Dəniz canlıları Texnologiyaya ilham qaynağı olan canlılar

Texnologiyaya ilham qaynağı olan canlılar


Molyuskların su püskürtmə sistemi və generatorlar

Kalmar, karakatisa  və osminoq kimi başıayaqlı molyusklar su püskürtmə ilə yaranan itələməyə əsaslanan üzmə sisteminə sahibdirlər. Molyuskların bu xüsusiyyətindən ilham götürən mühəndislər sürət texnologiyasını təkmilləşdirməyə çalışırlar.

Uca Allah başıayaqlı molyusklarda sürətlərini artırmaq üçün istifadə etdikləri xüsusi sistem yaratmışdır. Mühəndislərin heyranlıqla və diqqətlə tədqiq etdikləri bu sistem qüsursuz fəaliyyət göstərir. Bu canlıların itələməyə əsaslanan üzmə sistemi uca Allahın yaratdığı xüsusi bədən quruluşundan qaynaqlanır. Bəs bu canlıların özünəməxsus bədən quruluşu necədir?

Başıayaqlı molyusklarda daxili orqanların yerləşdiyi bədən boşluğunu əhatə edən, “manto” adlı, qalın dəri təbəqəsi var. Dəri təbəqəsinin altında yerləşən əzələlər vasitəsilə bədənlərinə su yığır, sonra isə suyu təzyiqlə püskürdərək üzürlər. “Manto” təbəqəsinin içinə dolan su qıfşəkilli boru vasitəsilə püskürdülülür. Sistemin fəaliyyəti kosmik gəmilərin istehsalındakı geriyə itələmə prinsipinə, başqa sözlə desək, raket sisteminə bənzəyir. Bir çox əzələlərlə əhatə olunmuş, qıfşəkilli ağızcığın ildırım sürəti ilə bağlanması nəticəsində püskürtmə qüvvəsi meydana gəlir. Püskürtmə ağızcığının köməyi ilə istədikləri zaman geriyə doğru üzür, ani manevrlər edir və ziqzaq çəkirlər.

Kolorado Universitetinin kosmik mühəndislik fakültəsindən dosent Kamran Mohseni molyuskların suyun altında hərəkət etmək üçün istifadə etdiyi su püskürtmə sistemindən ilham alaraq yeni generatorlar icad edib. Bu generatorlar sualtı qayıqların daha asta, daha həssas manevr etməsinə imkan yaradır.

Xüsusilə, çətin şəraitlərdə istifadə olunan sualtı qayıqların təhlükəsiz manevr xüsusiyyəti olmalıdır. Bu mexanizmə sahib olan insanlı və insansız sualtı qayıqlar okeanın dibindəki vulkanlardan qütblərdə buz yığınlarının altındakı soyuq dərinliklərə qədər dünyanın hər tərəfindəki ekosistemlərin tədqiq olunmasına şərait yaradacaq.

Hal-hazırda istifadə olunan vasitələrin hidrodinamik dizaynı asta və dar sahələrdə manevr etməyi, müəyyən bir yerə yanaşmağı və açıq sahələrdə havada dayanmağı çətinləşdirir. Buna görə də bu vasitələrin sürəti çox zəif olur.

Allah sonsuz elmi və ağlı ilə bizə varlığının, bənzərsiz yaratmasının və qüdrətinin dəlillərini göstərir. Quran ayələrinin birində Allah belə buyurur:

Göylərdə və yerdə nə varsa, Onundur. Həqiqətən, Allah ehtiyacsızdır, şükrə, tərifə layiqdir! (Həcc surəsi, 64)

Omarın iybilmə mexanizmi

Suda yaşayan omar və xərçəng kimi canlılar özlərinə uyğun qarşı cins və ya qida tapmaq, yaxud da düşmənlərindən qaçmaq üçün iybilmə duyğusundan istifadə edirlər. Berkli Kaliforniya Universiteti və Stenford Universitetinin bir qrup tədqiqatçıları omarların ətraf-mühiti necə qoxuladıqlarını aşkar ediblər.

