İnsan bədəni Bədənimizdəki həyati əhəmiyyət daşıyan qapaqcıqlar

Bədənimizdəki həyati əhəmiyyət daşıyan qapaqcıqlar


Necə olur ki, ürək qapaqcıqları axan qanı sızdırmır?

Mədədəki qapaq (qida borusu ilə mədənin arasında xüsusi qapaq) mexanizmi necə işləyir?

Nəfəs borusu ilə qida borusu arasındakı nəzarət sistemi necə həyata keçir?


Gündəlik həyatda mayenin sızmaması üçün qabların qapaqlarını bağlayırıq. Məqsəd isə mayenin lazımi vaxtlarda, nəzarət altında axmasını təmin etməkdir. Bədənimizdəki mayelər də bənzər üsullarla qorunur. Həmçinin orqanizmimizdəki qapaqlar bir çox həyati funksiyalar da yerinə yetirirlər. Bunlar təhlükəli turşuların çıxışının qarşısını alan, çirkli və təmiz maddələri bir-birinə qarışdırmayan, nə zaman açılıb-bağlanacağını bilən, heç bir baxıma və enerji mənbəyinə ehtiyac duymadan illərlə işləyən qapaqlardır. Rəbbimizin lütfü olaraq möcüzəvi xüsusiyyətlərə sahib olan bu qapaqlar hər hansı müdaxiləyə ehtiyac duymadan, doğulduğumuz gündən ölənə qədər nizamlı fəaliyyətini davam etdirir. 

Ürək qapaqlarının mükəmməl quruluşu 

Ürək nizamlı mexanizmlə işləyir. Bu sistemdə meydana gələn kiçik bir nasazlıq insanın həyatını itirməsinə səbəb olur. Ürəkdəki ən mühüm mexanizmlərdən biri isə sağ və sol kameralar və onlar arasındakı qapaqlardır.

İnsanın sağlamlığı üçün çox vacib olan bu sistem belə işləyir: 

Ürək kameraları iki qulaqcıq və iki mədəcikdən ibarətdir. Bunlar arasında qanın axması istiqamətinə doğru açılan qapaqlar var. Qulaqcıq yığıldıqda qapaqlar açılır və qan mədəciyə dolur. Mədəcik yığıldıqda isə qapaqlar bağlanır və qanın geriyə doğru axmasının qarşısı alınır.

Mədəciyin boşalma hissəsində də bənzər qapaqlar var. Mədəcik yığıldıqda bu qapaqlar açılır və qan damarlara qovulur. Bu proses dayanan kimi qapaqlar bağlanır və qovulan qanın ürəyə qayıtmasının qarşısı alınır. 

Bu sistemin kompleks quruluşu haqqında bir qədər düşünək… İçindəki mayenin axmaması üçün butulkanın qapağını müəyyən güc tətbiq edərək bağlayırıq. Halbuki orqanizmimizdəki nizam sayəsində ürək qapaqları qanın bir damcısını belə sızdırmadan bədənə qovulmasını təmin edir. Bu, Allahın yaratmasıdır.

Damarlardakı avtomatik qapılar: vena qapaqcıqları

Venalar bədəndəki qüsursuz nizamın ən gözəl nümunələrindəndir. Bu damarların içərisində ürəyə doğru açılan bir çox qapaqcıqlar yerləşdirilib. Beləliklə, cazibə qüvvəsinin təsiri ilə qanın geriyə doğru axmasının qarşısı alınır. Qan yalnız ürəyə doğru axır. Bu qapaqların hər biri xüsusi quruluşa sahibdir. Məməyəbənzər əzələnin vətərləri sayəsində qapaqların yalnız bir istiqamətə doğru açılması təmin olunur. Burada mükəmməl mühəndislik möcüzəsi var. İndi isə bu qüsursuz sistemin necə inşa edildiyi üzərində düşünək.

