Digər Beynimizdəki kiçik kinoteatr

Beynimizdəki kiçik kinoteatr


Həyatımız filmlenti kimidir – bu lentin hər bir anını vaxtı gəldikdə yaşayaraq görürük. O filmlenti doğulduğumuz andan son nəfəsimizə qədər milyonlarla hadisədən ibarətdir. Hər şey ən kiçik detalına kimi o filmlentinin içinə sığdırılıb. Unutmamalıyıq ki, əsla və əsla o filmlentindən kənara çıxa bilmərik.

Bunu kinoteatrda izlədiyimiz filmə bənzədə bilərik. Filmin əvvəli, sonu – filmdə qarşılaşacağımız hər təfərrüat bəllidir. Biz filmin əvvəlindəki səhnəni izləyərkən filmin ən son səhnəsində nə görəcəyimiz artıq məlumdur. Biz o kinoda hansı hadisələrin baş verəcəyini bilmirik, ancaq o hadisələr artıq baş verib və  məlumdur.

Filmin ən həyəcanlı anında sonrakı səhnədə nə olacağını bilmədiyimiz üçün nəbzimiz sürətlənir. Bu baş verəcək hadisələrin sürpriz olacağından qaynaqlanmır, çünki sonrakı səhnə filmin ssenarisi tamamlandığı anda bəllidir. Amma biz o səhnəni bilmədiyimizdən sanki hadisələr “o an baş verir” hissinə qapılıb həyəcanlanırıq. Məhz həyatımız da kinoteatrda izlədiyimiz film kimidir. Tək fərq budur ki, hər kəsin özünəməxsus filmi var və hər kəs ancaq öz filmlentində əvvəldən təyin olunmuş hadisələri yaşayır. Keçmişimiz, gələcəyimiz və bu anımız hamısı bu filmlentinin içindədir. Biz necə ki bir film tamamlanıb nümayişə verildikdən sonra o filmdəki obrazları, hadisələrin gedişatını bilirik, ancaq filmin sonunu dəyişdirə bilmirik. Eləcə də hayatımızla bağlı da ən kiçik dəyişiklik etmə gücünə, qüdrətinə və imkanına sahib deyilik. Hər birimiz özümüzə aid filmimizi sanki kinoteatrda qapqaranlıq otağın içində izləyirik. O otağının xaricinə isə həyatımız boyunca əsla və əsla çıxa bilmirik.

Kinoteatr zalından fərqimiz odur ki, filmimizi böyük otaqda deyil, beynimizin arxa hissəsində – sadəcə bir neçə kub millimetrlik ət parçasının içində izləyirik. Bu nə şərh, nə inanc, nə də fəlsəfi fikirdir, tamamilə elmi həqiqətdir. Bu ana qədər yaşayan hər insan xarici dünyanı sadəcə və sadəcə beyninin arxa hissəsindəki kiçik görmə mərkəzində seyr edir. “Görürəm, eşidirəm, danışıram, hiss edirəm” dediyimiz hər şey isə beynimizin içində baş verir. Amma əsas heyranlıq oyandıran məqam odur ki, beynimizdə nə rəng, nə səs, nə də görüntü var. Çünki beynimizdəki bir neçə kub millimetr sahəlik kinoteatr zalımız səs və yaxud işıq keçirmə xüsusiyyətə sahib deyil. Yəni beynimizin içi qapqaranlıqdır və burada mütləq səssizlik hakimdir. Beynimizdə ancaq elektrik siqnalları mövcuddur.

Elmi yazıçı Rita Karter (Rita Carter) “Mapping The Mind” adlı kitabında dünyanı necə qavradığımızı belə açıqlayır:

“Hər bir duyğu orqanı elə yaradılıb ki, özünə uyğun xəbərdarlığa cavab verir. Bu xəbərdarlıqlar isə molekul, dalğa və titrəşmələr halındadır. Bütün bu müxtəlifliklərinə baxmayaraq, duyğu orqanları eyni vəzifəni yerinə yetirirlər: özlərinə məxsus xəbərdarlıqları elektrik siqnallarına çevirirlər. Xəbərdarlıq sadəcə bir xəbərdarlıqdır. Qırmızı rəng və ya Bethovenin Beşinci simfoniyasının ilk notu deyil, sadəcə elektrik enerjisidir. Əslində, duyğu orqanları bir duyğunu digərlərindən fərqli formaya gətirmək əvəzinə, hamısını eyni hala, yəni elektrik siqnallarına çevirirlər”.

