Dəniz canlıları Balıqların tənəffüs sistemindəki qüsursuz detallar

Balıqların tənəffüs sistemindəki qüsursuz detallar


Qəlsəmələrdəki yaradılış xüsusiyyətləri nələrdir?
Balıqlardakı hava kisəcikləri hansı funksiyalar üçün yaradılmışdır?
Balıqların onurğasız dəniz canlılarından təkamül etməsi nə üçün qeyri-mümkündür?

450 milyon ildən bəri dənizlərdə yaşayan balıqlar, eləcə də bütün dəniz canlıları suda yaşamağa uyğun yaradılmışdır. Allah bütün balıq növlərini tənəffüs etməsi üçün qüsursuz xüsusiyyətlərlə yaradıb. Balıqlar ağızlarından aldıqları suyu qəlsəmələrinin arasından keçirir, beləliklə, sudakı oksigeni alıb karbondioksidi bədənindən xaric edərək nəfəs alırlar. Balıqlarda tənəffüs sistemi su ilə qan damarları arasındakı xarici tənəffüs, qan ilə toxumalar arasındakı daxili tənəffüs olmaqla 2 hissədən ibarətdir.

Balıqlarda tənəffüs orqanı əvəzinə, xüsusi inkişaf etmiş qəlsəmələr mövcuddur. Bu qəlsəmələr sümüklü balıqlarda bütün bədəni əhatə edən 4 qəlsəmə qövsü üzərində, lampiridlərdə isə 7 qəlsəmə qövsü üzərində yerləşir. Qəlsəmə boşluğunda yerləşən qəlsəmələr, adətən, operkulum adlı bir örtüklə qorunur. Qəlsəmə yarığında böyüklüyünə və saylarına görə bir-birindən fərqlənən qəlsəmə dişcikləri (branchiospin), əks tərəfdə isə kapilyar qan damarlarından ibarət qəlsəmə üzgəcləri mövcuddur.

 

Qəlsəmələrin xüsusi quruluşu balıqların tənəffüsünü asanlaşdırır

Balıqlar suda həll olmuş oksigenlə tənəffüs edirlər. Bir litr səthə yaxın dəniz suyunda təxminən 5 ml oksigen olur. Bizim tənəffüs etdiyimiz havanın bir litrində isə 210 ml oksigen olur. Beləliklə, əgər insan su altında tənəffüs edə bilsə idi, lazımi oksigeni əldə etmək üçün dəqiqədə 450 dəfə nəfəs almalı idi. Məhz bu mühüm fərqə görə Allah balıqların tənəffüs sistemini sudakı az miqdarda oksigeni əldə etmək üçün xüsusi sistemlə yaratmışdır.

 

Qəlsəmələr minlərlə qəlsəmə lifindən ibarətdir:

Hər bir qəlsəmə yarığı nazik qan damarları ilə örtülüdür. Bu damarlar özlüyündə daha kiçik damarlara ayrılaraq damar toru meydana gətirir. Qəlsəmələrin ikiqat lövhələrdən ibarət quruluşu oksigen daşıyan damar torunun sahəsini daha da genişləndirir. Belə ki, qəlsəmələrin səthinin sahəsi normal heyvanlarınkından on qat daha böyükdür. Sudan çıxan balığın boğulması havadakı oksigenlə tənəffüs edə bilməməyindən daha çox qəlsəmə yarıqlarının daxilə doğru çökməsi və tənəffüs üçün kifayət qədər sahənin qalmamağı ilə əlaqədardır. 

 

