İnsan bədəni Hüceyrələrin fərqli orqanlara çevrilməsi dünyadakı ən böyük möcüzələrdən biridir

Hüceyrələrin fərqli orqanlara çevrilməsi dünyadakı ən böyük möcüzələrdən biridir


Ana və atadan gələn xromosomlar ana bətnində yeni döllənmiş yumurta hüceyrəsi olur. Bir hüceyrə sürətlə bölünməyə başlayır və hüceyrələr bölündükcə fərqliləşir, yəni fərqli məsuliyyətlər öhdələrinə götürür və bədəndə lazım olan yerlərə gedirlər. Eyni hüceyrələrdən ibarət olsalar da, bir qismi, məsələn, göz hüceyrəsi olur, bir qismi də ürəyi yaradıb döş qəfəsindəki yerinə gedir və ya dəri hüceyrəsinə çevrilərək bütün bədəni bürüyür.

Hüceyrələrin proqramlaşaraq fərqli zülallar istehsal edib müxtəlif orqanlara çevrilməsi hadisəsinə tibb elmində “fərqliləşmə” və ya “morfogenez” deyilir. Hüceyrələr bu bölünmə mərhələsi zamanı birlikdə diqqətlə işləyən komanda kimidirlər. Hər biri bütün planı bilir, xəbərləşmə və iş birliyi ilə işləyirlər. Bəs bu qədər yüksək səviyyədəki nizam və koordinasiya necə baş verir? İsrailli biofizik dr.Li Spetner (Lee Spetner) də bu möcüzəvi yaradılışa belə diqqət çəkir:

“İnkişaf proqramı necə olur ki, bu qədər mükəmməldir? Gördüyümüz kimi, inkişaf ikiyə bölünən sadəcə bir hüceyrə ilə başlayır. İkiyə, sonra dördə bölünür və bu beləcə davam edir. Müəyyən zamandan sonra hüceyrələr fərqliləşir, daha doğrusu kateqoriyalarını dəyişirlər. Nəticədə, hüceyrələrin bir qismi müəyyən toxuma və ya orqana çevrilərkən digər hüceyrələr də başqalarına çevrilir. Bu hər dəfə, demək olar ki, eyni qüsursuzluqla baş verir. Bu necə olur?” (Lee M. Spetner, Not By Chance, Shattering The Modern Theory of Evolution, The Judaica Press Inc., 1997, səh. 234)

Bu sualların cavabı olduqca açıqdır: canlılar qüsursuz şəkildə yaradılmışlar və yaradılışlarındakı sənət və elm hər şeyin Rəbbi olan uca Allaha aiddir. Bir ayədə belə xəbər verilir:

“O, göyləri və yeri ədalətlə yaratdı, sizə surət verib onları gözəl şəklə saldı. Dönüş də Onadır”. (Təğabun surəsi, 3)

Hüceyrələr hara gedəcəklərini, hansı orqana məxsus olacaqlarını və getdikləri yerdə nə edəcəklərini necə bilirlər?
Həmçinin digər hüceyrələrlə belə ahənglə necə hərəkət edirlər?

Zülallar müxtəlif hüceyrələr üçün fərqli istehsal olunur. Embrion ana bətnində inkişaf edərkən gözləri meydana gətirən hüceyrələrdəki DNT-lər ancaq göz orqanı ilə əlaqəli zülalları istehsal edirlər. Eynilə embrionun beynini meydana gətirən hüceyrələrin DNT-ləri də ancaq beyin orqanı ilə əlaqəli zülalları istehsal edirlər.

Bu məqama diqqət yetirək: insanın istər sümük, istər qaraciyər, istərsə də böyrək hüceyrəsi olsun, bədəninin istənilən yerindəki hüceyrələrin DNT-lərdə insanın bütün orqanlarına aid məlumatlar qorunub saxlanılır. Lakin saxlanılan bu məlumatlardan ehtiyac olan orqan üçün ancaq lazımi zülallar istehsal edilir. Başqa sözlə desək, hər hüceyrədə insan bədəninin hər orqanına aid zülal məlumatları mövcuddur, lakin bu zülalların hamısı istehsal edilmir. Ancaq yaranacaq orqanla əlaqəli zülallar istehsal olunur. Bu məqsədlə DNT-nin üzəri o orqan üçün lazım olmayan zülalların istehsal edilməsinin qarşısını alan “histon” adlı xüsusi zülalla örtülür. Bu gün elm adamlarında  maraq oyadan ən böyük sirlərdən biri hüceyrələrdəki histonların hansı genlərin üzərini örtüb, hansılarının üzərini açıq qoyduğunu necə bildikləridir. Çünki zülallar da cansız atomlardan ibarət molekuldur. Şüursuz və ağlı olmayan atomların bu qədər böyük yaradılış möcüzəsini meydana gətirmədiyi aydındır.

Hüceyrələrdəki fərqliləşmə və formalaşma əsnasındakı koordinasiya ağlı və şüuru olmayan DNT molekulu tərəfindən təmin edilir.

DNT nə ən son texnologiya ilə təchiz edilmiş laboratoriyalarda işləyən biokimyaçı, nə də saniyədə trilyonlarla əməliyyat icra edən super kompüterdir. DNT karbon, fosfor, azot, hidrogen və oksigen kimi atomlardan ibarət olan molekuldur.