Omarlar çox həssas iybilmə duyğusuna sahibdirlər. Bu duyğu qoxu reseptorları hazırlamaq istəyən robot mühəndislərinə ilham mənbəyi ola bilər. Berkli Kaliforniya Universitetinin biologiya professoru və “College of Letters & Science” jurnalının aparıcı müəllifi Mimi A. R. Koehl bu mövzu ilə əlaqədar belə deyir:

“Əgər dalğıcları göndərmək istəmədiyiniz zəhərli bölgələrə göndərmək üçün insansız qurğular və ya robotlar hazırlamaq və bunların iybilmə ilə istiqaməti müəyyən etməsini istəyirsinizsə, burun və ya iy bilən antenalar düzəltməlisiniz.”

(http://www.berkeley.edu/news/media/releases/2001/11/30_lobst.html)

Köpək balığının dərisi nümunə götürülərək hazırlanan çimərlik geyimləri  və suyun səth müqaviməti

1/100 saniyənin  qızıl medalın sahibini müəyyən etdiyi Olimpiya oyunlarında idmançılar üçün bədənləri üzərində suyun əmələ gətirdiyi sürtünmə olduqca vacibdir. Buna görə də üzgüçülərin çoxu sürtünməni minimuma endirən, yeni çimərlik geyimlərinə üstünlük verirlər. Bu geyimlər bədənin olduqca geniş sahəsini əhatə edir və çox dar olur. Çimərlik geyiminin materialı şaquli qatran zolaqlar üstündə köpək balığı dərisinin xüsusiyyətlərini daşıyan toxumadan ibarətdir.

Elektron mikroskopla aparılan tədqiqatlarda köpək balıqlarının dərisində zolaqlar olduğu müşahidə edilmişdir. Zolaqlar şaquli su girdabları və ya su spiralları əmələ gətirərək suyu balığın bədəninə daha çox yapışdırır və üzməyə qarşı müqavimətini azaldır. Zolaqların yaratdığı təsir “Riblet effekti” adlanır. Bununla bağlı NASA-nın Lenqli Tədqiqat Mərkəzində Riblet dəri tədqiqatları aparılır. Riblet effekti on ildir ki, çimərlik geyimlərinə tətbiq edilir.

Yeni liflər və yeni toxuma texnikası ilə hazırlanan çimərlik geyimləri üzgüçünün bədənini tam əhatə edərək suya ən az müqavimət göstərməyini təmin edir. Tədqiqatlar müəyyən etmişdir ki, bu geyimlər sürtünməni digərlərinə nisbətən 8% azaldır.

Çirklənməyə qarşı balıq detektoru

Qərbi Afrika fil balığı (Gnathonemus petersii) Afrikanın 27ºC isti və palçıqlı sularında yaşayır. Vətəni Nigeriya olan 10 sm uzunluğundakı bu balıq palçıqlı sularda gözlərindən çox az istifadə edir. Quyruq bölgəsindəki əzələlərin mütəmadi şəkildə yaydığı elektrik impulsları ilə yolunu tapır. Dəqiqədə 300-500 impuls yayır. Lakin suyun çirklənmə dərəcəsi artdıqca balığın 1 dəqiqədə yaydığı impulsların sayı 1000-i ötür.

İngiltərənin Bornmut şəhərində çirklənmənin miqdarını ölçmək üçün fil balıqlarından faydalanaraq hazırlanan detektorlardan istifadə edilir. Bornmutdakı su şirkətlərinin biri Stor çayından götürdüyü su nümunələrini 20 fil balığı ilə yoxlayır. Hər balıq çaydan gələn su ilə doldurulmuş akvariuma yerləşdirilib. Akvariumlardakı reseptorlar impulsları qəbul edib, kompyuterlərə ötürür. Əgər su çirklidirsə, balığın artan impulsları müəyyən edilərək kompyuter vasitəsilə siqnal verilir.

