İnsan bədəni Yuxuda ikən bədənimizdə hansı proseslər baş verir?

Yuxuda ikən bədənimizdə hansı proseslər baş verir?


Hər insan ömrünün 1/3-ni yuxuda keçirir. Hər gün baş verən, əslində, böyük möcüzə olan yuxu bütün bədən sistemlərinin passivləşdiyi dincəlmə prosesi deyil. Çünki yuxuda bədəndə aktiv yenilənmə prosesi başlayır. İndi  yuxuda insan bədənində necə yenilənmə prosesi olduğuna nəzər salaq.

Yuxu insan həyatının labüd ehtiyaclarından biridir. Bədənimizin suya, oksigenə və qidaya ehtiyacı olduğu qədər yuxuya da ehtiyacı var. Yuxu passiv dincəlmə prosesi deyil. Yuxu əsnasında gün ərzində beyini məşğul edən fəaliyyətlər, gərginliklər və hafizəyə ötürülən məlumatlar sanki kompyuterin yaddaşının təmizlənməsi kimi təmizlənir. Yuxuda hormon səviyyəsi tarazlaşdırılır, həzm sistemi işləyir, immun sistemi işə düşür, dəri yenidən formalaşır. Hüceyrə bölünməsi yuxuda güclü şəkildə davam edir.

           Yuxuda nələr yenilənir?

Dərimizin qırışsız qalması hər gün 10 qram ölü dəri hüceyrəsinin bədəndən atılması ilə təmin olunur. Bunun üçün hər axşam dərimizin ən üst təbəqəsindəki hüceyrələr bölünməyə başlayır. Yuxu zamanı isə böyümə hormonunun artması ilə bu reaksiya sürətlənir. Gecənin səssizliyi bunun üçün ən ideal mühitdir. Çünki gecə nə günəş, nə külək, nə də hərəkət hüceyrə bölünməsinə mane olur. Bu yenilənmə saatlarında dərinin başda oksigen olmaqla, bir sıra qida maddəsinə ehtiyacı var. Hər nəfəs aldıqda dəri ehtiyacı olan oksigeni tədarük edir. Bu səbəbdən, mütəxəssislər axşamlar yatmazdan əvvəl yataq otağının havasının dəyişilməsini tövsiyə edirlər. Yatarkən, xüsusilə də yuxu gördüyümüz saatlarda bədən temperaturunun 2 dərəcə artması ilə orqanizm bol miqdarda maye ifraz edir. Buna görə, səhər oyandıqda saçlarımız nəm, forması pozulmuş olur. Yağ vəziləri gecələr yeniləndiyi üçün yuxu zamanı yağ ifrazı az olur. Bu səbəbdən, dərisi quru olanlar səhər dəriləri qurumuş oyanırlar. Yuxu mütəxəssisləri qanımızdakı böyümə hormonu miqdarının yuxuya gedən kimi ani surətdə artdığını müəyyən ediblər. Bu səbəbdən, normal yuxudan sonra bədənimiz yenilənmiş şəkildə oyanırıq.

           Nə vaxt, nə qədər yatmalıyıq?

Gündəlik yuxu müddəti insandan və yaşdan asılı olaraq dəyişir. Əsasən, yaş artdıqca yuxu müddəti azalır. Ancaq gündəlik təqribən 6-8 saatlıq yuxu böyüklər üçün kifayətdir. Tez-tez dərin yuxuya gedə bilməyən insanlar tez xəstələnirlər. Belə hallarda bədənin ritmi nəzarətdən çıxır. Bu isə dəriyə təsir edir: dəri quruyur, qabıqlanır, çatlayır, hüceyrələr müntəzəm bölünmədiyi üçün dəri getdikcə nazilir. Quru dəri daha da quruyur, qırışlı dəri isə daha da xarab olur.

Mütəxəssislər ən ideal yuxu vaxtının gecə olduğunu bildirirlər. Yuxu pozuntusu olanlara gündüz yatmağı tövsiyə etmir, gecə yuxusunun əhəmiyyəti üzərində dayanırlar. Hüceyrə yenilənməsi və hormonal reaksiyalar ancaq gecələr baş verdiyi üçün günorta yuxusunun o qədər də əhəmiyyəti yoxdur. Çünki beynimizin ifraz etdiyi melatonin hormonu hava qaraldıqdan sonra ifraz olunur. Dərinin yenilənmə prosesini də bu hormon başladır. Rəbbimiz uca Allah Quranda buna belə diqqət çəkir:

Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də iş vaxtı edən Odur. (Furqan surəsi, 47)

/ İnsan bədəni 577