Heyvanlar aləmi Canlıların bir-birini qoruması

Canlıların bir-birini qoruması


Kütləvi halda yaşamağın əsas üstünlüklərindən biri təhlükələrə qarşı daha yaxşı müdafiə olunmaqdır. Çünki sürü üzvlərindən hər hansı biri təhlükə hiss etdikdə sakitcə qaçmaq əvəzinə digər üzvləri də xəbərdar edir. Hər bir canlı növünün özünəməxsus xəbərdarlıq üsulu vardır. Məsələn, dovşan və marallar təhlükəni sezdikdə digər sürü üzvlərini xəbərdar etmək üçün quyruqlarını qaldırırlar. Ceyranlar isə sıçrayaraq qəribə rəqsi hərəkətlər  edirlər. Bir çox kiçik quş növü düşməni gördükdə dərhal civildəşərək siqnal verir. Sarıköynək kimi quş növləri siqnal verərkən qısa tezlik aralığında və yüksək pərdədən səs çıxarırlar. İnsan qulağı bunu incə fit səsi kimi qəbul edir. Bu səsin əsas xüsusiyyəti isə istiqamətinin naməlum olmasıdır. Bu sürüsünü xəbərdar edən quş üçün böyük üstünlükdür. Çünki quş səs çıxardığı zaman bütün diqqəti öz üzərinə çəkir, lakin səsin istiqaməti naməlum olduğu üçün təhlükə nisbətən azalır.

 

Koloniya halında yaşayan böcəklər təhlükəni hiss edən kimi bütün koloniyanı xəbərdar edən qoxu yayırlar. Lakin bu “həyəcan qoxusu” düşmənin də diqqətini cəlb edir. Buna görə koloniyasını xəbərdar edən böcək ölümü də nəzərə alır.

 

Sincablar böyük koloniyalarla yaşayırlar. Kəndi xatırladan yuvaları hər birində 30 sincabın yaşadığı hissələrə ayrılır. Bu kənddəki heyvanların hamısı bir-birini tanıyır. Bəzi sincablar tunelin çölündəki və girişlərdəki təpəciklərdə arxa ayaqları üzərində dayanaraq növbədə dururlar. Növbətçilərdən biri düşmən gördükdə fitəbənzər hürmə səsi çıxardır. Bu xəbərdarlıq digər növbətçilər tərəfindən təkrarlanır və bütün “kənd” tərəfindən eşidilir.

 

Buradakı xüsusi məqama diqqət yetirək. Canlıların bir-birini fədakarlıqla xəbərdar etməsi, həqiqətən də, çox düşündürücüdür. Lakin daha da maraqlısı bu canlıların bir-birini başa düşməsidir. Yuxarıda bəhs etdiyimiz canlılardan biri, məsələn, dovşan quyruğunu yuxarı qaldıran zaman ətrafdakı digər canlılar onun təhlükə siqnalı verdiyini başa düşür və tədbir görürlər. Ya təhlükə yerindən qaçır, ya da gizlənirlər. Belə bir sual orataya çıxır. Bu canlılar siqnal işarəsini görən kimi qaçmalı olduqlarını anlayırlarsa, bunu əvvəlcədən öz aralarında qərarlaşdırırlar? Əlbəttə ki, bu fikri heç bir ağıllı insan qəbul etməz. Deməli, ancaq bir həqiqət vardır: bütün canlılar tək Yaradan tərəfindən yaradılmışdır və Onun ilhamı ilə hərəkət edirlər. Üzərilərində yaşayan quşların səs salaraq təhlükəni xəbərdar etmələri və kərgədanların başa düşüb reaksiya vermələri buna gözəl nümunədir. Buradakı şüurlu davranışları gözardı etmək mümkün deyil.

 

Bir canlının təhlükə vəziyyətində digər heyvanları xəbərdar etməyi düşünməsi və onlarla razılaşıb bunu yerinə yetirməsi mümkün deyil. O zaman qarşımıza çıxan bu şüurlu və ağıllı davranışların yeganə izahı vardır: bu canlıların xüsusiyyətləri və hərəkətləri onlara öyrədilir. Bütün bunları həmin canlılara öyrədən və tətbiq etdirən hər şeyin Yaradıcısı olan, yaratdıqlarını qoruyan, sonsuz şəfqət və mərhəmət sahibi Allahdır.

 

Canlılar təhlükələrə qarşı birlikdə müdafiə olunurlar

 

Sürü halında yaşayan heyvanlar təhlükə gördükdə həm bir-birlərini xəbərdar edir, həm də birgə müdafiə olunurlar. Məsələn, kiçik quşlar bölgələrinə daxil olan qartal və bayquş kimi yırtıcı quşları mühasirəyə alır, ətrafdakı digər quşları da əraziyə çağırmaq üçün xüsusi səs çıxarırlar. Kiçik quşların hücumları  sayəsində yırtıcı quşlar əksər hallarda bölgədən uzaqlaşırlar. Bir yerdə uçan quş sürüsü də bütün sürü üzvləri üçün müdafiə təşkil edir. Məsələn, sürü halında uçan sığırçınlar aralarında geniş məsafə buraxırlar. Lakin qartal hücumu olduqda dərhal bir yerə toplaşırlar. Beləliklə qartalın sürünün ortasına girməsi çətinləşir, bunu etsə də qanadlarını zədələyər və ov edə bilməz.