Qəlsəmələr ağciyər rolunu oynayır

Balıqlarda oksigen məməlilərdəki kimi birbaşa ağciyərlərə daxil olmur. Qəlsəmələrə daxil olan sulardakı oksigen buradakı nazik damarlardan qana keçir. Balıqların qan dövranı da məməlilərinkindən çox fərqlənir. Məsələn, insanda ürək 4 kameralı olduğu halda, balıqlarda iki kameralıdır. Bunun səbəbi balıqlarda qanın bir istiqamətli hərəkətidir. Qan ürəyə bir damardan daxil olur və qəlsəmə istiqamətində ürəkdən çıxır. Qəlsəmələr qanın ətrafındakı sudan oksigeni toplayır və bütün vücuda daşıyır. İstifadə olunmuş oksigen ürəyə qayıdır. Qan qəlsəmə liflərinin arasında suyun əksi istiqamətində hərəkət edir. Bu, sudakı bütün oksigenin qana keçməsi üçün çox əhəmiyyətlidir. Əgər qan su ilə eyni istiqamətdə hərəkət etsə idi, sudakı oksigenin yalnız yarısı qana keçərdi. Qan və sudakı oksigen eyni səviyyəyə çatdıqda qan oksigen qəbulunu dayandırardı. Ancaq suyun əksi istiqamətində hərəkət sayəsində oksigenin qəbulunda heç bir problem yaşanmır: suda qandakından daha çox oksigen var və sudakı oksigenin 50%-dən çoxu qana qarışdıqdan sonra belə oksigen ötürülməsi davam edir. Bu sistem sayəsində balıq 80-90% daha çox oksigenlə təmin olunur.

 

Qəlsəmələrdəki kapilyarların əhəmiyyətli funksiyası:

Xarici tənəffüs, yəni suda həll olmuş oksigenin qana keçməsi və qandakı karbondioksidin (CO2) suya keçməsi (qazlar mübadiləsi) qəlsəmə lövhələrindəki kapilyarlar vasitəsilə həyata keçir. Hər qəlsəmə qövsündə lamellər (incə lövhələr) cüt şəkildə sıra ilə düzülüdür. Qəlsəmələr funksiyalarını yerinə yetirmək üçün daima su ilə təmasda olmalıdırlar. Buna görə də balıqlar tez-tez ağızlarını açıb-bağlayırlar. Bu zaman qəlsəmə qapaqları da su sirkulyasiyasını təmin etmək üçün mütəmadi olaraq açılıb-bağlanır.

 

Balıqlar Allahın xüsusi olaraq yaratdığı canlılardır

Təkamülçülər Kembri dövründə ortaya çıxan onurğasız dəniz canlılarının milyonlarla il ərzində təkamül keçirərək balıqlara çevrildiyini iddia edirlər. Lakin bu canlılarla balıqlar arasında təkamülü sübuta yetirən heç bir ara-keçid forması mövcud deyil. Halbuki skelet quruluşu olmayan və qabıq şəklində sərt toxumalara malik onurğasızların sərt toxumaları bədənlərinin ortasından keçən balıqlara çevrilməsi çox böyük təkamül prosesi olardı və belə bir prosesin minlərlə dəlili, ara-keçid forması olmalı idi. Lakin əldə olunan fərqli balıq fosilləri onların heç bir əcdadının olmadığını, qəfildən ortaya çıxdıqlarını sübut edir. 150 ildir ki, “xəyali” fosil axtarışları davam edir, lakin milyonlarla fosil əldə edilməsinə baxmayaraq, bir tək ara-keçid forması belə tapılmamışdır.

Milyonlarla onurğasız fosili, milyonlarla balıq fosili tapılmasına baxmayaraq, heç kim bir ara keçid fosili belə tapa bilməyib. Təkamülçü paleontoloq Qerald T. Tod “Sümüklü balıqların təkamülü” adlı məqaləsində çarəsizliklərini belə dilə gətirir:

“Sümüklü balıqların 3 sinfi də fosil təbəqələrində eyni anda və qəflətən meydana gəlirlər... Onda bu canlıların əcdadları nədir? Müxtəlif və olduqca mürəkkəb quruluşa sahib olan bu canlıları meydana gətirən nədir? Niyə onlarda əcdadlarından heç bir əsər-əlamət yoxdur?” (Gerald T. Todd, “Evolution of the Lung and the Origin of Bony Fishes: A Casual Relationship”, American Zoologist,  26-cı cild, nöm. 4, 1980, səh.757)

Fosillər bütün canlılar kimi, balıqların da anidən və müxtəlif növləri ilə ortaya çıxdığını sübut edir. Balıqlar heç bir təkamül keçirmədən qüsursuz və mürəkkəb anatomiyaları ilə bir anda yaradılmışdır. Allah üstün güc sahibi Yaradıcıdır. Belə ki, ayələrdə Allahın sonsuz yaratma gücünə diqqət çəkilir:

 

"Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah onlar kimisini də yaratmağa qadirdir? Allah onlar üçün (elə) bir əcəl müəyyən etmişdir ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar isə küfrdən başqa bir şey qəbul etmədilər." (İsra surəsi, 99)

 

Hava kisələri balıqların yaşaması üçün lazımi orqanlardır

Yalnız onurğasının xüsusi formada olması bir balığın üzə bilməsi üçün kifayət deyil. Çünki balığın sudakı hərəkəti yalnız irəli-geri getməkdən ibarət deyil. Balıq suda aşağı-yuxarı hərəkət edə bilməsə, yaşaya bilməz. Balığın daxili təzyiqi ilə sudakı təzyiq tarazlıq təşkil edərsə, balıq suda rahat hərəkət edə bilər. Lakin sudakı təzyiq az olarsa, balıq suyun səthinə doğru qalxacaq; çox olarsa, bu zaman da dərinliyə doğru enəcək. Bir çox balıq növündə bu tarazlığı tənzimləyən hava kisələri mövcuddur. Kisələri hava ilə doldurduqda asanlıqla suyun dərinliklərinə enir, boşaltdıqda isə suyun səthinə doğru hərəkət edə bilirlər. Balıq dərinliyə endikdə suyun balıq üzərindəki fiziki təsirləri də dəyişir və hava kisələrinin ikinci həyati əhəmiyyəti ortaya çıxır: balıq hava kisəsindəki qazı doldurub boşaltmaqla sudakı tarazlığını tənzimləyə bilir.

Bəzi balıqlarda bu kisələr başqa funksiyalar da yerinə yetirir: balığın çıxardığı səsi artırır, qulağın eşitmə qabiliyyətini gücləndirir. Qulağa bağlanan üzmə kisəsi həkimlərin istifadə etdiyi stetoskop kimi mexaniki səs yüksəldici funksiyasını yerinə yetirir.

 

Canlılardakı bu möhtəşəm dizaynın, qüsursuz nizamın təsadüf nəticəsində yarandığını düşünmək ağıl və məntiqə ziddir. Hazırda gördüyümüz və bundan yüz illər əvvəl yaşamış bütün canlılar Allahın üstün elmini və sonsuz yaradılış sənətini gözlər önünə sərir. Bu ehtişamlı yaradılışa gözlərini yumanlar isə Rəbbimizin sonsuz gücünü layiqincə qiymətləndirməyənlərdir. Allah Quranda bu insanlardan belə bəhs edir:

 

"Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!" (Həcc surəsi, 74)

 

Rəbbimiz balıqlardakı bütün xüsusiyyətləri bir çox hikmətlə yaratmışdır

Balıqlardakı bütün orqanlar yaşadıqları şəraitə ən uyğun şəkildə yaradılmışdır. Belə ki, bu canlıların tənəffüs sistemi, qidalanması və özünümüdafiə sistemi suların təzyiqli, qaranlıq, soyuq şəraitində funksiyalarını qüsursuz yerinə yetirir. Kiçik və adi hesab etdiyimiz xüsusiyyətlərdə belə dərin hikmətlər vardır və hər biri canlıların həyatında əvəzolunmaz rola malikdir. Məsələn, su səthinə yaxın yerlərdə üzən balıqların ağız quruluşları çömçəyə bənzəyir. Bu ağız quruluşu onlara suyun üzündəki həşəratları və digər cisimləri asanlıqla ovlama imkanı verir. Nisbətən dərinlikdə yaşayan balıqların ağızları isə baş nahiyəsində – burunun yaxınlığında yerləşir. Beləliklə, aşağı düşən qidaları asanlıqla ələ keçirdirlər. Bu təbəqədə yaşayan balıqların bir qismi isə yosunlarla qidalandıqları üçün ağızları aşağı doğru, otlamağa müvafiq formada yaradılmışdır. Suyun daha dərinliyində yaşayan balıqların yastı bədən quruluşu da onlara qumun üzərindəki qida qalıqları ilə qidalanmağa imkan verir. Canlıların möcüzəvi və funksional quruluşu heç bir təsadüfə yer olmadığını göstərir. Bütün kainatı sonsuz güc sahibi Rəbbimiz yaratmışdır. Allah Quranda buyurur:

"Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır." (Hud surəsi, 6)

 

 

/ Dəniz canlıları 723