Digər İnsanın bir damlasını belə meydana gətirə bilmədiyi nemət: Su

İnsanın bir damlasını belə meydana gətirə bilmədiyi nemət: Su


İnsanın əlində bütün xammallar olmasına baxmayaraq, meydana gətirə bilmədiyi ən böyük nemətlərdən biri “su”dur. Həyatın ən böyük ehtiyacı olan su insanlara Allah tərəfindən hazır şəkildə təqdim edilmişdir. Suyun meydana gəlməsini laboratoriyada müşahidə edə bilməz, onu meydana gətirə bilmərik. Su dünyanın meydana gəlişi əsnasında xüsusi şəkildə meydana gəlmiş və canlılara təqdim edilmişdir. O vaxtdan indiyə kimi canlıların həyatda qalmasını təmin edən su həmin sudur.

Susuz həyat mövcud ola bilməz. Su həyatın əsas ünsürü kimi Allahın xüsusi olaraq yaratdığı, hər növ fiziki və kimyəvi xüsusiyyəti ilə həyat üçün var etdiyi bir maddədir. Yer üzündəki milyonlarla növ canlı bu su sayəsində həyatlarını davam etdirir, həyat üçün lazımi tarazlıqlar da suyun varlığı sayəsində davamlılığını qoruyur.

Məlumdur ki, su iki hidrogen və bir oksigen atomunun birləşməsi nəticəsində yaranan molekuldur. Təbiətdə oksigen və hidrogen atomları çoxdur. Amma bunlar heç vaxt bir anda bir-birlərinə bağlanaraq suyu meydana gətirmirlər. Hidrogen və oksigen atomlarının birləşərək suyu meydana gətirmələri üçün onlar  toqquşmalıdırlar.  Toqquşma əsnasında hidrogen və oksigen atomlarını meydana gətirən bağlar zəifləyir və bu atomlar yeni molekul olan suyu meydana gətirmək üzrə birləşirlər. Suyu meydana gətirmək üçün zəruri olan bu toqquşma isə ancaq çox yüksək temperaturda və yüksək enerji səviyyəsində baş verir. Hal-hazırda yer üzündə suyu meydana gətirəcək qədər yüksək temperatur yoxdur. Bu səbəbdən də yeni su molekullarının meydana gəlməsi qeyri-mümkündür. Dünyada hal-hazırda mövcud olan, içdiyimiz, istifadə etdiyimiz, dənizləri, okeanları meydana gətirən su – dünyanın yaradılışı dövründəki yüksək temperatur nəticəsində yaranan sudur. Ancaq suyun möcüzəvi xüsusiyyətləri bununla məhdudlaşmır.

Suyun varlığı üzərində düşünməyin əhəmiyyəti

Günəş sisteminə daxil olan 63 göy cisminin heç birində su yoxdur. Halbuki yer səthinin böyük hissəsi sularla örtülmüşdür. Okeanlar və dənizlər Yer səthinin dörddə üçünü tutur. Bundan başqa, qurularda da çox sayda göl və çaylar vardır. Yüksək dağların zirvələrini örtən qar isə suyun donmuş halıdır. Yerdəki suyun çox hissəsi də səmadadır. Buludların hər birində minlərlə, bəzən milyonlarla ton su olur. Bu suların bir qismi zaman-zaman damlalar halında yerə enir, yağışa çevrilir. Tənəffüs etdiyimiz havanın içində də müəyyən miqdarda su buxarı vardır.

Yağışlar, dənizlər, çaylar, axar sular, okeanlar, kranı açdığınızda gələn içməli su… İnsanların böyük qismi suyun varlığına o qədər vərdiş edib ki, yer üzünün böyük hissəsinin sularla əhatə olunmasının əhəmiyyətini bəlkə də düşünmür. Halbuki su kosmosda çox nadir rast gəlinən bir tərkibdir. Bu səbəblə bizə məlum olan bütün göy cisimlərinin içində yalnız dünyada suyun mövcud olması, həm də bu suların içməli olması son dərəcə möcüzəvidir.

İnsan 1-2 həftə qidasız yaşaya bilər, amma su içmədən 3-4 gündən daha çox yaşaya bilməz. 55-75%-i sudan ibarət olan insan bədənində tərləmə və tənəffüs kimi fəaliyyətlərlə gündə 2-3 litr su itirilir. İtirilən su susama hissindən sonra içilən su ilə kompensasiya edilir.

Bədənimizdəki su dedektivi – hipotalamus

İnsan orqanizmi üçün çox əhəmiyyətli olan suyun miqdarında gün ərzində reallaşan ən kiçik dəyişiklikləri də hiss edən sistemlər var. Bunlardan ən əsası beynimizin noxud dənəsi böyüklüyündə olan hipotalamus hissəsidir. Hipotalamus qanda su nisbəti azaldığında bunu dərhal hiss edir və buna qarşı hipotalamusun alt hissəsində yerləşən 1 sm3 böyüklüyündəki hipofiz vəzi “ADH” adlanan hormon ifraz edir.

Bu hormon qan dövranı ilə uzun səfərə çıxır və böyrəklərə çatır. Böyrəklərdə eynilə bir kilidin bir açara uyğunluğu kimi məhz bu hormona uyğun xüsusi qəbuledicilər var. Hormonlar bu qəbuledicilərə çatdıqları anda böyrəklərdə dərhal suya qənaət maksimum həddə çatdırılır və suyun ifrazı azaldılır.

Əgər hipofiz hormonu və bu hormonun gətirdiyi “su istehlakını azaldın” əmrini anlayıb tətbiq edən böyrək hüceyrələri olmasaydı, susuzluqdan ölməmək üçün gündə 15-20 litr su içməli olardıq.

Bütün canlıların, həmçinin insanların da əhəmiyyətli həyat qaynağı sudur. Su bədən temperaturunun nizamlanması, qida maddələri və oksigenin daşınması, tullantı maddələrin hüceyrələrdən uzaqlaşdırılması və həzmin asanlaşdırılması kimi insan bədənində reallaşan hər prosesdə iştirak edir. Bundan əlavə orqan və hüceyrələrin qorunmasını təmin edir. Məsələn, hüceyrələrimizi əhatə edən suyun yalnız iki faizini itirsək, təxminən 20%-lik bir enerji itkisinə məruz qalarıq və bu da özümüzü yorğun hiss etməyimizə səbəb olar. Təkcə bu misal suyun insan həyatında nə qədər əhəmiyyətli olduğunu anlamaq üçün kifayətdir.

/ Digər 841