Həşəratlar Ağcaqanad xortumu

Ağcaqanad xortumu


Ağcaqanad 1 santimetrlik canlıdır. Uca Allahın yaratdığı mükəmməl xüsusiyyətlərə sahib olan bu canlının maraqlı xüsusiyyətlərindən biri də xortumudur. 0,1 mm diametrindəki bu xortum içində çox üstün mexanizm və möhtəşəm xüsusiyyətlər var.

Ağcaqanadın xortumunun mükəmməl xüsusiyyətləri nələrdir?
Ağcaqanad qanı əmmək üçün hansı əməliyyatları yerinə yetirir?
Qanın laxtalanmasının qarşısını necə alır?

Ağcaqanadlar düşünüldüyü kimi, qanla deyil, bitki nektarlarını yeyərək qidalanırlar. Erkək ağcaqanadlar isə həyatları boyunca heç vaxt qan əmmirlər. Yalnız dişi ağcaqanadlar yumurtlama dövründə yumurtaların zülal ehtiyacını qarşılamaq üçün qan əmirlər.

Ağcaqanadın başının üst tərəfindən iki antena çıxır. Bu antenalar duyğu hüceyrələri ilə zəngin çox həssas reseptorlardır (qəbuledicilərdir). Dişi ağcaqanadların antenaları arasında qanı əmmək üçün istifadə etdiyi “əmmə borusu” və ya digər adı ilə desək, “xortum” mövcuddur. Bu xortumun quruluşu araşdırıldıqda Uca Allahın qüsursuz sənəti bir daha ortaya çıxır.

Ağcaqanadın xortumundakı incə detallar

Ağcaqanadın xortumu olduqca mürəkkəb quruluşa malikdir. Xortumu çox xüsusi kəsmə və vakum mexanizmi hesab etmək olar.

Ağcaqanadın iynəsi adi boru kimi görünsə də, əslində, “labium” adlanan, içində mürəkkəb alətlərin olduğu örtüklə örtülüdür. Ağcaqanad ovunu dişlədikdə bu örtük geriyə doğru dartılır və kəsici mexanizm işə düşür.

Bu mexanizm 6 hissədən ibarətdir. Bunlardan dördü kəsici bıçaqlardır və olduqca itidir.

Bu hissələrdən dördü bıçaq funksiyasını yerinə yetirərək dərini kəsən incə liflərdir. Bu bıçaqlar dərini kəsərkən eyni zamanda toxumaya yapışmasını da təmin edir. Beləliklə, ağcaqanad bu vasitələrdən güc alaraq digər hissələrini ovunun dərisinə doğru yaxşıca itələyir.

Digər iki hissə birləşərək içi boş olan xortum meydana gətirir.

Ağcaqanad bu xortumu kəsdiyi toxumanın içinə salır, iynəsini canlının bədəninə nüfuz etdirdikdən sonra ehtiyatla daxildəki qan damarlarını axtarır. Maraqlıdır ki, ağcaqanadın iynəsini toxumanın içində çox rahat hərəkət edir. Ağcaqanad damara çatmaq üçün iynəsini istədiyi bucaqda əyir və hüceyrələr arasında sanki qazma əməliyyatı yerinə yetirir.

İynə iki paralel borudan ibarətdir

Mikroskop altında araşdırdıqda görünür ki, bu paralel borulardan biri ağcaqanadın tüpürcək ifrazatını aşağıya doğru göndərərkən digər boru qanı ağcaqanada doğru çəkməyə başlayır.

Ağcaqanad iynəsinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri müəyyən dərinlikdə əyilə bilməsidir. Bu möhtəşəm xüsusiyyəti sayəsində iynə dərinin altında asanlıqla hərəkət edir. Beləliklə, ağcaqanad iynəsini damarların çox olduğu yerə çatdırır. Damara çatdıqdan sonra iynəni batırıb qanı əmməyə başlayır. Ağcaqanadın əmmə gücü çox yüksəkdir, bu səbəbdən qan sürətli axınla ağcaqanadın ağzına doğru irəliləyir. Bəzən yüksək vakuumun təsirindən damarların içə doğru çökdüyü görülür. Ağcaqanad damardakı qanı təxminən 4 dəqiqə müddətində əmir.