Dünyanın ən uzun boru xəttini (venaları) inşa edən işçilər (hüceyrələr) üç mühüm vəzifəni yerinə yetirirlər. Bu hüceyrələr həm mühəndis, həm işçi, həm də inşaat materialı kimi fəaliyyət göstərirlər. 

Hüceyrələrin mühəndislik bilgisi... 

Boru inşaatının plan və layihəsi hüceyrələrin nüvəsindəki məlumat banklarında (DNT-lərində) olur. Hər bir hüceyrə mühəndis kimi bu layihəni oxuyur. Əlbəttə ki, hüceyrənin inşaat layihəsini oxuması və anlaması möcüzədir. Bəzi insanlar ömrünü akademik fəaliyyətlərə həsr edən mühəndis və professorlara heyran olurlar. Halbuki daha kompleks plan və layihələri oxuyub, tətbiq edən hüceyrələrdə Rəbbimizin nümayiş etdirdiyi yaradılış sənəti daha heyrətamizdir.

Boru xəttini inşa etmək üçün özlərini fəda edirlər...

Hüceyrələr oxuduqları plana əsasən boru inşaatının harasında iş görəcəklərini və burada işləyən milyardlarla hüceyrədən hansıları ilə bir araya gəlməli olduqlarını bilirlər. Aid olduqları yeri tapan kimi işləməyə başlayır və boru xəttinin özlərinə düşən hissəsini inşa edirlər. Ancaq istifadə etdikləri material da “özləri”dir. Bu inşaatda işləyən hər bir hüceyrə qalan ömrünü boru xəttinin bir hissəsi olmaq üçün fəda edir.

Mükəmməl nizamla işləyirlər...

Hər qapaqdan bir neçə millimetr irəlidə eyni möcüzə baş verir. Buradakı digər hüceyrələr də bənzər şüurla başqa qapaq hazırlayırlar. Sanki öncəki qapağı inşa edən hüceyrələrlə sözləşmiş kimi eyni istiqamətə açılan qapaq hazırlayırlar. Əgər bu hücəyrələrdən bəziləri fərqli qərar qəbul edib, qapaqlardan bəzisini əks istiqamətdə inşa etsəydilər, qan damarlarda hərəkət edə bilməzdi və insan dərhal həyatını itirərdi. Lakin bu baş vermir və venalarda olan bütün qapaqlar bir-birinə uyğun inşa edilir.

Mədədəki sızdırmayan qapaq mexanizmi

Sağlam insan yemək yeyərkən hər loxma qida borusu vasitəsilə mədəyə ötürülür, lakin mədə möhtəviyyatı qida borusuna doğru qalxmır. Bunu təmin edən mexanizm “mədə qapağı” adlanır. Mədədəki qidaların sızmasına mane olan xüsusi mexaniki və anatomik xüsusiyyətləri sadalayaq:

Döş qəfəsi ilə qarın boşluğu arasını tamamilə örtən diafraqma əzələsinin qida borusunu möhkəm əhatə etməsi

Qida borusunun aşağı hissəsi ilə mədənin birləşmə yerindəki dar bucaq: “HİS” bucağı adlanan bu hissə mədə möhtəviyyatının geri qayıtmasının qarşısını alır.

Qida borusunun aşağı hissəsindəki əzələ mexanizmi: “LES” adlanan alt qida borusu büzücüsü adi halda həmişə sıxılmış vəziyyətdə olur. Qida ağızdan qida borusuna düşdükdə öz-özünə genişlənir.

Normal vəziyyətdə qapaq vəzifəsi yerinə yetirən bu mexanizm udma əsnasında açılaraq qidanın mədəyə daxil olmasına icazə verir. Sonra bağlanaraq qidanın geri qayıtmasının qarşısını alır. Normal fəaliyyət göstərmədikdə (gərgin və ya uzun müddət elastik qaldıqda) mədə möhtəviyyatı və turşular qida borusuna qayıdır. Bu da “reflüks” xəstəliyinin yaranmasına səbəb olur.

