Digər Atmosfer və nəfəs

Atmosfer və nəfəs


Həyatımızın hər dəqiqəsində nəfəs alırıq. Hər zaman ciyərlərimizə hava çəkir və dərhal  həmin havanı geri veririk. O qədər nəfəs alırıq ki, bunun normal olduğunu düşünürük. Halbuki nəfəs almaq çox mürəkkəb prosesdir.

Bədən sistemimiz elə nizamlanmışdır ki, nəfəs alarkən bu işi düşünməyimizə ehtiyac qalmır. Yeriyərkən, qaçarkən, kitab oxuyarkən, hətta yatarkən belə bədənimiz alacağımız havanın miqdarını müntəzəm hesablayır və ciyərlərimizi ona uyğun işlədir.

Biz hər zaman nəfəs almağa ehtiyac duyuruq. Bunu səbəbi odur ki, bədənimizdə baş verən milyardlarla əməliyyat öz enerjisini oksigen vasitəsilə təmin edir.

Hal-hazırda bu yazını oxuya bilməyiniz gözünüzün torlu qişa təbəqəsindəki milyonlarla hüceyrənin daima oksigenlə bəslənməsi sayəsində mümkündür. Əgər qanınızdakı oksigen nisbəti düşərsə, gözünüz qaralar. Bunun kimi bədəndəki bütün əzələlərin, həmçinin bu əzələləri təşkil edən hüceyrələrin hamısı karbon birləşmələrini yandıraraq, yəni oksigenlə reaksiyaya salaraq enerji əldə edir. Bu enerji əldə ediləndə isə ortaya bədəndən atılmalı karbon çıxır.

Havanı içimizə çəkdiyimiz anda ağciyərlərimizdəki təxminən 300 milyon kiçik kabinəyə oksigen dolur. Bu kabinələrin divarlarını örtən kapilyar damarlar dərhal bu oksigeni çəkir və əvvəl ürəyə, sonra da bədənin hər tərəfinə daşıyırlar. Kapillyar damarlar oksigeni içəri alarkən, eyni anda da tullantı maddə olan karbonu buraxırlar. Heç yarım saniyə çəkməyən bu əməliyyat zamanı təmiz oksigeni çirkli halda bədənimizdən atırıq.

Ağciyərlərimizdə niyə 300 milyon kabinə olduğunu düşünə bilərsiniz. Buradakı məqsəd ciyərin hava ilə təmas edən sahəsini maksimuma çıxarmaqdır. Kabinələr vasitəsilə sıxışdırılan bu sahə o qədər böyükdür ki, əgər bu sahəni ciyərin içindən çıxarıb düz səthə yaysaq, tennis meydançası qədər yer tutar.

Burada bir şeyə diqqət edək: ağciyərlərin içindəki kabinələrin və dolayısilə, bu kabinələrə gedən kanalların bu qədər dar olması oksigen qəbulunu artırmaq üçün yaradılmış möcüzəvi dizayndır. Amma bu dizayn havanın sıxlığının, axıcılığının və təzyiqinin bu qədər dar kanallarda rahatlıqla hərəkət edə biləcək ölçüdə olmasına bağlıdır.

Havanın təzyiqi 760 mm civə sütunudur (c.s.). Sıxlığı dəniz səviyyəsində təxminən bir litrə bir qramdır. Dəniz səviyyəsindəki axıcılığı isə suyun əlli qatı qədərdir. Əhəmiyyətsiz görə biləcəyiniz bu ölçü, əslində, bizim həyatımız üçün çox vacibdir. Çünki hava ilə tənəffüs edən canlıların həyatını davam etdirməsi üçün atmosferin ümumi xüsusiyyətləri - sıxlığı, axıcılığı, təzyiqi və s. hal-hazırki ölçülərinə çox bənzər olmalıdır.1

Nəfəs alarkən ciyərlərimiz “hava müqaviməti” adlanan gücə qarşı enerji sərf edir. Hava müqaviməti havanın hərəkətə qarşı göstərdiyi durğunluq qüvvəsidir. Ancaq bu müqavimət atmosferin xüsusiyyətləri sayəsində çox zəifdir və ciyərlərimiz asanlıqla havanı içəri çəkib xaricə ata bilir. Bu müqavimətin bir az artması isə ciyərlərimiz üçün çətinlik yaradır. Bu, belə açıqlana bilər: şpris vasitəsilə su çəkmək asandır, lakin bal çəkmək olduqca çətindir. Çünki bal sudan daha az axıcılığa və daha yüksək sıxlığa malikdir.

