Quşlar Quş lələyindəki qeyri-adi dizayn

Quş lələyindəki qeyri-adi dizayn


Uçma prosesi çox böyük enerji tələb edir. Bu da quşlarda maddələr mübadiləsinin digər canlılara nisbətən daha sürətlə işləməsinə ehtiyac yaradır. Canlıların bədən temperaturuna baxaraq maddələr mübadiləsi reaksiyalarının əsas vəziyyətini təxmin etmək mümkündür. Məsələn, sərçələrin bədən temperaturu 42 dərəcə olur. Bu digər bir çox canlı üçün ölümcül ola bilər. Başqa canlıların ölümünə səbəb olan temperaturlar quşlar üçün çox normaldır.

 

Quşların həzm, tənəffüs və qan dövranı sistemləri də uçmaları üçün lazım olan yüksək enerji istifadəsinə uyğun şəkildə nizamlanmış və qanadlar da xüsusi olaraq dizayn edilmişdir. Qanadlar enerjini ən sərfəli şəkildə istifadə etmək üçün yaradılan yüzlərlə lələkdən ibarətdir. Quşlar bu lələklər sayəsində uçurlar. Bir lələyi əlimizə alıb müşahidə etsək, çox mükəmməl quruluşla qarşılaşarıq.

 

Hər bir quşun qanadı onun ağırlığına və gövdəsinin formasına görə bu canlını havaya qaldıra bilən quruluşa malikdir. Qanadlar, eyni zamanda, quşun havadakı və yerdəki tarazlığını da təmin edir, manevr qabiliyyətinə mane olmur. Quşların qanad və quyruq lələkləri yüngül, elastik və bir-biri ilə simmetrik formadadır. Yəni uçuş üçün lazımi aerodinamik quruluş mükəmməl şəkildə təmin edilmişdir.

 

Təkamülçülər isə quşların da hər hansı bir formada təkamül keçirdiklərinə inandıqları üçün bu canlıların sürünənlərdən törədiklərini iddia edirlər. Halbuki, quru canlılarından tamamilə fərqli quruluşa sahib olan quşların heç bir bədən funksiyası təkamül fərziyyəsi ilə izah edilə bilməz. Hər şeydən əvvəl quşun ən əsas xüsusiyyəti olan qanadlar təkamül nəzəriyyəsi üçün qaranlıq nöqtədir. Türk təkamülçülərindən Engin Korur qanadların təkamül keçirməsinin mümkün olmadığını belə etiraf edir:

 

“Gözlərin və qanadların ortaq xüsusiyyəti odur ki, yalnızca tam inkişaf etdikləri halda vəzifələrini yerinə yetirə bilirlər. Başqa sözlə desək, əksik gözlə görülməz, yarım qanadla uçulmaz. Bu orqanların necə yarandığı hələ də təbiətin tapılmayan sirlərindən biridir.”1

 

Gördüyünüz kimi, qanadların bu mükəmməl quruluşunun təsadüfi mutasiyalar nəticəsində necə ortaya çıxdığı sualı tamamilə cavabsızdır. Sürünən canlının ön ayaqlarının genlərində baş verən dəyişiklik (mutasiya) nəticəsində mükəmməl qanada necə çevrildiyini izah etmək mümkün deyil. Həmçinin, hər hansı quru canlısının quşlara çevrilməsi üçün yalnızca qanadların olması kifayət deyil. Quru canlıları quşların uçmaq üçün istifadə etdiyi bir çox uçuş mexanizmindən məhrumdur.

 

Quşların rahat uçması üçün bədən kütləsi minimum olmalıdır. Buna görə də sümüklərinin içi boşdur. Bədənlərində isə ağırlığı azaldan hava kisələri vardır. Əksər quşlarda yumurtalıqlardan biri daha kiçikdir. Quşlarda bədən ağırlığının azaldılması üçün maksimum tədbirlər alınmışdır. Sürünənlər isə enerjilərinin böyük qismini bədənlərini daşımaq üçün sərf edirlər. Bədən ağırlığını azaldan heç bir funksiyaya sahib deyillər. Uçmaq çoxlu enerji tələb etdiyi üçün quşların daha çox oksigenə ehtiyacları vardır. Sürünənlər isə soyuqqanlı canlılardır, oksigen ehtiyacları normaldır. Buna görə də quşlarla sürünənlərin tənəffüs sistemləri bir-birindən tamamilə fərqlənir. Bu iki tənəffüs sisteminin bir-birindən təkamül keçirərək formalaşması mümkün deyil.

