Heyvanlar aləmi Canlıların müdafiə məqsədi ilə qurduqları ünsiyyət metodları

Canlıların müdafiə məqsədi ilə qurduqları ünsiyyət metodları


Bəzən təhlükəni xəbər vermək, bəzən yaşadıqları yerləri qorumaq məqsədi ilə heyvanlar bir-birləri ilə müxtəlif formalarda ünsiyyət qururlar. Hər canlının bu özünəməxsus ünsiyyət metodu Allahın onlara bəxş etdiyi böyük nemətdir.
                       

                                            

                                 Canlıların səs vasitəsilə qurduqları ünsiyyət metodu

Bəzi heyvanlar nərildəyərək təhlükə siqnalı verirlər. Afrika antilopları kimi bəzi heyvanlar isə səssiz siqnal verirlər. Bu heyvanlar otlayarkən davamlı olaraq xırıldayırlar. Yırtıcı heyvan yaxınlaşdıqda isə xırıldamağı dayandırırlar. Antiloplar, xüsusilə, gecə səssizlik olursa, bu sürüyə təhlükə olduğuna dair xəbərdarlıq deməkdir. 


Fillər kimi bir-birlərindən çox uzaqda yaşayan heyvanların isə "ünsiyyət" qurması çox əhəmiyyətlidir. Bala fil yatmaq istədikdə uzaq bölgələrə yayılmış bütün sürü üzvləri onun yuxudan oyanmasını gözləyir. Fillərin ünsiyyət qura bilmələrindəki səbəb təkcə güclü iybilmə duyğuları deyil. Eyni zamanda alınlarında 20 Hs-ə qədər müxtəlif tezliklərdə boğuq səs çıxaran bir orqan da vardır. Bu orqan sayəsində fillər öz aralarında digər canlıların anlamadığı gizli və şifrəli dillə əlaqə yaradırlar. Fillərin çıxardıqları bu boğuq səslər, yəni uzun dalğalar qısa dalğalara nisbətən daha uzaq məsafələrə qədər yayıla bilir. Buna görə də bu səsin qısa zamanda uzaq məsafələrə yayılması və fillərin digər fillərlə əlaqə yaratmaları çox əhəmiyyətlidir.


Fərqli növdən olan bir çox heyvan müdafiə məqsədilə aralarında müxtəlif əlaqələr yaradırlar. Məsələn, antiloplar və kərgədanlar üstlərinə yapışan və güclü səslər çıxararaq təhlükə olduğunu bildirən kiçik quşlarla birlikdə yaşayırlar. Bu canlılarla birlikdə yaşayan quşlar isə təhlükəni xəbər vermələri ilə yanaşı, həm də bu məməlilərin dərilərinə yapışan böcək sürfələrini yeyərək həyatlarını davam etdirirlər.


Bəzi heyvanlar düşmənlərini yanıltmaq məqsədi ilə müxtəlif səslər çıxarırlar. Məsələn, ağac dəliklərində yuva quran bir çox quş təhlükə hiss etdikdə ilan kimi fısıldamağa başlayır. Yuvaya hücum edən yırtıcı heyvanlar da dəlikdə ilan olduğunu düşünərək yuvadan uzaqlaşırlar. Bəzi kiçik tırtıllar isə təhlükə anında fısıldayır və bədənlərindəki gözə bənzər xallarını şişirdərək düşməni yanıldırlar.


Afrikada yaşayan surikatlar 10-15 üzvdən ibarət koloniyalar halında yaşayırlar. Surikatların müştərək həyat tərzlərində xüsusi ünsiyyət metodları vardır. Bu canlılar 3 fərqli formada – qoxu yayaraq, səslə və bədən dili vasitəsilə xəbərləşirlər. Nəyisə itirdikdə, təhlükə baş verdikdə, bala surikat doğulduqda və daha bir çox hadisəni bildirmək üçün 20-dən çox fərqli səslə bir-birlərinə məlumat ötürürlər. Bu canlılar yuvalarının təhlükəsizliyini təmin etmək üçün ətrafı müşahidə etmə, çaqqal və canavar kimi düşmənlərdən yuvanı qoruma vəzifələrini aralarında bölüşdürürlər.


