu orqanları vasitəsilə fərqli ünsiyyət metodlarından istifadə edirlər. Ovlarını tapmaqdan bir-birini izləməyə, yuvalarını qurmaqdan döyüşməyə qədər həyatlarının hər anında bu duyğu orqanlarından faydalanırlar. 2-3 millimetrlik bədənlərində mövcud olan 500 min sinir hüceyrəsi ilə heyrətamiz ünsiyyət sisteminə sahibdirlər.

Bu həşəratların ünsiyyətindəki reaksiyalar müəyyən kateqoriyalara ayrılır: siqnal ötürmə, toplanma, qidanın yerini xəbər vermə, təmizlənmə, maye-qida dəyişikliyi, qruplaşma, tanıma, kasta müəyyənləşdirmə və s.

Bu reaksiyalar vasitəsilə nizamlı birlik meydana gətirən qarışqaların qarşılıqlı xəbərləşməyə əsaslanan həyatları var. Qarışqalar məlumat ötürməklə bəzən insanların danışaraq həll edə bilmədiyi mövzularda (toplanma, bölüşmə, təmizlənmə, müdafiə və s.) qüsursuz əlaqə yaradırlar.

Qarışqalar, əsasən, kimyəvi səviyyədə ünsiyyət qururlar. Ünsiyyətdə istifadə etdikləri kimyəvi maddələr isə semiokimyəvilər (semiochemicals) kimi tanınan feromonlardır. Qoxu olaraq hiss edilən və daxili sekresiya vəzilərində ifraz olunan feromonlar qarışqa koloniyalarının təşkilatlanmasında mühüm rol oynayır. Qarışqa siqnal kimi bu mayeni ifraz edəndə digərləri qoxu və ya dad alma yolu ilə mesajı alır və cavab verir. Qarışqa feromonları üzərində aparılan araşdırmalar bütün siqnalların koloniyanın ehtiyacına uyğun ifraz olunduğunu müəyyən etmişdir. Bundan başqa, qarışqaların ifraz etdiyi feromonun qatılığı da mövcud olan vəziyyətin təcililik dərəcəsinə görə dəyişir.

Göründüyü kimi, qarışqaların həyata keçirdikləri əməliyyatları yerinə yetirmək üçün dərin kimya bilgisinə ehtiyac var. 14 əsr əvvəl, qarışqalar haqqında bu cür ətraflı məlumatın olmadığı bir dövrdə qarışqaların xəbərləşmə sisteminə diqqət çəkilməsi Quranın elmi möcüzələrindən biridir.

Həşəratlar nümayiş etdirdikləri bacarıqları və xüsusiyyətləri ilə hər şeyi qüsursuz yaradan Allahın varlığının dəlillərindəndir. Bu canlıları göyləri, yeri və ikisinin arasında olanları var edən, uca Allah yaratmışdır. Allah Öz üstün və bənzərsiz ağlının dəlillərini görməyimiz üçün bir-birindən mükəmməl sistemlər var etmişdir. Allah bu həqiqəti Quranda belə xəbər verir:

“Qəti inananlar üçün yer üzündə dəlillər vardır.” (Zəriyət surəsi, 20)

 

/ Heyvanlar aləmi 692