Bitkilər aləmi Bitkilərin rənglərindəki sənət

Bitkilərin rənglərindəki sənət


Ətrafınızdakı çiçəklərin nə üçün müxtəlif rənglərə sahib olduğunu heç düşünmüsünüzmü? Bəs bitkilərin yarpaqları nə üçün yaşıldır?

Meyvələr, tərəvəzlər, çiçəklər və bitkilərin hər birinin rəngi, qoxusu və dadı müxtəlifdir. Hamısının çoxalma üsulu, tərkibindəki nektarın miqdarı və qoxusu fərqlidir.

Məlumdur ki, bitkilər aləmində yaşıl rəng və yaşılın çalarları üstünlük təşkil edir. Yaşıl rəngi əmələ gətirən əsas maddə xlorofildir. Xlorofil bitki hüceyrəsinin sitoplazmasında yerləşən xloroplastlardakı piqmentdir. Günəşdən aldığı işığı asanlıqla udan bu piqmentlər yalnız yaşıl rəngi əks etdirir. Bu xüsusiyyət yarpaqlara yaşıl rəng verməklə yanaşı, fotosintez kimi mühüm prosesin həyata keçməsini də təmin edir.

Yer üzündəki minlərlə çiçək növünün hər biri bənzərsiz rəng və naxışlara sahibdir. Bəs bitkilərin müxtəlif rəngləri necə meydana gəlir?

Hər maddənin əks etdirdiyi rəng həmin maddənin piqment molekullarından asılıdır. Yaşıl bitkilərdəki əsas piqment molekulu xlorofildir. Bundan əlavə, bitkilərdə digər rəngləri əmələ gətirən piqmentlər də var. Xlorofildən başqa, bitkilərdə “karotinoid” adlanan piqmentlər mövcuddur. Bu piqmentlərdən bəzisi sarıdır; qarğıdalıya, limona, günəbaxana rəng verir. Digər karotinoidlər isə daha çox qırmızıya çalır. Bunlar, əsasən, pomidorda, güllərdə, yerkökündə olur. Yaşıl yarpaqlarda da karotinoidlər mövcuddur. Lakin yarpaqlar qırmızı, sarı və ya narıncı yox, yaşıl rəngdədir. Bunun səbəbi isə xlorofilin yaşıl rənginin digər rənglərin görünməsinin qarşısını alacaq qədər güclü olmasıdır.
 
Həmçinin payızda da müəyyən dəyişikliklər baş verir. Günəş işığının azalması ilə bitkilər xlorofil istehsal etməyi dayandırırlar. Buna görə də yaşıl rəng verən piqmentlərin gücü azalır və yarpaqlardakı yaşıl rəng solmağa başlayır.
  
Dünyanın hər yerində eyni növə məxsus çiçəklər eyni naxış və rənglərə sahibdir; bu, heç vaxt dəyişmir. Bitkiyə rəng verən bütün piqmentlərin məlumatı DNT-sində kodlanmışdır. Buna görə də bir bitki növü dünyanın hər yerində eyni xüsusiyyətləri daşıyır. Əlbəttə ki, belə mükəmməl bir nizamın öz-özünə, təsadüfən əmələ gəldiyi iddia edilə bilməz.

Yer üzündəki bütün rəngləri yaradan Allahdır. Mavi səma, dağlar, tarlalar, kəpənəklər, qırmızı almalar, rəngarəng çiçəklər, portağallar, tutuquşular, üzümlər, ağaclar, bir sözlə, ətrafınızda gördüyünüz hər şey Allah istədiyi üçün bu rənglərə sahibdir. Allah bu həqiqəti Quranda bizə belə bildirir:

Məgər Allahın göydən yağmur endirdiyini görmürsənmi? Sonra Biz onunla növbənöv meyvələr yetişdirdik. Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar əmələ gətirdik. İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah qüdrətlidir, bağışlayandır. (Fatir surəsi, 27-28)

/ Bitkilər aləmi 746