Heyvanlar aləmi Ağıllı müdafiə sistemi: kamuflyaj

Ağıllı müdafiə sistemi: kamuflyaj


Kamuflyaj hərbi sahənin əsas ünsürlərindən biridir.  Özünü düşmənə hiss etdirmədən hücum etmək və ya düşmənin hücumu əsnasında gizlənmək çox mühümdür.

Buna görə də cəbhədəki əsgərlər geyimləri, dəbilqələri, hətta üzlərinə sürtdükləri boyalarla özlərini gizlədir, yəni kamuflyaj edirlər.

Maraqlıdır ki, kamuflyaj adlanan bu ağıllı üsuldan yalnız insanlar deyil, heyvanlar da istifadə edir.

Çox effektiv taktika

Yaşadıqları mühitə uyğun şəkildə yaradılmış canlılar bədən quruluşları, formaları, rəngləri və naxışları ilə kamuflyaj olunaraq qorunurlar. Bu canlıların bəzilərinin bədənləri yaşadıqları mühitə o qədər uyğundur ki, onları ətrafdakı bitkilərdən ayırd etmək çox çətindir.

Çiçəklə eyni rəngdə olan bir hörümçək, ağac budağı kimi hərəkətsiz dayanan bir ilan, qurumuş yarpağa bənzəyən qanadlara sahib olan bir həşərat, üzərində olduğu bitkilərin rəngini və formasını alan bir qurbağa… Bütün bunlar təbiətdəki kamuflyajın maraqlı nümunələridir. Bunlar bizə kamuflyajın xüsusi olaraq yaradılmış üsul olduğunu göstərir.

İndi isə bu metodu bir qədər araşdıraq.

Bəzi canlılar yaşadıqları mühitin bitki örtüyünə uyğun rəng və naxışlara malikdir. Məsələn, saralmış otların arasında gizlənən sarı zolaqlı bir pələngin ovu tərəfindən hiss edilməsi çox çətindir.

Aslanlar da yaşadıqları çöllərin rəngində yaradılmışlar. Bunun sayəsində quru otların arasında asanlıqla gizlənirlər. Kamuflyaj olunmuş bir əsgər kimi yavaş-yavaş ovlarına yaxınlaşırlar.

Hepard da təbii kamuflyaj sayəsində hiss olunmadan ovuna yaxınlaşır. Ov onu çox gec hiss edir.

Yaşadığı mühitlə mükəmməl rəng uyğunluğu olan canlılardan biri də qütb ayılarıdır. Qütb ayılarının ağappaq kürkləri ilboyu qar və buzlarla örtülmüş mühitdə onlara böyük üstünlük qazandırır. Rənginin ağ olması ona ovuna hiss olunmadan yaxınlaşmağa kömək edir. Əgər rəngləri ağ olmasa idi, qütblərdə yemək tapa bilmələri, balalarını qida ilə təmin etmələri çox çətinləşərdi. Bu da qısa müddətdə nəsillərinin kəsilməsinə gətirib çıxarardı.

Bundan başqa, bəzi canlılar da mövsümə uyğun kamuflyaj olunurlar. Buna ən gözəl nümunə kimi qütb quşlarını göstərə bilərik.

Mövsümə görə tük dəyişdirən canlı: Qütb quşları

Qütb quşlarının olduqları yeri tapmaq, demək olar ki, qeyri-mümkündür, çünki ətraf ərazinin təbii görüntüsünü təqlid etmələrini təmin edən mükəmməl kamuflyaj qabiliyyətinə sahibdirlər.

Qış mövsümündə qütb quşlarının bədənlərində möcüzəvi dəyişiklik baş verir. Tünd rəngli tüklərin hamısı yox olur, yalnız ağ tüklər qalır. Qarda ağappaq quşu seçmək isə qeyri-mümkündür.

Quşun bundan heç bir xəbəri olmasa da, bədəni hər qış mövsümündə mükəmməl şəkildə kamuflyaj olunur. Yazda qütb quşunun tüklərinin arasında yaşıllaşan bitkilərin rənginə uyğun yeni tüklər çıxır. Həmin dəyişiklik yayda da baş verir.

Bu qeyri-adi dəyişikliklər hesabına otların arasındakı qütb quşlarını görmək, demək olar ki, qeyri-mümkün olur. Bu möcüzəvi kamuflyaj öz-özünə yarana bilməz. Təbii ki, bu quş öz iradəsi ilə tüklərinin rəngini dəyişdirə bilməz.  Niyə kamuflyaj olunduğunu dərk edən ağıla da sahib deyil.