Həyati əhəmiyyət daşıyan qırtlaq qapağı

Boğazınızda nəfəs borusu ilə qida borusu yan-yana yerləşir, lakin boğulmadan udquna bilir, yemək yeyib, danışa bilirsiniz. Bəs bu necə baş verir?

Nəfəs borusunun üstündə yerləşən və kiçik toxumadan ibarət olan qapaq udqunarkən nəfəs borusunu avtomatik bağlayır. Nəfəs borusunun girişində yerləşən bu qapaq “qırtlaq qapağı” (lat. cartilago epiglotica) adlanır. Bunun sayəsində yemək yeyərkən su və ya qidanın nəfəs borusuna düşməsinin qarşısı alınır. Udqunduqdan sonra isə həmin qapaq yenidən öz yerinə qayıdır və havanın nəfəs borusuna keçməsi təmin edilir.

Yetkin insanın qırtlaq qapağının quruluşu ilə körpəninki eyni olmur. Körpələrin qırtlaq qapağı sistemi yetkin insanlardakından fərqli çalışır, çünki bu qapaqların eyni olması onlar üçün təhlükəlidir. Körpələrdə bu qapaq yetkinlərdəkindən daha yuxarıda yerləşdiyi üçün eyni zamanda həm nəfəs alır, həm də ana südü içir. Əgər körpələrdə də qapaq sistemi yetkin insanlardakı kimi olsa idi, ana südü içərkən boğula bilərdilər.

Nəticə

Uşaqlığınızdan bu günə qədər dəfələrlə yemək yemisiniz, yenə dəfələrlə udqunmusunuz. Lakin qırtlaq qapağı hər dəfə lazımi anda nəfəs borusunun girişini bağlayıb.

Ürək qapaqları bir damcısını belə sızdırmadan qanın bədənə qovulmasını təmin etdi.

Venalardakı minlərlə qapaqcıq hüceyrələriniz tərəfindən inşa edildi.

Varlığından xəbəriniz yoxkən, onlara nəzarət etmədiyiniz halda, bu qapaqlar həmişə ən doğru anda bağlanaraq həyatınızı qurtardı.

Şübhəsiz ki, bütün bunların həyata keçməsi yalnız Rəbbimizin ilhamı ilə mümkündür. Doğulduğumuz gündən etibarən bədənimizdə var olan bu qüsursuz sistemlər bütün kainatın və canlıların uca Allahın əsəri olduğunun dəlillərindəndir. Quranın bir ayəsində belə bildirilmişdir: 

O, xaliq, yoxdan yaradan, surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir. (Həşr surəsi, 24) 

İnsan bədəni təkamülçülərin təsadüf iddialarını təkzib edir

İnsan bədəninin heç bir hissəsində təsadüflərə yer yoxdur. Çünki milyonlarla hissənin eyni anda, nöqsansız və əskiksiz var olması, hər birinin yorulmadan və fasiləsiz 60-70 il mükəmməl nizamla işləməsi təsadüflərlə izah edilə bilməz. 

Hər orqan özbaşına hərəkət etsə, onlara gələn əmirləri gecikdirsə və ya təsadüfi reaksiya göstərsə, istədiyi zaman böyüsə və ya işləsə, yaranan qarışıqlıq mühitində bir an belə yaşaya bilməzdik. Hətta bu cür qarışıqlığın meydana gəlməsi üçün yalnız qısa müddətlik gecikmə və ya bir neçə hüceyrədə yaranan qüsür kifayət edər. Təsadüf iddiasını irəli sürən təkamülçülər də qarşılaşdıqları bu mükəmməl sistemlər qarşısında təəccüblərini gizlədə bilmirlər. Bu orqan və sistemlərin lazımi yer, forma və funksiyalarla bədənimizdə necə yerləşdiyi ilə bağlı suallar qarşısında çarəsiz qalırlar. Halbuki cavab açıq-aşkardır: Bütün bunları qüsursuz şəkildə yaradan aləmlərin yaradıcısı uca Allahdır.

Hansı ki yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib, müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz. (Səcdə surəsi, 7-9)

/ İnsan bədəni 77