Əgər atmosferin sıxlıq, axıcılıq, təzyiq kimi ölçüləri bir az dəyişərsə, nəfəs almaq bizim üçün şprisdən bal çəkmək kimi çətinləşərdi. Bu vəziyyət qarşısında: “O zaman şpris qalın düzəldilə bilər”, -deyə düşünmək, yəni ağciyər kanallarının genişləndirilməsini təklif etmək isə yanlışdır. Çünki o zaman ciyərlərin hava ilə təmas edən sahəsi çox kiçilər və ciyərlər bədən üçün lazımlı oksigeni ala bildiyi quruluşdan uzaqlaşar. Yəni havanın sıxlıq, axıcılıq, təzyiq kimi ölçülərinin mütləq müəyyən intervalda olması şərtdir və bu gün aldığımız havanın ölçüləri həmin bu intervala daxildir.

Maykl Denton (Michael Denton) bu mövzu haqqında belə deyir:

“Əgər havanın sıxlığı və ya durğunluğu bir az çox olsaydı, havanın müqaviməti çox böyük nisbətlərə yüksələrdi və havanı tənəffüs edən canlıya ehtiyac duyduğu oksigen nisbətini təmin edən tənəffüs sistemini hazırlamaq qeyri-mümkün olardı... Ehtimal olunan atmosfer təzyiqi ilə oksigen nisbətini müqayisə edərək həyat üçün uyğun ölçü axtardığımızda çox məhdud intervalla qarşılaşırıq. Həyat üçün lazım olan çoxlu şərtlərin hamısının bu kiçik intervalda reallaşması və atmosferin də bu intervalda olması, əlbəttə ki, çox möhtəşəm uyğunluqdur”.2

Atmosferin ölçüləri sadəcə bizim tənəffüsümüz üçün deyil, mavi planetin “mavi” qalması üçün də əhəmiyyətlidir. Əgər atmosfer təzyiqi indiki ölçüsünün beşdə biri qədər azalarsa, dənizlərdə buxarlanmanın miqdarı çox artar və atmosferdə yüksək nisbətə çatan su buxarı bütün dünyada “istixana” effekti meydana gətirərək planetin istiliyinin həddindən artıq artmasına səbəb olar. Əgər atmosfer təzyiqi indiki ölçüsündən bir dəfə çox olarsa, bu dəfə də atmosferdə su buxarının nisbəti böyük ölçüdə azalar və dünyada, demək olar ki, bütün quru sahələri səhralaşar.

Bütün bu tarazlıqlar dünyanın digər xüsusiyyətləri kimi atmosferin də insan həyatı üçün xüsusi olaraq yaradıldığını göstərir. Elmin ortaya qoyduğu bu həqiqət bizə kainatın başıboş maddə yığını olmadığını bir daha sübut edir. Əlbəttə ki, bütün kainata hakim olan, maddəni istədiyi kimi formalaşdıran, qalaktikaları, ulduzları və planetləri qüdrəti altında tutan Yaradıcı var.

O üstün Yaradıcı Quranda bizlərə öyrətdiyi kimi, bütün kainatın Rəbbi olan Allahdır.

Üzərində yaşadığımız mavi planet isə Allah tərəfindən bizim həyatımız üçün xüsusi olaraq nizamlanmış, Quranda ifadə edildiyi kimi Allah tərəfindən insan üçün döşənmişdir (Naziyat surəsi,  30). Allahın dünyanı insan üçün yaratdığını bildirən digər ayələr isə belədir:

“Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır!” (Ğafir surəsi, 64)

“Yeri sizin ixtiyarınıza verən Odur. Onun hər tərəfində gəzin və Allahın ruzisindən yeyin. Qayıdış da Onadır”. (Mülk surəsi, 15)

/ Digər 1008