Quşlar Quşların ağıllı və maraqlı uçuş üsulları

Quşların ağıllı və maraqlı uçuş üsulları


Quşlar daha az enerji ilə uçmaq üçün hansı üsuldan istifadə edirlər?

Sığırçın quşları niyə bir yerə toplanaraq uçurlar?

Qütb susüpürən quşları niyə “S” formasında köç edirlər?

 

Allah yaratdığı hər canlıya müxtəlif xüsusiyyətlər verib. Bütün canlıların bir-birindən fərqli xüsusiyyətləri var. Onların ortaq xüsusiyyəti isə Allahın ilhamı ilə hərəkət etmələri və davranışları ilə Allahı təsbih etmələridir. Quşların göstərdiyi ağıllı davranışlar Allahın üstün yaratma sənətinin nümunələrindən biridir. Bu nümunələrdən bəziləri belədir:

 

Sığırçın quşlarının möhtəşəm rəqsi

Sığırçın quşları payız və qış aylarında səmanı sanki qara rəngə boyayırlar. Eyni anda minlərlə quşun toqquşmadan, ahənglə rəqs etmələri möhtəşəm şənliyə çevrilir. Bu canlıların bir yerə toplanaraq güclərini birləşdirmələrinin müxtəlif səbəbləri var. Bu səbəblərdən biri öz təhlükəsizliklərini təmin etməkdir. Minlərlə quş bir yerdə hərəkət etdiyi üçün şahinlər onları ovlaya bilmirlər. İkinci səbəb isə gecələri isinməkdir. Gün batdığı zaman hava qaralmadan əvvəl isinmək üçün səmada möhtəşəm rəqs nümayiş etdirirlər. Sığırçınlar oktyabr-noyabr aylarında toplanmağa başlayırlar və bir neçə həftə sonra təxminən 100 min quşu bir yerdə görmək mümkün olur. Sayları çox olan quşlar, şübhəsiz ki, Uca Allahın ilhamı ilə xəbərləşərək bir yerə toplanırlar. Ayədə belə buyurulur:

“…Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir”. (Bəqərə surəsi, 116)

www.darwinvekuslar.com

Qütb susüpürən quşlarının “S” formasında uçuşlarının məqsədi

Şimal qütbündə yaşayan qütb susüpürən quşları hər il təxminən 70.000 kilometrlik məsafə qət edirlər. Bu quşlar şimal qütbündəki Qrenlandiya adasından yola çıxaraq cənub qütbündə Antarktika sahillərində yerləşən Ueddell dənizinə qədər uzun məsafə qət edirlər. Böyük sahil quşları 5.000 km-lik məsəfə üçün kifayət qədər ehtiyat yağ daşıya bilirlər və bu səbəbdən məsafəni düz yolla qət edirlər. Ancaq qütb susüpürən quşları kiçik olduqlarından böyük quşlar qədər yağ yığa bilmirlər. Bu səbəbdən fərqli uçuş yolu seçərək enerji sərfinə qənaət edirlər. Bu quşlar şimaldakı evlərinə qayıdarkən “S” formasında uçurlar. Ancaq bu formada uçmaqla yollarını minlərlə kilometr uzadaraq, səfərlərini ikiqat artırırlar.

Lakin quşların bu formada uçmalarının hikmətli izahı var. Quşlar Atlantik okeanı üzərindəki daimi küləklərdən faydalanaraq enerji istehlakını minimuma endirir və düz yolla getdiklərindən daha az enerji sərf edərək qüvvələrindən səmərəli istifadə edirlər. Bu quşların hesablama maşını və ya uçduqları məsafəni ölçən alətləri yoxdur. Daimi küləklərin istiqamətini təqib edərək, küləyin itələmə gücü ilə daha az enerji sərf edəcəklərinə dair məlumata da sahib deyillər. Lakin yenə də uzun məsafəni qüsursuz şəkildə, üstün ağıl və metodlardan istifadə edərək qət edirlər. Əlbəttə, bu bacarıq üstün ağıl sahibi olan Uca Allaha aiddir. Quranda bildirildiyi kimi, qütb susüpürən quşları Rəbbimizin ilhamı və yaratmasındakı ehtişamla hərəkət edərək heyrətamiz köçlərini uğurla həyata keçirirlər:

“Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır”. (Fatir surəsi, 41)

 

Uçuş zamanı az enerji sərf etmək taktikaları

 

Qanad çırpmaq çox enerji tələb edir. Bu səbəbdən quşların enerjisi onlar üçün çox dəyərlidir. Buna görə də enerjilərindən ən səmərəli şəkildə istifadə edirlər. Məsələn, ağacdələn uçarkən nizamlı şəkildə qanad çırpmasını dayandırır və qanadlarını bədəninə sıxır. Beləcə, qısa müddət ərzində qanadların havaya qarşı yaratdığı müqavimətin qarşısını alır və havada irəliləməyə davam edir.

Albatroslar açıq dənizlərdə yaşayırlar. Qanadlarını küləyə qarşı tamamilə açıb havada dayanması albatrosun uçmasına kifayət edir. O, qanadlarını mümkün qədər geniş açmaqla bunu həyata keçirir və bu zaman quşun qanadlarının eni “3,5 metrə” çatır ki, bu da quşlar arasında ən geniş qanad uzunluğudur. Albatrosların qanad sümüklərində bir növ kilid sistemi mövcuddur. Bu sistem ona qanadlarını açıq vəziyyətdə tutmağa yardım edir. Beləliklə, günlərlə, həftələrlə, hətta aylarla enerjilərindən minimum dərəcədə istifadə edərək dayanmadan uça bilirlər. Albatros yüksələn külək və dalğalardan istifadə edərək onların istiqamətində irəliləyir və küləyin içindən ziq-zaq formasında hərəkət edərək bir dalğanın təpəsindən digərinə keçir. Albatros bir qanad belə çırpmadan saatlarla suyun üstündə uça bilir.

 

Qartalların rahat uçuşunu və enişini təmin edən bədən quruluşları

Qartallar yerdən qanad açıb uçacaq qədər yüngül, ovlarını tutduqlarında rahatlıqla daşıyacaq qədər güclü olmalıdırlar. Keçəl qartalın 7000-dən çox tükü var, lakin onların ümumi ağırlığı təxminən 500 qramdır. Bədənlərinin daha yüngül olması üçün sümüklərinin içi boşdur. Bu sümüklərin bir çox yerində ancaq hava var. Keçəl qartalın bütün skeletinin ağırlığı 272 qramdan bir az çoxdur.

Qartal uçmaq üçün özünə lazım olan gücün çoxunu qanadlarını çırparkən aşağıya doğru hərəkət etdirdiyi zaman alır. Buna görə qartalın qanadlarını aşağıya doğru itələyən əzələlərin sayı yuxarı doğru itələyən əzələlərin sayından daha çoxdur. Uçuş əzələləri qartal üçün çox əhəmiyyətlidir. Ümumiyyətlə, quşun bədən ağırlığının yarısını bu əzələlər təşkil edir. Bundan əlavə, qartallar qanadlarının mövqeyini dəyişdirərək daha sürətli və ya daha yavaş uça bilirlər. Sürətli uçmaq istədikdə qanadlarının ön kənarlarını küləyin içinə doğru çevirir və beləliklə “havanı kəsirlər”. Sürətlərini azaltmaq istədikdə isə qanadlarının geniş hissəsini küləyə doğru çevirirlər.

Qartal enərkən quyruğunu havalandırır və bədəninə görə müəyyən bucaqla aşağı çəkərək sürətini azaldır. Qanadlarının uclarını endirərək onlardan əyləc kimi istifadə edir. Sürətini itirərkən qanadların üstündə yaranan hava axını onun düşmək təhlükəsini artırır. Qartallar bunun qarşısını “alulas”larını qaldıraraq alırlar. Alulaslar uçan quşların qanadlarının ucunda yerləşən üç-dörd ədəd tük yığınıdır. Bunlar qanadın səthində havanın xətt kimi axmasına kömək olur və quş, demək olar ki, bütün sürətini itirir. Nəhəng pəncələrini irəliyə doğru uzadır, budaqdan yapışır və durur.