Arılar da təhlükəni xəbər vermək üçün daha yüksək səslə vızıldayırlar (bir pətəyə yaxınlaşsanız, səs tonundakı fərqi hiss edəcəksiniz); saniyədə 500 dəfə qanad çalan bu arılar "təhlükə keçdi" işarəsini verib pətəkdə vəziyyət sakitləşənə qədər bu hərəkətlərinə davam edirlər.
Qırmızı dələlər düşmən gördükdə quyruqlarını sallayır və həyəcanlı səslər çıxararaq digər dələləri təhlükəyə qarşı xəbərdar edirlər.
                 

                             Qoxu yayma metodu ilə aralarında ünsiyyət quran canlılar

Bəzi canlılar yaşadıqları yerlərin onlara xas olduğunu bildirmək üçün "qoxu yayma" metodundan istifadə edirlər.Ceyranlar yaşadıqları yerlərin onlara aid olduğunu bildirmək üçün gözlərinin altındakı vəzlərdən ifraz olunan və qətran iyi verən qoxunu uzun, nazik budaqlara və otlara yayırlar. Bu qoxu sayəsində digər ceyranlar bölgənin sahibi olduğunu bilirlər.
Şimal marallarının isə arxa ayaqlarının ucunda qoxu vəzləri vardır. Bu vəzlərdən ifraz olunan maddə sayəsində yaranan qoxu həmin bölgədə bu canlıların yaşadıqlarını bildirmələrinə imkan verir.Dovşanlar da çənələrindəki vəzlərdən qoxu yayaraq yerlərini bildirirlər.

 

                                         Buynuz və dırnaqları ilə ünsiyyət quran canlılar

Şimali Amerika maralları və antilopları, adətən, ürkək və həyəcanlı olurlar. Amma bəzi tülkü və canavarlar tərəfindən balalarına təhlükə yarandığını gördüklərində iti və kəsici dırnaqlarını istifadə etməkdə heç tərəddüd etmirlər.

Camış və müşk öküzlərinin də əyri, amma olduqca sağlam buynuzları vardır. Sürülərinə hücum edildikdə dərhal balalarını əhatəyə alır, başlarını əyir və buynuzları ilə düşmənə zərbə vururlar.Dağ keçiləri isə uzun incə buynuzlarını xəncər kimi istifadə edirlər. Balası düşmən tərəfindən hədələnən ana maral da düşmənə qarşı cəsurcasına döyüşə, hətta bir ayını buynuzları ilə öldürə bilər.

Afrikada öküz başlı bir dişi antilop isə balasını tutmağa çalışan kaftar, çaqqal və ya digər vəhşi itlərə buynuzları ilə zərbə vuraraq yaralayır. Bir kərgədanın burnundakı iti buynuzu balasını hədələyən hər hansı yırtıcı heyvana zərbə vuracaq qədər böyük və təhlükəlidir.

Uca Allah yer üzündə mükəmməl sistemlər yaratmış, yaratdığı hər detalda Öz ucalığının və qüdrətinin dəlilləri olan mükəmməl möcüzələr yaratmışdır. Canlıların müdafiə məqsədi ilə öz aralarında istifadə etdikləri ünsiyyət qurma metodları da hər gün yeni detalları kəşf edilən yaradılış möcüzələrindən biridir. Ayələrdə Rəbbimizin yaratma elmi belə bildirilir:


"Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır." (Casiyə surəsi, 3-4)
                   

                         Bədən dili ilə müdafiə taktikalarından istifadə edən canlılar

Marallar təhlükə hiss etdikdə bir ayağını yerə vuraraq digər marallara təhlükə olduğunu xəbər verirlər. Əgər təhlükənin yaxında olduğunu hiss edirlərsə, həm ön ayaqlarından birini yerə vurur, həm də quyruqlarını dik saxlayaraq kəfgir kimi sallamağa başlayırlar.

Ağquyruqlu maral təhlükəni ilk hiss etdiyi anda quyruğunu yuxarıya doğru qaldıraraq yüngülcə burur. Quyruğunun alt hissəsi tamamilə ağ rəngdədir. Bu, bədənindəki yeganə ağ hissədir. Anidən quyruğunu qaldırmaqla canlı sürüdəki bütün maralları təhlükəyə qarşı xəbərdar edir.
Cənubi Amerikada yaşayan bir dəvə növü – quanakolar nizamlı və müştərək həyat yaşayan canlılardandır. Quanakolar ailələrini, birlikdə yaşadıqları sürüləri və yaşadıqları bölgələri təhlükədən qorumaq üçün bir-birlərinə xəbər göndərirlər. Bu dəvələr qulaqları ilə bir-birlərinə işarələr göndərərək, mırıldanaraq, çömələrək, tüpürərək, sinələrinə vuraraq, quyruq sallayaraq və s. yollarla bir-birlərinə təhlükə olduğunu xəbər verirlər.

