Həşəratlar Allahın yaratma sənətinin təcəllisi: Hörümçək

Allahın yaratma sənətinin təcəllisi: Hörümçək


Bəzi oxucular ilk dəfə bu yazını gördükdə mövzunun onları maraqlandırmadığını düşünə bilərlər. Kiçik bir böcək haqqında yazılan məqalənin onlar üçün faydalı olmadığını, həmçinin yaşadıqları gərgin həyat tərzinə görə belə yazıya ayıracaq vaxtlarının olmadığını söyləyə bilərlər. İqtisadi və ya siyasi məqalə insanlar üçün daha cəlbedici və “faydalı” görünə bilər. Bu məqalə bu günə qədər oxuduğunuz bir çox yazıdan daha “faydalı” olacaqdır.

 

Çünki bu biologiya mətni deyil. Məqalə kiçik böcək haqqındadır, lakin göstərdiyi gerçəklər və verdiyi mesaj daha böyükdür. Bir açar kimi... Açar tək başına lazımsız metal parçasıdır. Lakin bəzən açdığı qıfılın arxasında olanlara görə dünyanın ən dəyərli əşyalarından biri ola bilir. Bu məqalə yalnızca hörümçək haqqında deyil, onu bir açar olaraq istifadə etmək üçün yazılmışdır. Bu kiçik böcək bir açar olaraq qəbul edilə bilər və Allahın yaratmasındakı möhtəşəmliyi görmək üçün lazımi qıfılı aça bilər...

 

İnsanın təqlid edə bilmədiyi istehsal: Hörümçək ipliyi

 

Hörümçəklərin ən məşhur xüsusiyyətlərindən biri tor qurmalarıdır. Ancaq həm bu torda, həm də toru qurarkən istifadə etdiyi iplikdə çox əhəmiyyətli möcüzələr gizlənib. Hörümçəklər tor qurarkən istifadə etdikləri ipliyi öz bədənlərində istehsal edirlər.

 

Diametri bir millimetrin mində birindən daha kiçik olan bu iplik eyni qalınlıqdakı polad teldən beş dəfə daha möhkəmdir. Bu qədər möhkəm olan bu iplik kauçukdan yüzdə otuz daha elastikdir və öz ölçüsünün 4 qatı qədər uzana bilir.

 

Bu ipliyin başqa bir xüsusiyyəti isə çox yüngül olmasıdır. Bu ipliyi dünyanın ətrafında dövr etdirsək, kütləsi yalnızca 320 qram olacaq. Yuxarıda yazılan texniki məlumatların üzərində dayanmaq lazımdır. Kiçik bir hörümçəyin bədənində istehsal etdiyi ipliyin poladdan 5 dəfə daha möhkəm olması çox vacib xüsusiyyətdir. Sənaye müəssisələrində xüsusi olaraq istehsal edilən və insanın emal edə bildiyi ən möhkəm vəsaitlərdən biri poladdır. Ancaq bir böcək öz bədənində bundan daha möhkəm bir iplik istehsal edə bilir. İnsanlar polad istehsal edərkən əsrlərin bilgi və texnologiyasından istifadə edirlər. Bəs hörümçək öz ipliyini hazırlayarkən hansı bilgidən istifadə edir?

 

Başqa bir əhəmiyyətli xüsusiyyəti də odur ki, polad kəndirlər möhkəm olmalarına baxmayaraq, çox elastik deyillər. Buna görə də asan deformasiyaya uğrayırlar. Ancaq hörümçək ipliyi poladdan daha möhkəm olduğu halda çox elastikdir, deformasiyaya məruz qalmır. Hətta bu iplik ən elastik sənaye məhsullarından olan kauçukdan yüzdə otuz daha elastikdir. Qısası, insanların sahib olduğu texnologiya və texniki imkanlar bir hörümçəkdən çox gedirə qalıb.

 

İstifadəyə ən yararlı ipliklər

 

Hörümçəklər müxtəlif məqsədlər üçün fərqli ipliklər istehsal edirlər. Məsələn, bir bağ hörümçəyi torunu qurarkən dörd-beş müxtəlif iplikdən istifadə edir:

 

Tutma iplikləri; hörümçək bu ip vasitəsilə nərdivan kimi yuxarı və aşağı enib qalxa bilir.

 

Əsas tor iplikləri; hörümçək torunun əsasını təşkil edən çox möhkəm ipliklər.

 

Yapışqan ipliklər; şikarın tutulmasını və hərəkətsiz hala salınmasını təmin edən ipliklər.

