İnsan bədəni İnsanın eşitmə sistemindəki mükəmməl xüsusiyyət: seçicilik

İnsanın eşitmə sistemindəki mükəmməl xüsusiyyət: seçicilik


Seçici eşitmə qabiliyyəti Rəbbimizin bizim üçün yaratdığı mükəmməl bir sistemdir. Məhz bu sistem vasitəsilə səs-küylü yerlərdə, məsələn, sinifdə, idman yarışında və ya restoranda bir insanın danışığına diqqətimizi yönəldə bilirik.

Səs dalğaları aşağı, orta və yüksək tezliklərdə olur. Qulaq 50-20,000 arası tezlikdəki səsləri eşidə bilir. Tezlik artdıqca səs incəlir. Qulaq seyvanı tərəfindən toplanan səs dalğaları qulaq pərdəsinə toxunur, pərdə isə orta qulaq sümüklərini titrədir. Səs titrəmələri mexaniki titrəmələrə çevrilir. Titrəmələr vestibülyar pəncərəyə keçir və qulaq ilbizinin (koklea) içindəki “endolenf” adlanan mayeni titrədir. Bu mayenin titrəmələri elektrik siqnallarına çevrilərək eşitmə yolları ilə beynə ötürülür. Qulaq ilbizi spiral formasındakı bəzi xüsusi kanallara malikdir. Kanalların içində korti orqanı yerləşir. Korti orqanının səthindəki hüceyrələrin tükcük adı verilən antenaları vardır. İlbizin içindəki mayenin titrəyişləri korti orqanının səthindəki pərdə tərəfindən bu tükcüklərə ötürülür. Qulağa gələn səsin tezliyinə görə, tükcüklər fərqli şəkildə titrəyir. Yüksək tezliklər enişin altında, orta tezliklər ortasında, aşağı tezliklər isə üstündə titrəmə yaradır. Bir sinir lifi 1000 hz-dən yüksək siqnalları ötürə bilmir. Bəs qulaq 20,000 hz-lik səsləri necə eşidir? Məhz bu möcüzəvi hadisə Salvo nəzəriyyəsi ilə açıqlanır.

Salvo nəzəriyyəsi nədir?

Bir çox sinir qrupu səs siqnallarının ötürülməsində əməkdaşlıq edir. Hər qrup növbə ilə səsi ötürür. Eşitmə sinirinin ortasındakı liflər alçaq, xaricindəki liflər yüksək tezlikləri ötürür. Gicgah sümüyündən çıxan eşitmə siniri körpü ilə uzunsov beyin arasından keçərək beynə daxil olur. Bundan sonra eşitmə prosesi dördüz yumrular, daxili dirsəkvarı cisim və gicgah lobu qabığındakı eşitmə mərkəzindən keçir. Beyin qabığı tezlik analizi üçün şərt deyil. Bu analiz qabıq altı subkortikal neyronlar vasitəsilə də həyata keçirilə bilər. Həm ilbiz, həm sağ, həm də sol beyin yarım kürəsinə xəbərdarlıq yollayır.

Qulaqda baş verən bütün bu proseslər aləmləri yaradan Rəbbimizin mükəmməl və qüsursuz yaratmasının dəlillərindən təkcə biridir. Sonsuz elm sahibi olan uca Allah bir ayədə insanların yaradılışları barədə düşünməyə çağırır:

“Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün dirildiləcəyiniz barədə düşünmürsünüz?” (Vaqiə surəsi, 62)

Elmi tədqiqatlar beynin istənilən səsə diqqətini yönəldə bildiyini sübut edir.

UCSF Nevrologiya Mərkəzinin Epilepsiya Tədqiqat qrupu üç epilepsiya xəstəsinin beyin fəaliyyətinin xəritəsini beyin qişası üzərinə yerləşdirilmiş 256 elektrod vasitəsilə çıxartmağa nail olublar. Bu elektrodlar beyinin temporal hissəsində (lob) beyin qişasının eşitmə mərkəzinin fəaliyyətlərini də qeyd etmişdi.