İndi düşünək və özümüzə sual verək: insan bədənindəki trilyonlarla hüceyrə bölünərək çoxalır. Ancaq hər hüceyrədəki müxtəlif genlər fərqli zamanlarda hərəkətə keçir və bu yolla hüceyrələrdə fərqliləşmə baş verir. Başqa sözlə desək, ilk hüceyrədən sonra bölünərək çoxalan hər hüceyrədə bütün genetik məlumatlar mövcuddur, yəni hər hüceyrə, əslində, ürək əzələsi, dəri, qırmızı qan hüceyrəsi və ya bədənin hər hansı toxumanı istehsal etmə qabiliyyətinə malikdir. Hər hüceyrə bədənlə bağlı bütün DNT məlumatına sahib olsa da, inkişafın müxtəlif mərhələlərində və müxtəlif orqanlarda yalnız bəzi genlər fəal olur. Məsələn, böyrəyin funksiyaları ilə bağlı kodlar hər hüceyrədə mövcuddur, ancaq yalnız lazımi genlər inkişaf əsnasında müəyyən zamanlarda bu orqanda aktiv olur. Həmçinin müəyyən fermentlər, məsələn, qlükoza-6-fosfat əsas qaraciyərdə mövcuddur. Digər orqanların hər hüceyrəsi bu zülalın koduna sahibdir, amma əsla bu zülalı istehsal etmirlər. Məsələn, göz hüceyrəsi bu fermenti istehsal etmir, ancaq göz üçün lazımlı olanları istehsal edir. Sinir hüceyrələri beyin və orqanlar arasında gedib-gələn xəbərdarlıq və əmrləri daşıyır, qaraciyər hüceyrələri toksinləri zərərsiz hala gətirir və yağ hüceyrələri zəif dövrlər üçün yemək yığır, bir sözlə, hər orqan mütəxəssisləşiblər. Bunların heç biri mədə ilə bağlı fermentləri istehsal etmək kimi səhvə yol vermirlər. Yaxşı bu qüsursuz iş bölümünü kim həyata keçirir?

Hüceyrələrə bölünmə və bölündükdən sonra müxtəlif sahələrdə ixtisaslaşma əmrini kim verir? Bundan əlavə, bütün hüceyrələr itaət şüuruna necə sahibdir və bu cür qüsursuz nizam-intizam və təşkilatlanma ilə necə işləyirlər? Bütün bunlar göydən yerə qədər olan bütün işləri idarə edən uca Rəbbimizin izni ilə həyata keçir. (Səcdə surəsi, 5)

İnsanın yaradılışındakı qüsursuzluq hüceyrələrin ancaq doğru zamanda doğru yerdə olmaları və doğru genləri aktivləşdirmələri ilə məhdudlaşmır.

Hüceyrələr, eyni zamanda, həyatın doğru mərhələsində, lazımi miqdarda olmalıdır. Bəzi “qulluq” genləri, demək olar ki, bütün hüceyrələrdə hər zaman işləyir. Digər genlər bəzi hüceyrələrdə bir neçə saatdan az funksiyasını yerinə yetirir və daha sonra işləmək üçün gözləmə mövqeyinə keçir. Məsələn, əmizdirmə zamanı süd istehsalı genlər tərəfindən sürətləndirilir. Mövcud məlumat uyğun zamanda, uyğun miqdarda və uyğun yerdə hərəkətə keçirilir. DNT-də saxlanılan milyardlarla məlumatın bu qədər şüurlu, planlı, iradəli, hesablanmış və ağıllı idarəsi və istifadəsi təkamülçülərin təsadüf iddiaları ilə qətiyyən açıqlana bilməz. Buna baxmayaraq, mikroskopik sahədə reallaşan fövqəladə planlı və mütəşəkkil hadisələrin səbəbini  təsadüflərdə axtarmaq ağla zidd davranışdır. Necə ki təkamülçülər də hüceyrələrdəki bu fərqliləşmə və qüsursuz vəzifə paylaşımına açıqlama gətirə bilmədiklərini qəbul edirlər. Təkamülçü mikrobiologiya professoru Əli Dəmirsoy belə etiraf edir:

“Döllənmiş yumurtadan çox fərqli quruluşda və funksiyada bir çox hüceyrə qrupunun meydana gəlməsi indiyə qədər tam təfərrüatı ilə açıqlana bilməyib”. (Ali Demirsoy, Kalıtım ve Evrim, Meteksan Yayınları, Ankara, 1984, səh. 158)

Bütün bu fövqəladə hadisələrin təsadüflərin nəticəsində yaranmadığı çox açıqdır. Bəs hüceyrədə meydana gələn bu hadisələri idarə edən, müəyyən məqsədlə yaradan, milyardlarla məlumatı gözlə görülməyəcək qədər kiçik sahəyə sığdıran ağıl və güc kimə aiddir? Bu sualın sadəcə bir cavabı var: uca Rəbbimiz sonsuz rəhməti ilə insanı indiki halı ilə düzgün surətdə yaradıb və istər bədənindəki, istərsə də ətrafındakı nizamı insana nemət olaraq təqdim edir. Bir ayədə belə bildirilir:

“O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur”. (İbrahim surəsi, 34)

/ İnsan bədəni 608