Necə ki kinoteatr zalında izlədiyimiz film proyeksiya ilə əks etdirilərək ağ pərdədə meydana gəlirsə, gördüyümüz mənzərələr də foton şəklində gözümüzə əks etdirilir; gözümüz, qulağımız, dərimiz bu şüaları elektrik siqnalına çevirərək beynimizdəki lazımi mərkəzlərə göndərir. Bu səbəbdən biz ancaq beynimizin içində bizə göstərilən, eşitdirilən, hiss etdirilən hadisələrlə təmasda oluruq. Əslində, bir növ beynimizdəki o kiçik kinoteatr zalından və o zalda izlədiyimiz filmdən asılı halda yaşayırıq. Əsla o otağın xaricinə və o filmdən də kənara çıxa bilmirik. Sanki o filmin içinə həbs olmuş vəziyyətdəyik. Filmin ssenarisində əvvəlcədən nə yazılıbsa, onu yaşamaqdan başqa alternativimiz yoxdur. Hansı gün dünyaya gələcəyimiz, hansı gün, hansı saat, hansı saniyədə öləcəyimiz, hansı məktəbə gedəcəyimiz, hansı universitetə qəbul olacağımız, neçə uşağımızın, hansı xəstəliklərimizin olacağı, bir sözlə, hər şey o film lentində bəllidir. Məhz o film lentini, yəni qədərimizi təyin edən Rəbbimiz Quranda bu həqiqəti bizə bildirir:

“Biz, həqiqətən də, hər şeyi qədər ilə yaratdıq” (Qəmər surəsi, 49)

Bir sözlə, hər şey qədərimizdədir, hər şeyi Rəbbimiz biz hələ dünyaya gəlməmişdən əvvəl ən incə təfərrüatına qədər təyin edib və hər şeyi xeyir ilə yaradıb. O zaman bizim üzərimizə düşən hər an qədərimizi yaşadığımızı bilib Rəbbimizdən tam razı olmaqdır.

İstədiyimiz qədər tədbir alsaq da, qədərimizdə yazılan qəzanın qarşısını əsla ala bilmərik, bunu unutmayaq...

İstədiyimiz qədər hazırlaşaq, qədərimizdəki məktəbdən daha yaxşı məktəbə əsla daxil ola bilmərik...

İstədiyimiz qədər idmanla məşğul olaq, qədərimizdə Allahın nəsib etdiyindən daha uzun boylu insan əsla ola bilmərik...

İstədiyimiz qədər səy göstərək, qədərimizdə müəyyən olunandan başqa müvəffəqiyyətə əsla nail ola bilmərik.

Səy göstərməyimiz, işləməyimiz, tədbir almağımız, yəni bunları etməyimiz ibadətdir və fərzdir. Amma bütün bunlar nəticədə qarşılaşacağımız hadisələri əsla dəyişdirmə gücünə sahib deyil. Bu səbəbdən beynimizin içində – mərcimək dənəsi boyda qapqaranlıq, kimsəsiz, səssiz kinoteatr zalında öz filmimizi izləyərkən sadəcə filmin sonunun bəlli olduğunu düşünüb çox təvəkküllü olmalı, müsibətlərə kədərlənməməli, nemətlər qarşısında öyünməməli, Rəbbimizi çox sevib Onun yaratdığı hər şeydən razı olmalıyıq. Bunun əksi həm Qurana görə haramdır, həm də nəticəni dəyişdirmir. Bu həqiqəti Rəbbimiz Quranda bizə belə xəbər verir:

“Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özündən razını, özünü öyəni sevmir” (Hədid surəsi, 22-23)

/ Digər 663