Təcrübə zamanı xəstələrə iki danışıq nümunəsi eyni anda dinlədilir. Bu danışıq nümunələrində fərqli insanların söylədiyi fərqli cümlələrə yer verilir. Xəstələrdən danışan insanlardan eşitdikləri sözləri təyin etmələri istənilir. Daha sonra xəstələrin beyin fəaliyyəti analiz edilərək nə eşitdikləri müəyyən edilir. Məlum olmuşdur ki, beyindəki eşitmə korteksindəki sinir siqnalları hədəflədiyi səsi eşidir.

Nəticələr göstərmişdir ki, beyin qişasında təsvir edilən danışıq xəritəsi təkcə bütün xarici akustik mühiti əks etdirmir, eyni zamanda, kim nə eşitmək istəyir və ya nəyi eşitməlidirsə onu eşidir. Lakin geniş miqyaslı tədqiqatlar aparılmasına baxmayaraq, beynin qəbuletmə sisteminin necə işlədiyi, səsləri necə ayırd etdiyi hələ də elmə sirr olaraq qalır. Əslində, alimlərin cavablandıra bilmədikləri bu suala Quranda çox açıq şəkildə diqqət çəkilib:

“De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?”” (Yunus surəsi, 31)

Zülmət qaranlıq, tamamilə səssiz beynin içində qulağı olmadan eşidən ruh Allahın açıq-aşkar varlığının ən mühüm və aydın dəlillərindən biridir.

Xarici dünyaya aid səsləri beynimizin içində eşidirik. Xarici qulaq ətrafdakı səs dalğalarını qulaq seyvanı ilə toplayıb orta qulağa ötürür. Orta qulaq isə qəbul etdiyi səs titrəyişlərini gücləndirərək daxili qulağa ötürür. Daxili qulaq da bu titrəyişləri səsin intensivliyinə və sıxlığına uyğun olaraq elektrik siqnallarına çevirərək beyinə göndərir. Bu siqnallar beyində bir neçə yerdən keçdikdən sonra eşitmə mərkəzinə ötürülür. Beləliklə, eşitmə prosesi beyindəki eşitmə mərkəzində həyata keçir. Buna görə beynimizin xaricində səslər deyil, səs dalğaları olaraq bilinən fiziki titrəmələr var. Bu səs dalğalarının səsə çevrildiyi yer isə xarici məkan və ya qulağımız deyil, beynimizin içidir. Yəni görən gözlərimiz olmadığı kimi, eşidən də qulaqlarımız deyil. Məsələn, dostunuzla söhbət edərkən yoldaşınızın görünüşünü beyninizdə izləyir, səsini də beyninizin içində dinləyirsiniz. Necə ki, beynimizdəki görüntü üçölçülü dərinlik hissi ilə yaranır, yoldaşınızın səsi də sizə üçölçülü şəkildə gəlir. Məsələn, dostunuzu uzaqda görürsünüzsə və ya arxanızda bir yerdə oturursa onun səsinin yerinə görə dərindən, çox yaxından və ya arxanızdan gəldiyini düşünürsünüz. Əslində isə, dostunuzun səsi sizin beyninizin içindədir.

Eşitdiyimiz səslərlə bağlı möcüzələr bununla bitmir. Beyin işığı keçirmədiyi kimi səsi də keçirmir. Yəni beynə heç vaxt heç bir səs daxil ola bilməz. Buna görə, eşitdiyiniz səslər nə qədər gurultulu da olsa beyninizin içi tamamilə səssizdir. Halbuki bütün bu gurultunu, ən dəqiq səsləri beyninizdə dinləyirsiniz. Bu mükəmməl xüsusiyyət sayəsində sağlam insan qulağı heç bir xışıltı olmadan hər şeyi eşidir.