 

Uçuş əsnasında bədəndə tarazlıq da qurulmalıdır. Bu tarazlığın təmin edilməsi üçün quşların başı çox yüngül olur. Diş, çənə əzələsi, göz əzələsi və qulaq seyvanı kimi hissələr kəlləyə əlavə edilməmişdir. Bu da başın ağırlığını azaldır. Əgər quşun kəlləsi ağır olsaydı, uçuş əsnasında qabağa əyiləcək və uçuşu çətinləşdirəcəkdi. Bu xüsusiyyətlərin heç biri sürünənlərdə, məsələn, kərtənkələ və ilanda yoxdur. Bir sürünənlə bir quşun kəlləsini müqayisə etsək, aradakı kəskin fərqi daha aydın görərik.

 

Bəs bütün bu reallıqlara baxmayaraq, təkamülçülərin uçuş haqqındakı iddiaları nədir? Bunu necə izah edirlər?

 

Təkamülçülərin quşların ortaya çıxması, yəni canlıların qurudan havaya keçməsi haqqındakı ilk fərziyyələrinə görə quşların atası olan sürünənlər ağaclar arasında budaqdan budağa tullanarkən zamanla “qanadlanmış”lar. Budaqdan budağa tullanarkən pulcuqlar, tamamilə fərqli quruluşa sahib olan lələklərə çevrilmişdir. Budaqdan tullanan sürünənin başına nə gələcəyini hər kəs təxmin edə bilər. Ya yıxılıb bir yerini zədələyəcək, ya da öləcəkdir. Ancaq təkamülçülər buna elmi ad qoyaraq nəzəriyyə formasına salmışlar: Arboreal nəzəriyyə.

 

Təkamülçülər dinozavrların quşlara çevrildiyini iddia edərkən irəli sürdükləri ikinci nəzəriyyə kursorial nəzəriyyədir. Milçək ovlamaq üçün ön ayaqlarını bir-birinə vuran bəzi dinozavrların “qanadlanaraq havaya qalxdığını” irəli sürürlər. Heç bir elmi əsası olmayan, yalnızca xəyal gücünün məhsulu olan bu nəzəriyyə məntiqi ziddiyyətlərlə doludur. Çünki burada uçuşun mənşəyini göstərmək üçün təkamülçülərin göstərdiyi nümunə, yəni milçək, onsuz da mükəmməl uçuş qabiliyyətinə malikdir. İnsan saniyədə 10 dəfə qolunu qaldırıb sala bilmir. Halbuki milçəklər saniyədə 500 dəfə qanad çırpa bilirlər. Əgər qanadların titrəyişi arasında kiçik uyğunsuzluq olsa, milçək tarazlığını itirər. Lakin bu heç vaxt baş vermir. Təkamülçülər isə milçəyin bu mükəmməl uçuş qabiliyyətinin necə ortaya çıxdığını izah etməkdənsə, sürünənin uçuşunun səbəbi olaraq göstərən xəyali ssenarilər uydururlar. Lakin diqqət edin ki, milçəyin necə uçduğu ilə bağlı incəliklərə girmək istəmirlər. Belə bir mövzunu heç açmazlar da. Çünki bunu heç cür açıqlaya bilməyəcəklərini özləri də bilirlər. Milçəyi araşdırsalar, nəticədə Allahın varlığını təsdiq etməli olacaqlarını bildikləri üçün məsələni heç düşünməzlər. Bu iki nəzəriyyənin tamamilə əsassız və məntiqsiz olduğu ilə bağlı təkamülçülərin özlərinə aid saysız-hesabsız ifadələri də vardır. Bunlardan biri kursorial nəzəriyyəni ortaya atan Yale Universitetinin Geologiya fakültəsindən təkamülçü prof. Con Ostromdur:

 

“Arxeopteriks və müasir quşların anatomiyası nəzərə alındıqda, Arxeopteriks ilə nəticələnən “Kursorial predator” ssenarisi tamamilə abstraktdır. Lakin “Arboreal nəzəriyyə” də abstraktdır.”2

 

Gördüyünüz kimi təkamülçülər bu məsələdə yalnızca fərziyyə irəli sürdüklərini özləri də etiraf edirlər. Elmi olmayan xəyali izahları quşların necə ortaya çıxdığını heç bir şəkildə açıqlaya bilmir. Bu mövzuda hər hansı bir ciddi dəlilləri də yoxdur. Əgər iddia edildiyi kimi sürünənlər təkamül nəticəsində quşlara çevrilsəydi, bu zaman saysız-hesabsız ara keçid forması olardı.