 

Birləşdirici ipliklər; tordakı iplikləri bir-birinə bağlayan xüsusi ipliklər.

 

Bükmə ipləri; tutulan şikarı hörümçəyin bükərək paketlədiyi bükmə iplikləri və daha bir çox xüsusi işlər üçün müxtəlif ipliklər.

 

Göründüyü kimi, hörümçəklər bir çox ehtiyacı ayrı-ayrı nəzərə alınaraq və bu ehtiyacları təmin edə bilən ən ideal quruluşda yaradılmışdır. Əgər bu ehtiyacların biri və ya bir neçəsi təmin edilməsə idi, bu bütün nəslin məhvinə səbəb olardı. Bu isə təkamül nağılının tamamilə əsassız iddia olduğunu göstərən həqiqətdir. Çünki hörümçəyin təkamül nəzəriyyəsinin iddia etdiyi kimi bu xüsusiyyətlərini zamanla əldə etməsi mümkün deyil.

 

Dünyanın ən amansız tələsi

 

Hörümçək toruna ilişən canlının edəcəyi bir şey yoxdur. Qurulan tələ o qədər peşəkarcasına hazırlanmışdır ki, qurban çırpındıqca elsatikliyini itirən tor şikara daha çox yapışmağa başlayır. Şikar yavaş-yavaş gücünü itirdikcə tor daha çox möhkəm və sərt olur. Beləliklə, bir küncdə şikarının çırpınışını izləyən hörümçək, nəhayət, tamamilə əldən düşmüş, küncə sıxılmış və çarəsizlik içində olan şıkarını rahat şəkildə öldürür. Əslində, gözlənilən bu idi ki, böcək çırpındıqca tor deformasiyaya uğrasın və qısa zamanda canlı tələdən xilas olsun.

 

Lakin tamamilə bunun əksi baş verir və tor sərtləşərək böcəyi hərəkətsiz vəziyyətə salır. Bəs necə olur ki, ovlanan şikar çırpındıqca tor daha da möhkəmlənir? Şikarını tutmaq üçün hörümçəyin istifadə etdiyi iplik havadakı rütubətin təsiri ilə də öz quruluşunu dəyişir. Bu belə baş verir. Nüvə liflərinin elastikliyi temperaturla əlaqədardır. Şikarın kinetik enerjisi temperatura çevrildikdə entropiya artır və iplik qızır. Bu da nüvə liflərinin daha qüvvətli olmasını təmin edir. Beləliklə, şikarın enerjisi tutma qabiliyyətini daha da artırır.

 

Qısası, tora ilişən şikarın həyatda qalması üçün göstərdiyi son cəhdlər faydasızdır. Qurbanın son enerjisi torun möhkəmliyinin artırılması üçün istifadə edilir. Tor canlını tamamilə hərəkətsiz vəziyyətə salana qədər sərtləşir. Bu xüsusiyyətlərinə görə hörümçək toru təbiətdəki ən qəddar tələdir.

 

Hörümçək ipliyi və müdafiə sənayesi

 

Sənaye sahəsində bir vəsaitin möhkəmliyi və elastikliyi çox vacibdir. Möhkəmlik istifadə sahəsinin genişliyini, elastiklik isə istifadəsinin rahatlığını artırır. Möhkəmlik və elastikliyin bərabərliyi baxımından yer üzündəki ən ideal vəsait hörümçək ipliyidir. Buna görə də tədqiqatçılar 20-ci əsrin sonlarında hörümçək ipliyinin üzərindəki tədqiqatlarını daha da artırmışlar.

 

Dünya səviyyəsində kimyəvi tədqiqatları ilə məşhur olan bir şirkət illərlə davam edən səylər nəticəsində hörümçək ipliyinin oxşarını istehsal edə bildi. Firma hörümçək ipliyinin kimyəvi quruluşundan istifadə edərək ipəyi təşkil edən molekulların düzülüş sıralarını müəyyən etmiş və süni yollarla müxtəlif liflər istehsal etmişdir. Kevlar adlı bu maddə hörümçək ipliyinin pis bir bənzəri olsa da, insanın istehsal edə bildiyi ən möhkəm maddə olmuşdur.

 

Kevlar avtomobil təhlükəsizlik kəmərləri, müxtəlif qoruyucu geyimlər, təyyarə və gəmi sənayesinin xarici üzlük materialları, fiber optik və elektro-mexaniki kabellərin istehsalında, ip və kəndir sənayesində istifadə edilən əhəmiyytli bir vəsaitdir. Kevların ən əsas istifadə sahəsi müdafiə sənayesi olmuşdur. Əvvəllər poladdan hazırlanan güllə keçirməz jiletlərdən daha möhkəmləri və adi parçadan seçilməyən jiletlər kevlarla istehsal edilir.