Səs keçirməyən, dərin səssizliyin hakim olduğu beyninizdə orkestrin simfoniyalarını dinləyirsiniz, bir kütlənin bütün səs-küyünü eşidirsiniz, yarpağın xışıltısından tutmuş reaktiv təyyarələrinin gurultusuna qədər geniş tezlik və desibel aralığındakı bütün səsləri anlaya bilirsiniz. Sevdiyiniz sənətkarın konsertinə getdiyinizdə bütün salonu bürüyən gurultulu səs də, əslində, beyninizdəki dərin səssizlikdə meydana gəlir. Öz-özünüzə yüksək səslə söylədiyiniz mahnını da  yenə beyninizdə dinləyirsiniz. Halbuki o anda həssas cihazla beyninizin içindəki səs səviyyəsi ölçülsə burada tamamilə səssizliyin hakim olduğu görərsiniz. Bu, qeyri-adi vəziyyətdir. Beyninizə gələn elektrik siqnalları beyninizdə səs kimi, məsələn bir stadion insanın müşayiət etdiyi qrupun konserti kimi dinləyirsiniz.

Bütün bunlar bizə bir həqiqəti göstərir. Qulaq müəyyən məqsəd üçün yaradılıb. Qulağı meydana gətirən hüceyrələrin öz ağlı yoxdur. Sahib olduqları funksiyaları da özləri seçməyiblər. Onlar da hər şey kimi Allahın əmri ilə hərəkət edirlər. Allah sonsuz ağıl və elm sahibidir. Qulağımızın sahib olduğu xüsusiyyətlər də Rəbbimizin qüsursuz yaratmasının dəlillərindən biridir. Bir Quran ayəsində belə bildirilir:

“Sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz!” (Səcdə surəsi, 9)

www.derindusunmek.com

İnsan beyni eşitmə cihazlarının yenidən təşkili üçün ilham mənbəyi ola bilər:

Alimlərin insan beyni üzərində apardıqları təcrübələrin nəticələri gələcəkdə yaşlılıqla bağlı eşitmə problemlərinin, diqqət toplama əskikliyi, autizm və dil öyrənmə pozuqluqları kimi xəstəliklərin, Allahın izni ilə, müalicə edilə biləcəyini göstərir.

Elm adamlarına görə, bu nəticələr gələcəkdə ünsiyyət qura bilməyən xəstələrin istəklərinin və düşüncələrinin deşifr edilməsində, yeni cihazların təkmilləşdirilməsində istifadə ediləcək.

Beynimizin bəzi səsləri digərlərindən ayırdetmə sistemi kəşf olunsa səsə həssas elektron cihazların səs filtrləmə funksiyalarının təkmilləşdirilməsinə imkan yaranacağı düşünülür.

İnsan beyninin bir səsə yönələ bilmə qabiliyyəti texnologiya istehsalı ilə məşğul olan firmaların böyük marağına səbəb olur. Çünki bu xüsusiyyət gələcəkdə səs-aktivasiyalı interfeysləri olan hər cür elektronik cihazın texnoloji sahədə istifadəsini təmin edəcək.

Hazırda eşitmə cihazı istehsal edən firmaların məhsulları insanın eşitmə sistemi ilə müqayisədə çox bəsitdir. İnsan gurultulu otaqda sanki ətrafdakı səslər xüsusi bir sistemlə azaldılmış kimi, dostu ilə rahat danışa bilər. Halbuki avtomatik qəbul etmə sistemləri ahəngsiz bir çox səs və arxa plan səsləri arasında təkcə bir aydın səsi ayırd edə bilmir.

İnsan qulağı ən aşağı tezlikdəki səslərə qarşı belə həssasdır. Çox az mikrofon insan qulağının qəbul etdiyi səsləri eşidə bilir. İnsan beyni səs dalğalarını analiz edərək fərqli dalğaları ayırd edə bilir. Məsələn, orkestr şefi eyni anda fərqli 28 çalğının səsini seçə bilir, istədiyi an istədiyi səsə diqqətini verib səhvləri görərək orkestri ona əsasən idarə edə bilir. Qulaq iki titrəyişi bir-birindən ayırarkən olduqca həssasdır. Aparılan ölçmədə qulağın tezliklərinin arasında on mində üç qədər fərq olan iki səsi bir-birindən ayırd edə bildiyi müşahidə edilmişdi. Ayədə eşitmə duyğusunun çox böyük nemət olduğu belə bildirilir:

De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!” (Mülk surəsi, 23)

/ İnsan bədəni 2221