 

Məsələn, sürünən xüsusiyyətləri ilə yanaşı, bəzi quş xüsusiyyətlərini də daşıyan sürünən- quşlar ortaya çıxardı. Təkamülçülər keçmişdə yaşadıqlarına inandıqları bu xəyali varlıqları “ara keçid forması” adlandırırlar. Burada bir sual ortaya çıxır: Bu ağılsız hekayəni təsdiqləməli olan çoxlu “tək qanadlı” və ya “yarım qanadlı” quş və ya sürünən fosili nə üçün hələ də tapılmır? Bəli, təkamülçülərin iddiasını təsdiqləyən bircə fosil qalığına da rast gəlmək mümkün deyil. Təkamülçülər onlarla ildir ki, arxeopteriksi quşların təkamülü ssenarisinin ən böyük dəlili olaraq göstərirdilər. Lakin son vaxtlarda tapılan bəzi fosillər bu ssenarinin əsassızlığını başqa yönlərdən ortaya çıxartdı. 1995-ci ildə Çində Onurğalılar Paleontologiyası İnstitutunda tədqiqatlar aparan Lianhai Hou və Zhonghe Zhou adlı iki paleontoloq “Konfuciusornis” olaraq adlandırdıqları yeni quş fosili tapdılar. Arxeopteriks ilə eyni yaşda olan (təxminən 140 milyon illik) bu quşun dişləri yox idi, dimdiyi və lələkləri də hazırki quşlarla eyni xüsusiyyətə sahib idi. Skelet quruluşu da müasir quşlarla eyni idi. Arxeopteriksdə olduğu kimi bu quşun qanadlarında da pəncələr vardı. Quyruq lələyinə dəstək olan “pygostyle” adlı quruluş bu quşda da nəzərə çarpırdı. Qısası, təkamülçülər tərəfindən bütün quşların ən qədim atası hesab edilən və yarı sürünən canlı kimi qəbul edilən arxeopterikslə eyni yaşda olan bu canlı müasir quşlara çox oxşayırdı. Bu məlumat arxeopteriksin bütün quşların ən qədim atası olduğu fərziyyəsini də yox edirdi.3

 

1996-cı ilin noyabr ayında Çində tapılan başqa bir fosil ortalığı daha da qarışdırdı. 130 milyon illik Liaoningornis adlı bu quşun varlığı Hou, Martin və Alan Feduçia tərəfindən Science jurnalında yayımlanan bir məqalədə qeyd edildi. Liaoningornis müasir quşlarda olan uçuş əzələlərinin bağlandığı sinə sümüyünə sahib idi. Digər xüsusiyyətləri ilə də hazırki quşlardan fərqlənmirdi. Yeganə fərq o idi ki, ağzında dişləri vardı. Bu onu göstərir ki, dişli quşlar təkamülçülərin iddia etdiyi kimi ibtidai quruluşa sahib olmayıblar.4

 

Alan Feduçia Discover jurnalında yayımlanan müsahibəsində bildirmişdir ki, Liaoningornis quşların əcdadının dinozavrlar olduğu iddiasını ortadan qaldırdı.5

 

Arxeopterikslə bağlı təkamül iddialarını puç edən başqa bir fosil isə Eoalulavis oldu. Arxeopteriksdən 30 milyon il cavan, yəni 120 milyon illik yaşı olan Eoalulavisin qanadının quruluşu hazırki yavaş uçan quşlarda da müşahidə olunur. Bu da onu sübut edir ki, 120 milyon il əvvəl hazırki quşlardan çox da fərqlənməyən canlılar göylərdə uçurdu.6

 

