Ana südü


Ana südü körpənin qida ehtiyacını əksiksiz olaraq təmin etmək və infeksiyalardan qorumaq üçün Allahın yaratdığı bənzərsiz maddədir. Ana südündəki qida maddələri ən ideal miqdarda və körpənin bədən sistemi üçün ən uyğun formadadır. Tərkibindəki qida dəyərləri körpə üçün ideal miqdarda olduğu üçün “möcüzəvi maddə” adlandırılan ana südü körpənin beyin hüceyrələrinin inkişafını təmin edir. Ana südü sinir sisteminin inkişafını sürətləndirən qidalar baxımından da çox zəngindir. Ən son texnologiyalarla hazırlanan uşaq yeməkləri belə bu möcuzəvi qidanın əvəzini verə bilməz.

Südün tərkibi körpənin böyüməsi ilə birlikdə dəyişir

Ana südü körpənin keçirdiyi mərhələlərdən asılı olaraq dəyişir və hansı dövrdə hansı qidalara ehtiyacı varsa, südün tərkibi də bu mərhələyə uyğun olur. Körpənin ilk doğulduğu günlərdə ilkin ana südü (ağuz südü) zülal, leykosit və anticisim baxımından çox zəngindir. Bu süd körpənin immunitetini gücləndirir və onun həzm sisteminin inkişafına kömək edir.

İlk 3-4 gündən sonra süd daha duru, sulu və şirin məhlula çevrilir. Bu, körpənin susuzluğunu yatırır, şəkər, zülal və minerallar da onun ehtiyacını qarşılayır. Bu süd yağ baxımından zəif və karbohidrat baxımından zəngindir. Hər an körpə üçün lazımi temperaturda olan ana südü tərkibindəki yağ və şəkərlə beynin inkişafında da xüsusi rol oynayır.

Zaman keçdikcə süd daha qatı və krem kimi olur. Bu, körpənin aclığını aradan qaldırmaq üçündür, İgA səviyyəsi də 10-cu gündən ən az 7,5 aya qədər yüksək olur. Südün tərkibindəki antitellər də fərdi, yəni hər körpənin ehtiyacına görə fərqlənir. Çünki Allah bunun üçün xüsusi sistem yaradıb. Ana körpəyə toxunub qucaqladıqca ananın bədəni körpədəki patogenlərlə əlaqə qurur, bundan sonra ananın bədəni uyğun antitelləri və immun sistemi hüceyrələrini istehsal edir.

Erkən doğum edən anaların südündə körpənin ehtiyacına görə daha çox yağ, zülal, natrium, xlor və dəmir olur. Bu, çox möcüzəvi haldır. Öz analarının südü ilə qidalanan erkən doğulmuş (premature) körpələrdə göz funksiyalarının daha yaxşı inkişafı və zəka testlərində daha yaxşı olması kimi bir çox üstünlük aşkarlanıb.

Bu möcüzəvi maddə “süd” adlandırılsa da, əslində, ana südünün 90%-i sudan ibarətdir. Bu da çox əhəmiyyətli xüsusiyyətdir. Çünki körpələrin qida ilə yanaşı, maye kimi suya da ehtiyacları var. Ana südündən başqa su və ya digər hazır qidalar gigiyenik baxımdan təmiz olmaya bilər. Ancaq 90%-i su olan ana südü ilə körpənin su ehtiyacı ən gigiyenik şəkildə qarşılanır.

Ana qorunmağa və bəslənməyə ehtiyacı olan körpəsi üçün süd hazırlamaq qərarını özbaşına vermir. Deməli, südün tərkibində dəyişən qida dəyərlərini də ana təyin etmir. Çünki ananın körpəsi üçün lazımi qidaları anbaan bilməsi mümkün deyil. Ana öz bədənində yaranan südün tərkibinə də heç bir şəkildə nəzarət edə bilməz. Xüsusiyyətləri tam aşkarlanmasa da, ana südü körpənin keçirdiyi mərhələlərə görə dəyişir və körpənin hansı inkişaf mərhələsində hansı qidaya ehtiyacı varsa, südün tərkibi də bu dövrə uyğun olur. Hər canlının ehtiyacını bilən və ona ruzi verən uca Allah ana südünü körpə üçün xüsusi yaradır.

Ana südünün qida dəyəri körpənin cinsiyyətinə uyğun dəyişir

Körpənin cinsiyyətindən asılı olaraq böyümə ehtiyaclarını qarşılamaq üçün ana südünün tərkibi fərqli olur. Aparılan tədqiqatlar ana südündəki yağ, zülal, vitamin, şəkər, minerallar və hormon səviyyəsinin oğlan və qız uşaqları üçün müxtəlif olduğunu göstərib. Ana südü körpənin təkcə böyüməsi üçün deyil, həmçinin davranışlarına da birbaşa təsir edir. Aparılan tədqiqatlar oğlan uşaqları üçün südün yağ və zülal cəhətdən 35% daha çox olduğunu göstərir. Qız uşaqları əmizdirən anaların südü daha az yağlı olmasına baxmayaraq, kalsium baxımından çox zəngindir. Bu vəziyyət qızların skelet sisteminin daha sürətli inkişafına səbəb olur.