Quanakolar həm də duruş formaları ilə də bir-birlərinə xəbərdarlıq göndərirlər. Zamanlarının çoxunu yaşadıqları yerləri təyin etmək üçün bölgəyə hədd qoyan yetkin erkək quanakolar üçün duruş forması çox əhəmiyyətlidir. Tanış olmayan bir erkək heyvan yaxınlaşdıqda o bölgəyə hakim olan erkək quanako quyruğunu yuxarıya qaldıraraq anidən dimdik vəziyyətdə ayağa qalxır. Boynunu əyri S hərfi şəklində tutaraq qulaqlarını arxaya doğru çəkir və burnunu yuxarıya qaldırır. Beləcə, quanako düşməninə hədə-qorxu gəlir.


  Öküz başlı Cənubi Afrika antilopları görünüş cəhətdən camışlara bənzəyirlər. Sürü halında yaşayan bu antilop növünün bəzən 100, bəzən daha çox üzvü bir yerdə olur. Olduqca sürətli qaçan bu antilop növü düşmənləri tərəfindən təqib edildikdə yarış atlarından daha sürətli qaça bilirlər. Cənubi Afrika antiloplarının balaları da olduqca sürətli qaçırlar. Hətta 2 günlük bala antiloplar da demək olar ki, böyük antiloplar kimi sürətlə qaça bilirlər. Çətin şərtlərdə yaşayan bu canlılar Allahın onlara verdiyi bu xüsusiyyətlər sayəsində həyatlarını çox rahat davam etdirirlər.
 

Pişiklər özlərini müdafiə edəcəklərini və ya hücum edəcəklərini hərəkətləri ilə bildirirlər. Əgər canlı hücum etməyə hazırlaşırsa, bunu göz təması və qısılmış göz bəbəkləri ilə, həmçinin, anidən hücum etməyə hazır dayanaraq bəlli edirlər. Başını və bığlarını qabağa, qulaqlarını isə arxaya tərəf uzadırlar. Qorxduqları və özlərini təhlükədə hiss etdikləri zaman bunu yerə çömələrək xəbər verirlər. 
Pişiklər əgər özlərini təhlükə altında hiss edərlərsə, bunu bir tərəfə yumarlanıb dişlərini  və pəncələrini göstərərək müdafiəyə hazır olduqlarını bildirərək edirlər. Bundan başqa, bədənlərindəki bütün tüklərini də dikəldirlər.

 

İtlər də müdafiə zamanı bədən dilindən istifadə edirlər. Bu zaman it mırıldayır və dişlərini göstərir. Hücum edildikdə isə qorxmadığını bildirmək üçün qulaqlarını və quyruğunu dik tutur və tüklərini dikləşdirir. Gərgin və hər an hücum etməyə hazır olur. Əgər qorxursa, bu zaman yenə də dişlərini göstərir, mırıldayır, quyruğunu yerə paralel şəkildə dümdüz tutur və tüklərini dikləşdirir. Amma hədələndikdə özünü üstün hiss etmədiyi üçün qulaqlarını yatırır.
 

Zürafələr də təhlükə anında digər canlılarla ünsiyyət qurmaq üçün bədən dilindən istifadə edən canlılardandır. Bu canlılar təhlükə zamanı, adətən, gözlərini dikib baxırlar. Bu baxışlar insanlarda olduğu kimi dostcasına və ya düşməncəsinə bir məna daşıyır. Geniş otlaqlarda, yəni savannalarda bir zürafə digərinə gözünü ayırmadan baxırsa, bu, bir aslanın yaxınlaşdığını və qrupların təxminən 2 km2 -lik bir sahəyə çəkilməli olduqlarını ifadə edir.
 

Canlıların xəbərləşmək üçün istifadə etdikləri metodlar bizə Allahın sonsuz ağlını, güc və sənətini göstərir. Allah üstün və güclü olandır, bənzərsiz yaradandır. Quruda və dənizdə olan hər şey Ona aiddir. Allah sonsuz ağıl və bilik sahibidir. Bir Quran ayəsində belə buyurulur:
"O Allah yaradandır, qüsursuzca var edəndir, şəkil və surət verəndir..." (Həşr surəsi, 24)

 

/ Heyvanlar aləmi 3101