Quşlar Göyərçinlərdə istiqamət müəyyənləşdirmə sistemi

Göyərçinlərdə istiqamət müəyyənləşdirmə sistemi


Son tədqiqatlar poçt göyərçinlərinin istiqaməti müəyyən etmək üçün Yerin maqnit sahəsindən istifadə etdiyinə dair nəzəriyyəni dəstəkləyir.

Qədim zamanlardan bəri insanlar uzaq məsafələrə məktublar göndərmək üçün poçt göyərçinlərindən istifadə etmişlər. Hələ 1150-ci ildə Bağdadda məktub yollamaq üçün göyərçinlərdən istifadə edilmişdir.

Məşhur Röyters xəbər agentliyinin banisi Pol Röyter (Paul Reuter) xəbərləri və birja qiymətlərini paylamaq üçün 1850-ci ildə Belçikanın Brüksel şəhəri ilə Almaniyanın Aaxen şəhəri arasında 45 göyərçindən istifadə etmişdir.

Poçt göyərçinləri uzaq məsafələri qət edə bilirlər. Ən uzaq məsafəyə uçan göyərçinin rekordu 1689 mildir (təxminən 2719 km.).

Çöl göyərçinlərinin (Columba livia) evlərinin yolunu necə tapmaları bu günə qədər sirr idi. Güclü qoxu hissiyatı ilə maqnit sahəsini qavrama qabiliyyətindən bəhs edən nəzəriyyəyə üstünlük verilmişdi. Alimlər on illər davam edən tədqiqatlardan sonra göyərçinlərin, həqiqətən də maqnit sahəsini qavrama qabiliyyətinə sahib olduğunu müəyyən etdilər.

Chapel Hilldəki Cornell Universitetinin əməkdaşları və Cordula Mora təcrübə üçün göyərçinləri tunelə apardılar. Tunelin üstündə yerləşdirilən maqnit halqanı işə salanda tunelin mərkəzində maqnit sahəsi meydana gəlirdi. Mora dörd göyərçinin maqnit sahə işləyərkən tunelin bir tərəfinə, işləməyərkən isə digər tərəfinə uçduqlarını müşahidə etdi. Sonra göyərçinlərin maqnit sahəsini təsbit etmə qabiliyyətini ölçdü. Bu məqsədlə apardığı 24 təcrübədə göyərçinlərin doğru seçimlərinin nisbəti 55%-lə 65% arasında olduğunu müəyyənləşdirdi.

Əvvəllər də tədqiqatçılar göyərçinlərin dimdiklərinin üzərində maqnit zərrəciklər tapmışdılar. Həmin bölgənin quşun maqnit qabiliyyətinin mənbəyi olub-olmadığını müəyyən etmək üçün Mora hər quşun dimdiyinə maqnit sahəsini təsbit etmə qabiliyyətini zəiflədən kiçik maqnitlər yerləşdirdi. Bunun nəticəsində quşun qabiliyyətində nəzərəçarpacaq dərəcədə zəifləmə baş verdi. Müvəffəqiyyətin nisbəti 50%-dən aşağı düşdü. Ancaq bir müddət sonra quş maqnitin səbəb olduğu zəifləməyə uyğunlaşmış və müvəffəqiyyəti yenidən yüksəlmişdir.

Quşların dimdiklərinə maqnit olmayan (məsələn, düyüdən düzəldilmiş) əşyalar yerləşdirilməsi isə onların maqnit sahəsini müəyyənləşdirmə qabiliyyətinə təsir etmədi. Cərrahiyyə əməliyyatı ilə qoxu sinirlərinin quşların dimdiklərindən kəsilməsi də bu qabiliyyəti zəiflətmədi.

Bu kəşf göyərçinlərin Yer kürəsinin maqnit sahəsinə görə istiqamətlərini müəyyənləşdirmələri haqqında olan nəzəriyyəni möhkəmləndirdi.

Köçəri quşların Günəş, Ay və ulduzlardan faydalandıqları hesab edilirdi. Mora bunlara dünyanın maqnit sahəsini də əlavə edərək, bunun qüsursuz şəkildə istiqamət müəyyənləşdirmə qabiliyyətinə təsir etdiyini belə deyirdi:

"Dünyadakı hər yer maqnetik meyilliliyə və maqnetik sıxlığa malik xüsusi kombinasiyaya malikdir. Bu da göyərçinə harada olduğunu müəyyən etməyə kömək edir".