Allah körpələrin xəstəliklərinə görə xüsusi müalicələr və dərman tərkibli xüsusi qidalar yaradır

Körpələrin qidası ananın bədənində istehsal edilir. Ana bədəni sadəcə körpə ilə maraqlanaraq ehtiyaclarını müəyyən edir. Bu təsadüflə açıqlanmayacaq qədər qüsursuzdur. Məsələn, ana südündə çox az miqdarda dəmir var, çünki dəmir bakteriyalar və boğaz florasının yaranmasına səbəb olur. Əgər süddə çox miqdarda dəmir olsa idi, bu, infeksiyaya səbəb olardı.

Ana südü üzərində aparılan tədqiqatlar göstərir ki, onunla qidalanan körpənin bağırsaqlarında faydalı bakteriyaların sayı çox olur. Körpənin bağırsaq florasının inkişafında ən əhəmiyyətli rolu ana südü oynayır. Çünki güclü immun sistemi üçün bağırsaqlarda sağlam mikrobiyal sistem olmalıdır. Körpələrin isə doğulanda bağırsaqlarında bakteriya olmur, buna görə də ilk üç il ərzində qidaları buna müsbət təsir edir. Ana südü isə körpənin bağırsaq florasındakı faydalı süd turşusu bakteriyalarının böyüməsini sürətləndirir, bu da körpənin immun sisteminin inkişafında çox faydalıdır. Belə doğulan körpələrin ehtiyacını uca Allah ana südü vasitəsilə təmin edir. Allah ananın bədənində köpənin ehtiyacı olan hər şeyi ən mükəmməl şəkildə onun üçün yaradır.

Tədqiqatlar nəticəsində haqqında yüzlərlə məqalə yayımlanan ana südünün körpəni xərçəng xəstəliyindən qoruduğu isbat edilib, lakin bunun mexanizmi hələ də tam bilinmir. Tədqiqatçılar laborotoriyada yetişdirilən xərçəng hüceyrələrinin ana südü tərəfindən öldürdüyünü isbat etməklə geniş geniş imkanlar yarandığını bildiriblər.

İsveçdə Lund Universitetində həkim və immunoloq kimi çalışan Katarina Svanborq (Catharina Svanborg) ana südündəki bu möcüzəvi sirləri kəşf edən komandada idi. Lund Universitetindəki bu komanda normal ana südünün xərçəngin hər çeşidi üçün bir mühafizəçi təyin etməsini möcüzəvi kəşf kimi dəyərləndirib.

Ana südünün tərkibindəki Omega-3 yağ turşuları yeni doğulan körpələrin inkişafında mühüm rol oynayır. Omega-3 yağ turşuları insan beyni və retinasının əhəmiyyətli komponenti olduğundan, xüsusilə yeni doğulan körpələr baxımından çox qiymətlidir. Omega-3 hamiləlik dövrü boyunca və körpəlik dövrünün əvvəllərində beyin və sinirlərin inkişafına təsir edir. Ana südü də təbii və mükəmməl Omega-3 anbarı olduğundan alimlər ana südünün bu xüsusiyyətinə diqqət çəkirlər.

Ana südü körpənin psixoloji ehtiyaclarını qarşılayır

Körpə ana südü ilə qidalananda fizioloji ehtiyacları qarşılandığı kimi, psixoloji ehtiyacları da qarşılanır. Körpə ana bətnində ikən ananın ürək səslərini eşidərək inkişaf edir. Əmmə əsnasında anasının sinəsinə söykənəndə eyni ürək səslərini eşidir. Bu vəziyyət körpəyə özünü daha xoşbəxt və dinc hiss etdirir. Doğulduğu andan etibarən özünü daha rahat hiss edən körpə psixoloji yöndən də sağlam yetişir. Şübhəsiz ki, Allah körpə və ana arasında çox xüsusi əlaqə yaradır. Ayədə belə buyurulur:

“Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir..” (Loğman surəsi, 14)

Körpənin ana südü ilə 2 il ərzində qidalanması çox faydalıdır. Elmin yeni kəşf etdiyi bu əhəmiyyətli məlumatı Allah bizlərə Quranda “Analar öz övladlarını tam iki il əmizdirməlidirlər …” (Bəqərə surəsi, 233) ayəsi ilə 14 əsr əvvəl bildirib.

/ İnsan bədəni 1497