Bəzi qartal növləri isə havadan yerə doğru inanılmaz sürətlə enirlər. Bu enişi saatda təxminən 322 km. sürətlə həyata keçirirlər. Böyük qartallar ovlarına çox sürətlə çırpılırlar. Keçəl qartalın ovuna çırpılması yivli tüfəng mərmisindən ikiqat güclüdür.

 

www.kuslarinveucusunkokeni.imanisiteler.com

Yaşadıqları şəraitə uyğun olan möhtəşəm qanadlar

Bir-birindən fərqli qanad formalarına sahib olan quşların hər biri fərqli şəkildə uçurlar.

And dağlarında yaşayan təpəli kərkəsin uzun və geniş qanadlarında yerləşən tüklərin ucunda açılıb bağlanan yarıqlar var. Kərkəs bu qanadları ilə isinib yüksələn hava axınlarının üzərinə qalxır və saatlarla bir dəfə də qanad çırpmadan süzür. Qarakənarlı albatrosun çox uzun və incə qanadları dənizlərdə əsən güclü və daimi küləklərin üzərində yüksək sürətlə uçmaq üçün uyğundur. Qızıl kərkədan quşunun qısa və geniş qanadlarının aralarında yarıqlar var. Bu yarıqlar onun tez uçması, qaçması, budaqların arasından keçməsi və yerə enməsinə şərait yaradır.

Albatros, dəniz qaranquşu və qılınc qaranquşları həyatlarının böyük əksəriyyətini uçduqları üçün uzun və nazik qanadlara sahibdirlər. Bu qanadlarla okean üzərində asanlıqla süzürlər. Şahin, qartal və kərkəslər isə geniş, kənara meyilli tüklü qanadlara sahibdirlər. Onlar da bu qanadları ilə isti yerlərdə rahatlıqla süzürlər.

Kolibrilər qanadlarını səkkiz formasında hərəkət etdirirlər. Onlar havada sanki səkkiz rəqəmini çəkərək qanadlarını saniyədə 60 dəfə çırpırlar. Qanadlarının belə sürətli hərəkəti onların havada rahat uçmalarını təmin edir. Kolibrilər uça-uça tərs istiqamətə sürətlə dönürlər. Hətta arxaya doğru da uçurlar. Digər quşlar bunu bacarmır. Digər quşlardan fərqli xüsusiyyətləri olan kolibrinin uçarkən ürəyi dəqiqədə 1200 dəfə döyünür (Çox sürətlə qaçan insanın ürəyi dəqiqədə ən çox 200 dəfə döyünür). Kolibrinin ürəyi sürətlə döyünərkən qanad əzələlərinə gedən qanın miqdarı çoxalır. Bu, çox önəmlidir, çünki qan quşun qanadlarının sürətlə işləməsini təmin edən oksigeni daşıyır.

Bu nümunələrdə ortaq məqama diqqət yetirilməlidir. Quşların ağıllı taktikaları düşünərək hazırladıqları və sahib olduqları fiziki xüsusiyyətləri planlaşdıraraq bədənlərinə yerləşdirdikləri fikrini irəli sürmək məntiqsiz olar.

Allah quşları və bütün canlıları yoxdan yaradıb və hər şey ancaq Onun əmri ilə hərəkət edir. Allah bir ayəsində belə buyurur:

“Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz”. (Talaq surəsi, 12)

Allah yaratdığı bütün canlılara bir-birindən fərqli xüsusiyyətlər verib. Canlıların bu xüsusiyyətlərlə yaşamaqları onların ətraf mühitə uyğun şəkildə yaradıldıqlarını isbatlayır. Quşlar buna gözəl nümunədir. Quşların minlərlə fərqli növdə çoxalmaq, yuva qurmaq, ovlamaq, qidalanmaq və uçmaq üsulları var. Bunlardan sadəcə birinin uçmaq xüsusiyyətini araşdırmaq belə Allahın sərhədsiz gücünü görmək üçün kifayət edir. Allah bir ayəsində bütün varlıqların sahibinin Özü olduğunu belə bildirir:

“Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir”. (Rum surəsi, 26)

/ Quşlar 2994