Cisimlərin yerini müəyyən etmədə fil balığının beyninin iş prinsipi insan beyninin məsafəni hesablama prinsipinə bənzəyir. İnsan səs dalğaları arasındakı məsafəyə və dalğaların cisimdən qulağa çatana qədər keçən müddətə əsasən məsafəni müəyyən edir. Bu hesablama saniyənin 15000-də biri müddətində həyata keçir. Lakin Kaliforniya Universitetinin tədqiqatçıları G. Rouz (G. Rose) və Heylinqenberq (Heilingenberg) balığın bu hesablamanı saniyənin 400 milyardda biri qədər qısa müddətdə apardığını müəyyən ediblər. Rouz sonsuz qüdrət sahibi Rəbbimizin yaratdığı balığın kiçik, sadə quruluşa sahib canlı kimi görünməsinə baxmayaraq, əslində, “içində super kompyuterlərin mexanizmi yerləşdirilmiş, möcüzəvi balıq” olduğunu qeyd edib.

Elektrikli ilan balığından müdafiə və rabitə texnologiyasına

Boyu 2 metrə çatan ilan balığının gövdəsinin üçdə iki hissəsi elektrik hasil edən hüceyrələrlə örtülüdür. Sayı 5000-6000-ə çatan bu hüceyrələr vasitəsilə 550 volt, 2 amper elektrik hasil edilir. İlan balığının yaydığı elektrikin şokedici təsiri o qədər güclüdür ki,  2 metr uzaqlıqdakı canlıları belə öldürə bilir. Balığın bu qədər güclü enerjiyə sahib olması, həqiqətən də, böyük yaradılış möcüzəsidir. Bu, çox kompleks sistemdir və mərhələ-mərhələ əmələ gəlməsi qeyri-mümkündür. Çünki balığın elektrik sistemi tam işləməsə, ona heç bir fayda verməz. Başqa sözlə desək, sistemin bütün hissələri eyni anda, qüsursuz şəkildə yaradılıb.

Elm adamları elektrikli ilan balığının müdafiə mexanizmini təqlid edir və müasir dövrdə buna bənzər elektrikli müdafiə silahlarından istifadə edilir.

Hər hansı bir cismin yerini müəyyən etmək və ya rabitə məqsədi ilə elektrik impulslarından istifadə edilə bilər. Ancaq bunun üçün böyük elmi təcrübə və qabaqcıl texnologiya tələb olunur. Müasir dövrdə belə bu səviyyəyə çatmış ölkələr xeyli azdır. Halbuki bəzi elektrikli balıqların bədənində müntəzəm şəkildə elektrik impulsları yayan və impulsların toxunduğu cisimləri şərh edən radar mövcuddur. Balıq bu radar vasitəsilə ətrafındakı cisimlərin ölçüsü, keçiriciliyi və hərəkəti haqqında məlumatlar əldə edir. Həmçinin bu sistemlə digər elektrikli ilan balığının cinsiyyəti və yaşı haqqında məlumat alır, yaxud da onu qorxudur. İnsanların istifadə etdiyi radar və rabitə sistemlərinin nə qədər kompleks cihazlar olduğunu nəzərə alsaq, balığın bədənindəki bu möcüzəvi yaradılışı daha yaxşı anlayarıq.

Unudulmamalıdır ki, təbiətdəki bənzərsiz yaradılış xüsusiyyətləri Rəbbimizin bizə bəxş etdiyi böyük nemətlərdir. Bunları təqlid etmək və nümunə götürmək insanı daim daha yaxşıya aparır. Elm dünyası son bir neçə ildir ki, təbiətdəki yaradılış xüsusiyyətlərinin zəngin qaynaq olduğunun və gündəlik həyata tətbiq edilməsinin faydasının fərqinə varmışdır. Şübhəsiz ki, bu qaynaqdan doğru istiqamətdə istifadə etmək və texnologiyaya tətbiq etmək sürətli inkişafa səbəb olacaq.

Quranın bir çox ayələrində bu bənzərsiz və mükəmməl yaradılışa diqqət çəkilir. Allah bənzərsiz yaratmasının nümunəsi olan saysız-hesabsız nemətlərin çoxluğunu bir ayədə belə bildirir:

Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm­­lidir. (Nəhl surəsi, 18)

/ Dəniz canlıları 788