Bitkilər aləmi Yarpaqlar və “Qızıl nisbət”

Yarpaqlar və “Qızıl nisbət”


Ətrafımızdakı bitkilərə, ağaclara baxanda budaqlar və yarpaqların təsadüfi, pərakəndə düzüldüyünü düşünə bilərik. Halbuki hər ağacda budaqlarınyeri və yarpaqların budaq üzərindəki düzülüşləri, hətta çiçəklərin simmetrik formaları belə müəyyən sabit qaydalar və möcüzəvi ölçülərlə təyin edilmişdir.

Bitkilər ilk yaradıldıqları gündən bəri bu riyazi qanunlara olduğu kimi tabedirlər. Yəni heç bir yarpaq və ya heç bir çiçək təsadüfən əmələ gəlmir. Ağacın neçə budağı olacağı, budaqların haradan çıxacağı, bir budaq üzərində neçə yarpaq olacağı və bu yarpaqların necə düzüləcəyi əvvəlcədən məlumdur. Həmçinin hər bitkinin özünə xas budaqlanma və yarpaq düzülüşü qaydaları var.

Elm adamları bitkiləri yalnız bu düzülüşlərinə görə təsnifatlandırırlar.Ən maraqlı tərəfi isə budur ki, məsələn, Çindəki bir qovaq ağacı ilə İngiltərədəki qovaq ağacının eyni ölçü və qaydalardan xəbərdar olması və eyni nisbətləri tətbiq etməsidir. Hər bitkini özünəməxsus riyazi qanunauyğunluqlarla ən estetik formada yaradan, bütün estetikanın və qüsursuz hesablanmış dizaynın sahibi, sonsuz elmə malik Allahdır. Quranda da bildirildiyi kimi;

Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furqan surəsi, 2)

Yarpaqlar bitkinin növündən asılı olaraq budaq üzərində spiralvari və dairəvi şəklidə düzülürlər. Bu xüsusi düzülüş sayəsində yarpaqların biri digərinin üzərinə kölgə salmır. Yarpaqların gövdə düzülüşlərindəki nizam bəlli hesablarla təyin edilmişdir  və bu, botanikada "yarpaq divergensiyası" adlanır.

Bu düzülüş olduqca mürəkkəb bir hesaba əsaslanır. Bir yarpaqdan başlayıb gövdənin ətrafında dönərək eyni sırada duran digər yarpağa çatana qədər etməli olduğumuz dövr sayı (N) ilə bu dövrlər arasında qarşılaşdığımız yarpaq sayını (P) müvafiq olaraq N və P ilə göstərsək, P/N nisbəti bitkilərdə "yarpaq divergensiyası" olaraq adlandırılır. Bu nisbətlər çəmən bitkilərində (otlarda) 1/2, bataqlıq bitkilərində 1/3, meyvə ağaclarında (alma) 2/5, banan növlərində 3/8, soğankimilərdə 5/13 –dir.

Eyni növə aid olan hər ağacın bu nisbətdən xəbərdar olması və öz cinsi üçün təyin olunan nisbətə tabe olması böyük möcüzədir. Misal üçün, bir banan ağacı bu nisbəti haradan bilir və bu nisbətə necə tabe olur? Bu hesaba görə, hər banan ağacının ətrafında bir yarpaqdan başlayaraq 8 dəfə dövr etdikdən sonra eyni sıradakı digər yarpağa rast gələcəksiniz və bu dövrlər arasında 3 yarpaqla qarşılaşacaqsınız. Cənubi Afrikadan Latın Amerikasına qədər hara gedirsinizsə gedin, bu nisbət heç vaxt dəyişmir. Təkcə belə yarpaq düzülüş nisbətinin olması bu canlıların təsadüfən meydana gəlmədiklərini, qüsursuz və olduqca kompleks bir nisbət, hesab, plan və dizaynla yaradıldıqlarını göstərən əhəmiyyətli bir dəlildir. Canlıların genetik məlumatına belə bir nisbəti kodlaşdıran, onları bu məlumat və xüsusiyyətlə yaradan üstün elm və ağıl sahibi olan Allahdır.

Ağac bitkiləri içərisində ən çox rast gəlinən formalardan biri də gövdənin bir-birindən tamamilə əks tərəfindən çıxan cüt yarpaq və budaqlardır. Toxum çatladıqdan sonra iki dənə yarpaq açır, bu yarpaqlar 180 dərəcəlik bir bucaqla qarşı-qarşıya düzülürlər. İlk iki yarpaqdan sonra inkişaf edən digər iki yarpaq isə maksimum bölgünü təmin etmək üçün əks tərəfdə, birinci cütə sağdan bucaq əmələ gətirərək inkişaf edir. Belə vəziyyətdə bir budağın ətrafında 90 dərəcəlik bucağa malik dörd ədəd yarpaq düzülmüş olur. Yəni bu budağa baxsaq, yarpaqların kvadrat şəklində 90 dərəcəlik bucaqlarla düzüldüklərini və üstdəki yarpaqların bunun sayəsində altdakı yarpaqları örtmədiyini görərik. Bu görməyə vərdiş etdiyimiz bir formadır. Ancaq insanların çoxu toxumların nə üçün xüsusilə bu şəkildə açdığını düşünmürlər. Halbuki bu, bir planın və dizaynın nəticəsidir. Buradakı məqsəd yarpaqların üst-üstə duraraq bir-birlərinə kölgə salmalarının qarşısını almaq və hamısının günəş işığından faydalanmaqlarını təmin etməkdir.