 

Məməli heyvanlar da sürülərini qorumaq üçün birgə hərəkət edirlər. Məsələn, zebrlər düşmənlərindən qaçarkən balalarını sürünün ortası ilə aparırlar. İngilis alim Jane Goodall Şərqi Afrikadakı tədqiqatlarında düşmənlərindən qaçan zebra sürüsündən üç zebranın geridə qalaraq vəhşi heyvanlar tərəfindən mühasirəyə alındığını görmüşdü. Sürülərindən üç zebrin təhlükəyə düşdüyünün görən digər zebrlər dərhal geri qayıdaraq dırnaq və dişləri ilə düşmənlərini qovmuşlar. Adətən, zebr sürüsü hücuma məruz qaldıqda sürünün lideri arxada, dişi və balalar öndə qaçırlar. Erkək zebr arxada ziqzaqlar cızaraq qaçır, hətta bəzən geri dönüb vəhşi heyvanları qovur.

 

Maral və zebr sürüləri adətən bir yerdə yaşayırlar. Bir-birilərinin düşmənlərini də çox yaxşı tanıyırlar. Məsələn, zebrlərdan biri marallara hücum etmək istəyən düşməni görsə, dərhal maral sürüsünü xəbərdar edir.

Delfinlər də hər zaman qrup halında üzür, ən böyük düşmənləri olan akulalara qarşı birlikdə müqavimət göstərirlər. Akulalar delfin balaları üçün təhlükə yaratdıqda iki yetkin delfin qrupdan ayrılaraq akulanın diqqətini öz üzərlərinə çəkirlər. Akulanın diqqəti başqa səmtdə olanda qrupun digər üzvləri bir anda onu mühasirəyə alır və hamısı birdən zərbələr endirməyə başlayırlar. Delfin ailələri, adətən, ton balığı sürüləri ilə birgə üzür və qidalanırlar. Buna görə də ton balığı ovçuları delfin sürülərini təqib edir və lazımi yerdə tor atırlar. Ancaq ton balığı üçün atılan tora bəzən delfinlər də düşür. Delfinlər nəfəs alan canlılar olduqları üçün tora düşdükdə nəfəs ala bilmədiklərinə görə həyəcanlanıb şoka düşür və dənizin dibinə enirlər. Ailələrinə bağlı olduqlarına görə, digər delfinlər də kömək etmək üçün həmin delfinin arxasınca gedirlər. Bütün ailə üzvləri dənizin dibinə enir və onu xilas etmək üçün yuxarıya doğru qaldırmağa çalışırlar. Ancaq bu cəhdlərinin nəticəsində nəfəs ala bilmədiklərinə görə əksəriyyəti ölür.

Boz balinalarda isə bir dişi yaralandıqda bir və ya bir neçə erkək balina ona kömək edir. Dişinin nəfəs ala bilməsi üçün suyun üstündə saxlayır, ya da onu qatil balinaların hücumundan qoruyurlar.

         Müşk öküzləri də hücuma məruz qaldıqda qaçmaq əvəzinə özlərinə müdafiə dairəsi yaradırlar. 350-400 kq ağırlığı olan yetkin müşk öküzləri çiyin-çiyinə verərək balaları ilə düşmənləri arasında sədd yaradırlar. Bütün sürü üzvləri arxasını düşmənə çevirmədən geriyə doğru gedərək dairə əmələ gətirirlər. Balalar bu dairənin içindədirlər və analarının uzun tükləri arasında gizlənirlər. Yetkin heyvanlar balalarını tam əhatəyə alaraq müdafiələrini təmin edirlər. Düşmənə hücum edən müşk öküzü hücumdan dərhal sonra dairənin dağılmaması üçün yerinə qayıdır.

 

Heyvanların təhlükəli vəziyyətlərdən başqa ov edərkən də birgə hərəkət etməkləri ilə bağlı çox təəccüblü nümunələr vardır. Məsələn, qutanlar balıq ovlamağa həmişə sürü halında gedirlər. Uyğun yer seçdikdən sonra sahilə doğru yarım dairə yaradır və dayaz suda gəzərək bu dairəni qısaldırlar. Dairənin içinə girən bütün balıqları tuturlar. Dar çaylarda və kanallarda iki qrupa ayrılırlar. Gecə olanda da istirahət yerlərinə çəkilirlər. Heç kim onları körfəzdəki yerləri və ya istirahət yerləri məsələsində dava etdiklərini görə bilməz.

 

Hər bir insan canlıların bu qədər iç-içə yaşamaları, bir-birlərini müdafiə etmələri və birlikdə hərəkət etmələri haqqında düşünməlidir. Çünki əvvəldə də qeyd etdiyimiz kimi burada bəhs edilən canlılar şüurlu və zəkalı insanlar deyil, ağlı, şüuru olmayan zebralar, quşlar, böcəklər, delfinlər və digərləridir. Əlbəttə ki, ağıllı bir insan üçün canlıların bu əməkdaşlığı öz iradələri ilə etdiklərini söyləmək mümkün deyil. Ağıllı insanın bu həqiqətlər qarşısında belə bir nəticəyə gəlməlidir: Təbiətdəki hər şey sonsuz elm və güc sahibi olan Yaradanın əsəridir. O Yaradan bütün canlıları, insanları, heyvanları, böcəkləri, bitkiləri, canlı və cansız olan bütün varlıqları yaradan Allahdır. O üstün qüdrət, şəfqət, mərhəmət, ağıl, elm və hikmət sahibidir.

 

Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun! Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. (Casiyə surəsi / 36-37)

/ Heyvanlar aləmi 2507