1 sm boyundakı ağcaqanadın belə üstün sistemlərlə təchiz olması onu göstərir ki, bu ehtiyacları doğuşdan qarşılanır. Bu qüsursuz sistemi və ağcaqanadı yoxdan yaradan Allahdır. Allah yer üzündəki hər canlıya ruzisini verdiyi kimi, bu ruziləri əldə etmələri üçün qabiliyyət və ehtiyac duyduğu sistemləri də verib. Bir ayədə bu həqiqət belə xəbər verilir:

“Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)”. (Hud surəsi, 6)

 

Ağcaqanad lokal anesteziya edir

Ağcaqanad insanı dişlədiyi anda bədəndəki müdafiə sistemi hərəkətə keçir və o sahədəki qanı dayandırmaq üçün lazımi ferment ifraz olunmağa başlayır. Bu ferment eyni zamanda qanı laxtalandırır. Qanda laxtalanma başladıqda isə ağcaqanad qanı əmə bilməyəcək. Ağcaqanad bu mövzuda da tədbirini alıb.

Kiçik canlı olmasına baxmayaraq, ağcaqanad elə hərəkət edir ki, insan bədənindəki sistemləri sanki bilir. Bıçaqlardan biri ilə yaranın içinə maye yeridir, bu maye toxumaları uyuşdurur və qanın laxtalanmasının qarşısını alır. Ağcaqanadın dişlədiyi yerin qaşınması və şişməsinin səbəbi də bu mayedir. Bütün bu proseslər saniyələr ərzində baş verir, ona görə də insan ağcaqanadın onu sancdığını belə hiss etmir. Bəs qanın laxtalanma xüsusiyyəti olduğunu ağcaqanad haradan bilir? Əməliyyatdan əvvəl lokal anesteziya etmək tibb elminin köməyi ilə insanın tətbiq etdiyi üsuldur. Bəs ağcaqanad bu elmə necə sahib olub? Bu mayelərin laboratoriya şəraitində belə sintezlənməsi çox çətin ikən ağcaqanad bu mayeyə doğuşdan necə sahib olur?

Şübhəsiz ki, ağcaqanadın insan bədənindəki qanın kimyəvi tərkibi haqqında məlumata sahib olması və sonra da bu məlumata uyğun bədənində mexanizm hazırlaması qeyri-mümkündür. Aydındır ki, ağcaqanadın ifraz etdiyi maye və bu mayeni canlıların damarlarına yeridən sistem həm insanın, həm də ağcaqanadın anatomiyasını ən incə təfərrüatına qədər bilən və bunlara hakim olan Yaradıcının əsəridir.

Quranda Rəbbimizin “aləmlərin Rəbbi” olduğu bildirilir. “Aləm” cəm sözdür və “fərqli dünyalar, ölçülər, nizam və sistemlər” kimi mənalar kəsb edir. “Rəbb” sözü isə “öyrədən, yetişdirən, tənzimləyən, hökm verən, sahib olan” kimi mənaları daşıyır. Ağcaqanadın insan bədənində həyata keçirdiyi inanılmaz “əməliyyat” da başqa bir aləmdir. Bizim təfsilatlarını bilmədiyimiz, elm yolu ilə yeni-yeni kəşf etdiyimiz bu aləmdəki üstün “dizayn”ın sahibi, yəni bu aləmin “Rəbbi” Allahdır. Bu kiçik canlıya belə asanlıqla məğlub olan insanın üzərinə düşən vəzifə isə Allahın fərqli aləmlərdə yaratdığı dəlilləri görməyə çalışmaq, Rəbbimizin qüdrətini layiqincə təqdir etməkdir. Allah bir ayədə belə buyurur:

“Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən (gələn) haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə (demək) istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır”. (Bəqərə surəsi, 26)

Ağcaqanad bataqlığın içində və ya su gölməçəsində bir çox möcüzəvi mərhələdən keçərək dünyaya gələn həşəratdır. Texnologiya hansı səviyyəyə çatsa da, bir milçəyi belə yoxdan yarada bilməz. Çünki yaratmaq yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur. Yaradılan hər varlıq da Onun varlığının dəlilidir. Allah ayələrdə insanları bu mövzu üzərində düşünməyə belə çağırır:

“Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək )istəyən də aciz qalar, istənilən də! Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!” (Həcc surəsi, 73-74)

Elm adamları ağcaqanaddakı möhtəşəm yaradılış möcüzələrini dəfələrlə araşdırıblar. Ağcaqanadları araşdıran entomoloq dr. Ceyms Loqan (James Logan) bu canlıların möcüzəvi xüsusiyyətlərini belə izah edir: “Görüntüləri izləyincə səmimi olaraq çox təəccübləndim. Bunları baş verən vaxtda izləmək möhtəşəm idi. Düşünülə bilər ki, iynəsi sərtdir və normal iynə kimi dəriyə batmalıdır. Amma bu quruluş olduqca elastikdir və tamamilə idarə edilə bilir. Ağcaqanadın bədənindəki bu möcüzələr məni hər zaman heyrətləndirir!”

/ Həşəratlar 1424