Bəs bu quşa qeyri-adi kamuflyaj qabiliyyətini kim verib?
Bu quşu mövsumə uyğun kamuflyaj edən kimdir?
Ətraf mühitin rəngini və naxışını quşun tüklərinin üzərinə hansı “rəssam”çəkmişdir?

Bu suallara veriləcək yeganə cavab var:

Qütb quşu Allah tərəfindən yaradılmışdır və sahib olduğu xüsusiyyətlər də ona Rəbbimiz tərəfindən verilmişdir.

Böyük kamuflyaj ustası: Buqələmun

Kamuflyaj ustalarından biri də buqələmundur. Buqələmun çox sürətlə kamuflyaj olunur. Digər sürünələrin də rəngdəyişdirmə qabiliyyəti var, amma onlar buqələmun qədər sürətli deyillər.

Buqələmun istədiyi vaxt olduğu yerin rəngini alır və özünü gizlədir. Özünü təhlükəsizlikdə hiss etdikdə isə dərisinə müxtəlif rənglər verməklə sanki bir sənət nümayiş etdirir.

Bir rəssamın hər hansı bir naxışı tabloya köçürməsi saatlarla vaxt alır. Halbuki buqələmun üzərində olduğu yerin naxışını dərhal təqlid edir.

Buqələmunun bu qeyri-adi qabiliyyəti bədənində meydana gələn və rəngə həssas olan xüsusi hüceyrələrə əsaslanır. Bu kompleks hüceyrələr onlara gələn işığa görə piqmentləri nizamlayırlar, həm də bunu çox sürətlə edirlər. Bu kompleks quruluş heç bir təsadüflə açıqlana bilməz. Keçmişdə bir buqələmunun belə bir sistemə ehtiyac duyduğunu, daha sonra bunu düşünüb hazırladığını və öz bədəninə yerləşdirdiyini də iddia etmək olmaz. Buqələmunun rəngdəyişdirmə qabiliyyəti yaradılışın açıq dəlilidir.

Bu nümunələrlə Allah bizə sonsuz bilik və sənətinin bir nümunəsini göstərir. Bir Quran ayəsində buyurulduğu kimi, Allah qüsursuz şəkildə yaradandır:

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)

Həşərat aləmindəki kamuflyajçılar

Həşəratlar da həm özlərini qorumaq, həm də rahatlıqla ov ovlamaq üçün kamuflyaj olunurlar. Bəzi həşəratlar özlərini yarpağa oxşadırlar. Bu oxşarlıq elə mükəmməldir ki, yarpağın formasından üzərindəki damarlara qədər hər bir incəlik tam şəkildə əks olunur. Bəzilərinin qanadında saralmış yarpağın üzərindəki çürüklərə, ləkələrə bənzəyən naxışlar belə var, bəzisi isə özünü bir hissəsi qopmuş yarpaq şəklinə sala bilir.

İndi bu canlılardakı kamuflyaj dizaynı üzərində bir az düşünək.

Bu həşəratların şüuru və ağılı yoxdur. Həyatda qalmaq üçün yarpağa bənzəməli olduqlarını bilmirlər. Bilsələr belə, bədənlərinin üzərinə yarpaq şəkli çəkə bilməzlər. Yarpaqlardakı çürükləri, ləkələri təqlid edə bilməzlər. Elə isə həşəratın qanadları üzərində şüurlu şəkildə hazırlanan bu rəsimlər kimin əsəridir?

Əlbəttə ki, bu dəyişikliklərin təsadüfən meydana gəlməsi mümkün deyil. Bu kiçik həşəratların qanadlarındakı yarpaq dizaynı canlıların təsadüflərin deyil, bir Yaradıcının əsəri olduğunu göstərməyə kifayət edir.

Nəticə

Təbiəti araşdırdıqca həmişə eyni həqiqətlə qarşılaşırıq. Canlılar təkamül nəzəriyyəsinin “təsadüf” iddiasını tamamilə əsassız edən kompleks quruluşa sahibdirlər. Hər canlı öz üzərində yaradıldığını bizə göstərən dəlillər daşıyır. Kamuflyaj və canlıların ağıllı davranışları bu dəlillərdən yalnız bir neçəsidir.

Bütün bu möhtəşəm yaradılışın sahibi isə göylərin, yerin və onlar arasındakı hər şeyin Rəbbi olan Uca Allahdır.

Ağıl sahibi insanların üzərinə düşən isə Allahın yaratması üzərində düşünmək və Onu tərifləyib ucaltmaqdır. Allah ayələrində belə buyurur:

Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür­ (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 190-191)

/ Heyvanlar aləmi 812