Bu məlumatlar sayəsində arxeopteriks və ona bənzəyən quşların ara keçid forması olmadığı sübut edildi. Fosillər müxtəlif quş növlərinin bir-birlərindən əmələ gəldiyini göstərmirdi. Əksinə, hazırki quş növləri ilə arxeopteriksə bənzər xüsusi quş növlərinin birlikdə yaşadığını sübut edirdi. Bir zamanlar birlikdə yaşayan quşların bəziləri, məsələn Konfuciusornis və arxeopteriksin nəsli kəsilmiş, bu günə qədər az bir qismi gəlib çatmışdır. Qısası, arxeopteriksin bir neçə fərqli xüsusiyyəti bu canlının “ara keçid forması” olduğunu göstərmir. Necə ki, tanınmış təkamülçülərdən olan Harvard paleontoloqları Stefen Qold və Nils Eldredq də müxtəlif xüsusiyyətləri özündə birləşdirən arxeopteriksin mozaika canlı olduğunu, amma qətiyyən ara keçid forması sayılmadığını qəbul edirlər.7

 

Təkamülçülər, həmçinin, iddia edirlər ki, mikroskop altında araşdırsaq, lələklə pulcuq arasında heç bir fərqin olmadığı, lələyin yalnızca pulcuğun inkişaf etmiş forması olduğunu müşahidə edərik. Təkamülçülərin iddialarının əksinə olaraq lələklə pulcuğun quruluşu bir-birindən fərqlənir. Məsələn, pulcuq və lələyin embrion içərisində inkişaf mexanizmi tamamilə ayrıdır. Kimyəvi quruluşlarını müqayisə etsək, lələklərin “keratin” adlanan kimyəvi maddədən əmələ gəldiyini görərik. Pulcuqlar isə “follikul” adlanan hüceyrələrdən inkişaf edirlər. Saçlar kimi lələklər də dəridən çölə doğru uzanırlar. Bunlar yalnızca iki nümunədir. Bu və ya burada qeyd etmədiyimiz digər xüsusiyyətlərdə lələyin və pulcuğun bir-biri ilə heç bir bənzərliyi olmadığı, fərqli quruluşlara sahib olduğu açıq-aydın görünür. Bir-birlərindən təkamül etmədikləri də mümkün deyil. Bəs təkamülçülər bu fərqlilik haqqında nə düşünürlər? Lələklərin qüsursuz dizaynı Çarlz Darvini də çox düşündürmüş, hətta tovuz quşu lələklərinin mükəmməl quruluşu və estetikası, öz sözü ilə desək, Darvini “xəstə etmiş”dir. Darvin dostu Asa Qreyə 3 aprel 1860-cı ildə yazdığı məktubda bu ifadələri qeyd etmişdir: “Gözü düşünmək çox vaxt məni nəzəriyyəmdən soyudur. Lakin zaman keçdikcə özümü buna alışdırdım. İndi isə təbiətdəki bəzi canlılar məni çox narahat edir. Məsələn, bir tovuz quşunun lələklərini görmək məni xəstə edir.”8

 

Quş lələyi ilə bağlı başdan bəri yazdıqlarımızı nəzərə alsaq, Darvinin nə üçün xəstə olduğunu anlamaq çətin deyil. Gördüyünüz kimi, bircə quş növü də Allahın varlığını və yaradılış gerçəyini sübut etmək üçün kifayətdir. Mükəmməl dizaynları ilə yanaşı, yer üzündəki bir-birindən rəngli və fərqli formalı quş lələkləri, canlıların təsadüfən yarandığını iddia edənlərin nəzəriyyələrinə böyük zərbə vurur.

 

Əlavələr

 

Engin Korur, "Gözlərin ve Qanadların Sirri", Elm ve Texnika, Oktyabr 1984, sayı 203, səh. 25
John Ostrom, "Bird Flight: How Did It Begin?", American Scientist, yanvar-fevral 1979, sayı 67, səh. 47
Pat Shipman, "Birds Do It... Did Dinosaurs?", New Scientist, 1 fevral 1997, səh. 31
"Old Bird", Discover, 21 Mart 1997
"Old Bird", Discover, 21 Mart 1997
Pat Shipman, "Birds Do It... Did Dinosaurs?", səh. 28
S. J. Gould-N.Eldredge, Paleobiology, vol 3, 1977, səh.147
Norman Macbeth, Darwin Retried: An Appeal to Reason, Boston, Gambit, 1971, səh. 101

/ Quşlar 1611