 

Kevlar zərbələri udma xüsusiyyəti ilə güllənin təsir gücünü azaldır. Lakin yenə də hörümçək ipliyinin yalnızca üçdə biri qədər zəbrələri udma qabiliyyətinə sahibdir. Bağınızda yaşayan kiçik bir hörümçəyin hazırladığı ipliyin pis bir oxşarının, hal-hazırda ən inkişaf etmiş müəssisələrdə bir çox cəhdlər nəticəsində istehsal edilməsi Allahın yaratmasındakı sənətin əhəmiyyətli dəlilidir. Hörümçəyin insanlara xidmət etdiyi başqa bir sahə də tibdir. ABŞ-dakı Vyominq Universitetinin farmakoloqları “nephile” hörümçəyinin ağ ipliklərini bəzi çox həssas cərrahiyyə əməliyyatlarında, əsasən də vətər və oynaq müalicəsində əməliyyat ipliyi kimi istifadə edirlər.

 

Dizayn möcüzəsi – Hörümçək toru

 

Hörümçək toru həm görünüşü, həm istifadəyə uyğunluğu, həm də memarlıq nümunəsi kimi bənzərsiz bir əsərdir. Torun skeletini təşkil edən “skelet iplikləri" çox möhkəmdir və bütün yükü öz üzərində saxlayır. Bu skeletin üzərinə spiral şəklində sarınan yapışqan ipliklər isə şikarı tamamilə zərərsizləşdirir.

 

Torun zərbələri udma xüsusiyyəti

 

Hörümçək toru uçan böcəkləri saxlama xüsusiyyəti ilə dizayn edilməlidir ki, effektli tələ olsun. Toru böyüklüyünü nəzərə alsaq, o zaman böcəyi mərmiyə bənzədə bilərik. Yalnızca böcəyin tutulması kifayət etməyəcək. Hörümçəyin gəlib şikarını araşdırması və dişləməsi üçün tor hərəkətsiz olmalıdır. Bir mərmini tutaraq hərəkətsiz vəziyyətə salmaq isə çox çətin işdir. Toru təşkil edən ipliklər möhkəm olmaqla yanaşı, həm də elastikdirlər. Lakin elastiklik səviyyəsi müxtəlif yerlərdə fərqli nisbətdədir. Elastiklik nisbəti aşağıdakı səbəblərə görə vacibdir.

 

Bu nisbət lazım olduğundan az olarsa, tora dəyən böcək, sanki sərt bir yaya dəymiş kimi geri qayıdar.

 

Bu nisbət lazım olduğundan çox olarsa, böcək toru həddindən çox genişləndirər, yapışqan ipliklər bir-birinə yapışar və tor deformasiyaya məruz qalar.

 

İplikçiyin elastikliyi hesablanarkən küləyin təsiri də nəzərə alınmışdır. Beləcə küləyin gərdiyi tor yenidən əvvəlki vəziyyətinə qayıda bilir.

 

Torun elastikliyi üçün onun bərkidildiyi yer də çox əhəmiyyətlidir. Məsələn, tor ota bərkidilmişsə, onun elastikliyi bu otun hərəkətlərindən yaranan gərilmələri aradan qaldıra bilməlidir.

 

Gördüyünüz kimi, həm hörümçək ipinin varlığında, həm də bu iplikdən istifadə edilərək hazırlanan memarlıq nümunəsində “ağıl” müşahidə edilir. Bəs bu ağlın mənbəyi nədir? Düşünən bir beyni olmayan hörümçəkmi, yoxsa hörümçəyi təşkil edən şüursuz zülallar, amin turşuları, molekullar və atomlarmı?

 

Düşünmə qabiliyyəti olmayan bir canlı necə hesablama, dizayn və planlama işləri apara bilər? Yalnızca hörümçəyin hazırladığı iplikdə və torda deyil, hörümçəyin bədənindəki xüsusiyyətlərdə də “ağıl” məhsulu olan xüsusi bir “dizayn” vardır. Bu ağıl yaratdığı hər canlıda Öz varlığını, sənətini və gücünü hiss etdirən, göylərin, yerin və bütün aləmlərin Rəbbi olan Allaha məxsusdur.

/ Həşəratlar 1140