Daha mürəkkəb forma olan spiral düzülüşə də tez-tez rast gəlinir. Bitkidəki spiralvari düzülüşü müşahidə etmək üçün bir ip istifadə edilə bilər. Bir yarpağın saplağına ip bağlayıb sonra ipi budaqlara qədər uzadın, çatdığınız hər yarpağın gövdəsində bir halqa düzəldin və qövslər mümkün olduğu qədər düzgün olsun. Bu üsulla qarağac və ya cökə ağacında yarpaqların orta hesabla qonşu yarpağın olduğu budağın ətrafında çevrənin yarısı qədər (180 dərəcə) dolandığını görərsiniz, beləliklə, ip hər yarpağa 1/2 fırlanma ilə bağlanacaq. Fıstıq ağacının yarpaqları 120 dərəcəlik bucaqla birləşmişdir, hər yarpağa 1/3 dövrə düşür. Alma ağacı 144 dərəcə ilə 2/5 dövrə, qara şam 5/13. Əgər riyaziyyata marağınız varsa,  bu nisbətlərin necətəsadüfən olmayıb hər bir hissə və vahidin bir-birinə birbaşa bitişik olanların cəmi olduğunu taparsınız. (Aşağıda göründüyü kimi) hər iki ədəd ardcıllığı oxşar və sadə əməliyyatı edir:

1, 1, 2 (1+1), 3 (1+2), 5 (2+3), 8 (3+5), 13 (5+8), 21 (8+13), 34 (13+21), 55 (21+34), 89 (34+55), 144 (55+89), 233 (89+144), 377 (144+233), ...

Belə xüsusi düzülüş bu qaydanı kəşf edən Fibonaççi adlı riyaziyyatçının adı ilə bağlıdır və "Fibonaççi sırası" kimi tanınır. Bu qayda estetik mükəmməllik mənasını verir və rəssamlıq, heykəltəraşlıq, memarlıq kimi sahələrdə əsas ölçü olaraq istifadə edilir. Təbiətdə çox tez-tez rast gəlinən bu nisbət bitkilərdəki həssas əyar və dizaynı başa düşməyin vacib açarıdır.

Fibonaççi sırası təbiətdə tez-tez qarşımıza çıxır. Bu ədədlər istifadə edilərək alınan kəsrlər bizə "Qızıl nisbəti" verir. Yəni Fibonaççi ədədlərini aşağıda göründüyü kimi, bir-birinə ardıcıl düzülmüş kəsrlər şəklində yazdıqda ortaya çıxan nəticələrin hamısı estetik mükəmməllik mənasını verən və çox vaxt "Qızıl nisbət" adı da verilən ədəddir:

1/1, 1/2, 2/3, 3/5, 5/8, 8/13, 13/21, 21/34, 34/55, 55/89...

Bitkilərin quruluşunun müəyyən riyazi düsturlara uyğun olması onların xüsusi dizayn  olunduqlarının ən açıq dəlillərindən biridir. Bitkinin atomlarında, DNT-sində gördüyümüz həssas ölçü və tarazlıqlar bitkinin xarici görünüşündə də ortaya çıxır. Bitkinin günəşdən maksimum faydalanması kimi həyati məqsədlərlə yanaşı, bitkiyə estetik gözəllik qazandıran bu düsturlar müəyyən sayda molekuların bir yerə gəlməsi nəticəsində əmələ gələn rənglərlə birləşəndə görünməmiş mənzərələr meydana çıxır.

Məhz bu “Qızıl nisbət” sənətkarların çox yaxşı bildikləri və tətbiq etdikləri estetika qaydasıdır. Bu nisbətə əsasən hazırlanan sənət əsərləri estetik mükəmməlliyi təmsil edir. Sənətkarların təqlid etdikləri bu qayda ilə hazırlanan bitkilər, çiçəklər və yarpaqlar Allahın üstün sənətinin bir nümunəsidir.

Allah Quranda hər şeyi bir ölçüylə yaratdığını bildirir. Bu ayələrdən bəziləri belədir:

Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik. (Hicr surəsi, 19)

... Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 3)

... Onun yanında hər şeyin müəyyən ölçüsü vardır. (Rad surəsi, 8)

... Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir. (Nisa surəsi, 86)

 

/ Bitkilər aləmi 2116