Digər tədqiqatçılar da bu kəşfin göyərçinlərin duyğu sistemlərini anlamaq üçün böyük addım olduğunu düşünürlər.

Digər tərəfdən, istiqamət müəyyənləşdirmə, üstün texnologiyaya əsaslanan sistemi bir daha sübut edir.

 

Qlobal peyk sistemi

Göyərçinin istiqamət müəyyənləşdirmə sisteminə nəzər yetirdikdə dərhal Qlobal peyk sistemi (GPS - koordinatları təyin etmək üçün qlobal peyk sistemi) yada düşür. Qlobal peyk sistemi hər hansı bir şeyin yerini təyin etmək üçün istifadə edilən peyk naviqasiya sistemidir. Bu sistemdə ən az 24 peykdən istifadə edilir. Amerikanın Müdafiə Nazirliyi tərəfindən hazırlanmış GPS-dən hamı istifadə edə bilər. Bu, ödənişsiz sistemdir. Sistemin üç elementi var: kosmos, nəzarətçi və istifadəçi. Kosmos GPS peykləridir. Nəzarətçi isə Yer kürəsinin müxtəlif bölgələrindəki stansiyalardır. Bu stansiyalar peyklərin yollarına nəzarət edir, peyklərdəki həssas saatları bir-birinin arasında uyğunlaşdırır və peyklərə çatdıran məlumatları yükləyir. İstifadəçi isə GPS qəbuledicisidir. GPS qəbuledicisi bir neçə peykdən gələn siqnal mesajlarını həll edir və mövqeyini hesablayır. Bu hesablama trilaterasiya adlandırılan metodla reallaşır.

Trilaterasiya metodu obyektlərin nisbi mövqelərini hesablama üsuludur. Bu hesablama ən az üç istinad nöqtəsinin yerinin müəyyən edilməsini tələb edir.

Diqqət çəkən bənzərliklər

Qlobal peyk sistemi ilə göyərçinlərin istiqamət müəyyənləşdirmə sistemləri arasında funksiya baxımından bənzərliklər mövcuddur. Hər ikisində də Yer kürəsindəki bir mövqeyə dair məlumat ötürən mühit mövcuddur. GPS-də peyklərdən gələn məlumatlar atmosferə çatdırılır. Göyərçinlərdəki sistemdə də Yer kürəsinin maqnit sahəsindən istifadə edilir. Hər ikisində də ətrafdan gələn məlumatları (siqnalları) qəbul edən sistem mövcuddur, yəni peyklərdə panellər, göyərçinlərdə dimdikdə olan maqnit hüceyrələri... Hər ikisində də bu məlumatları açıqlayan sistem mövcuddur. GPS-də kompüterlər və digər rəqəmsal cihazlar həndəsi hesablamalarla reallaşarkən (yuxarıda bildirilən trilaterasiya metodundakı kimi), göyərçinlərdə bu funksiya duyğu vasitəsilə həyata keçirilir.

Hazırda bir çox hava yolu şirkəti təyyarələrə GPS yerləşdirir, bunu uçuş sistemlərinə inteqrasiya edirlər. Elektron uçuş sistemlərinin bir təyyarənin burnunda yerləşdirildiyi kimi, göyərçinin maqnit hüceyrələrinin də dimdikdə yerləşməsi əsas bənzərlikdir.

GPS sisteminin və bütün peyk və Yer kürəsinin idarə sistemlərinin xüsusi şəkildə hazırlandığına şübhə yoxdur. Peyk və Yer kürəsinin idarə sistemlərindəki çoxsaylı elektronik cihaz bu məqsədlə bir-biri ilə uyğun şəkildə işləyir.

Göyərçinlərdəki istiqamət müəyyənləşdirmə sistemi də bu dizaynın müəyyən xüsusiyyətlərini özündə daşıyır. Göyərçinlərin maqnit hüceyrələri, bu hüceyrələrin qəbul etdiyi məlumatları çatdıran sinirlər və bunları şərh edən beyin mükəmməl uyğunluqla işləyir. Göyərçin bunun sayəsində minlərlə kilometr uzaqlıqdakı evinin yerini təyin edə bilir. Bu, sözün əsl mənasında mükəmməl qabiliyyətdir.

 

Mənbələr:

Kathleen Wong, “A Magnetic Attraction to Home”, http://sciencenow.sciencemag.org/cgi/content/full/2004/1124/3

James Owen, “Magnetic Beaks Help Birds Navigate, Study Says” http://news.nationalgeographic.com/news/2004/11/1124_041124_magnetic_birds.html

/ Quşlar 880