Bitkilər aləmi Payızda yarpaqların tökülməsindəki hikmətlər

Payızda yarpaqların tökülməsindəki hikmətlər


Ağaclar nə üçün yarpaqlarını tökür?

Yarpaqların tökülməsinin hansı hikmətləri var?

Bitkilər üçün, xüsusilə də qida hasil edən yarpaqlar üçün günəş işığı çox vacibdir. Payızın gəlməsi ilə havalar soyumağa, gündüzlər qısalmağa başlayır və Yer kürəsinə gələn günəş işığı azalır. Bu azalma isə bitkilərdə bəzi dəyişikliklərə səbəb olur və yarpaqlarda yaşlanma proqramı adlanan yarpaq tökülməsi başlayır. Bir çox insanın əhəmiyyət vermədiyi, hətta qəflət gözü ilə baxdığı bu hadisə, əslində, heyranedici və möcüzəvidir.

Yarpaq tökülməsi ağaclar üçün həyati əhəmiyyət daşıyır

Soyuq havalarda torpaqdakı su getdikcə qatılaşır və ağacın kökləri suyu sora bilmir. Lakin yarpaqların tərləməsi, havanın soyumasına baxmayaraq, davam edir. Suyun azaldığı dövrdə daima tərləyən yarpaqlar bitki üçün artıqlıq təşkil edir. Onsuz da yarpaqların hüceyrələri soyuq qış günlərində donmaya məruz qalıb parçalanacaq. Ona görə, ağaclar qış gəlməmişdən əvvəl yarpaqlarını tökərək məhdud olan su ehtiyatlarının əbəs yerə sərf edilməsinə mane olurlar.

Ağaclar yarpaqlarını tökməmişdən əvvəl yarpaqdakı bütün qida maddələrini sormağa başlayır. Məqsəd kalium, fosfat və azot kimi maddələrin düşən yarpaqlarla birlikdə məhv olmasının qarşısını almaqdır. Bu maddələr ağac qabığının təbəqələrinin və gövdənin ortasından keçən özəyə göndərilərək burada toplanır. Qida maddələrinin özəkdə toplanması ağacın bu maddələri asanlıqla sormasına kömək edir.

Yarpaq tökülməsinin digər səbəbi də ağaclarda heyvanlardakı kimi ifrazat sisteminə bənzər bir sistemin olmamasıdır. Bildiyimiz kimi, hər orqanizm maddələr mübadiləsi nəticəsində tullantı maddələr hasil edir. Bu tullantı maddələr isə zəhərli olduğuna görə orqanizmdən xaric edilməlidir. Bitkilərdə insanlardakı və ya heyvanlardakı kimi ifrazat sistemi yoxdur. Buna görə də maddələr mübadiləsinin tullantıları yarpaq hüceyrələrindəki vakuol adlanan orqanoidlərdə kristal formada toplanır. Bitkilər də yarpaqların tökülməsi sayəsində bu tullantı maddələrindən xilas olurlar.

Allah bitkilərdə yarpaq tökülməsi kimi mükəmməl möcüzəvi sistem yaratmışdır. Rəbbimiz yaratdığı canlılardakı bu cür sistemlərlə yaratmada heç bir ortağının olmadığını və sonsuz qüvvət sahibi olduğunu bizə göstərir.

Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan. Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir. (Yunis surəsi, 106-107)

Kənardan baxdıqda adi fiziki proses kimi görünən yarpaq tökülməsi, əslində, hər yarpağın saplağı ilə budaq arasında baş verən kompleks proseslər nəticəsində həyata keçir. İnsanlar eyni prosesin milyon illərdir davamlı baş verməsinə öyrəşə bilərlər. Halbuki ağaclar yarpaqlarını tökərkən hər yarpaqda bir sıra mürəkkəb kimyəvi proseslər baş verir.

Yarpaq ayasındakı hüceyrələrdə bitkilərə rəng verən fitoxrom adlı işığa həssas molekullar var. Bu molekullar gecələrin uzanması nəticəsində bitkilərin yarpaqlarına daha az günəş işığı gəldiyini bilir. Fitoxromlar bu dəyişikliyi hiss etdikdə yarpağın daxilində müxtəlif reaksiyalar gedir və yarpağın yaşlanma proqramı başlayır.

Yarpaqlardakı yaşlanmanın ilk işarələrindən biri yarpaq ayası hüceyrələrində etilen hasil edilməsidir. Etilen qazı yarpağa yaşıl rəng verən xlorofili məhv edir. Başqa sözlə desək, ağacların yarpaqlarındakı xlorofili geri çəkir. Yarpaq tökülməsini gecikdirən böyümə hormonu olan oksin maddəsinin hasil edilməsinə mane olan da etilen qazıdır. Xlorofil məhv edildikdə isə yarpaq günəşdən daha az enerji alır və daha az şəkər hasil edir. Daha sonra yarpaqlara qızılı rəng verən karotenoidlər üzə çıxır və bunun sayəsində yarpaqlar rənglərini dəyişir.

Bir müddət sonra etilen qazı yarpağın hər tərəfinə yayılır. Yarpağın saplağına çatdıqda isə burada yerləşən kiçik hüceyrələr şişməyə başlayaraq saplağın gərginləşməsinə səbəb olur. Yarpaq saplağının gövdəyə birləşdiyi hissədə yerləşən hüceyrələrin miqdarı artır və onlar xüsusi fermentlər ifraz etməyə başlayırlar. Əvvəlcə, sellüloz fermentləri sellülozdan təşkil olunmuş çəpərləri, daha sonra isə pektinaza fermentləri hüceyrələri bir-birinə birləşdirən pektin təbəqəsini parçalayır. Yarpaq getdikcə artan gərginliyə tab gətirmir və saplaq xarici tərəfindən içəriyə doğru yarılmağa başlayır.

Yarpaq tökülməsindəki hikmətlər

Yarpaq gövdədən tamamilə ayrıldığına görə daşıma borularından su qəbul edə bilmir. Buna görə də yarpağın bitişdiyi yerlə əlaqəsi getdikcə zəifləməyə başlayır. Bir az güclü külək belə yarpağın saplağını qoparmaq üçün kifayət edir.

Yarpaq tökülməsi ilə ağacdakı qida hədər olmur

Allah töküləcək yarpaqlarda şüurlu mexanizm yaradıb. Yarpaq tökülməmişdən əvvəl zülal və karbohidrat kimi maddələr bitkinin gövdəsində toplanır. Beləliklə, tökülən yarpaq bu maddələri hədər etmir və yazda cücərəcək yeni yarpaqlar üçün lazımi qida ehtiyatı tədarük edilir. Bitkinin ehtiyacı olan maddələri gövdəsində toplaması Allahın yer üzündə yaratdığı həyatın davam etməsi üçün zəruridir.

Yerə düşən yarpaq başqa canlılar üçün qida mənbəyidir

Tökülən yarpaqlar da mükəmməl sistemin bir hissəsini təşkil edir. Bu yarpaqların ən böyükləri torpağı qida ilə zənginləşdirir. Çünki torpağa düşən ölü yarpaqlarda həşəratlar, göbələklər və bakteriyalar üçün faydalı qida maddələri olur. Bu qida maddələrini mikroorqanizmlər parçalayıb torpağa qarışdırır. Ağaclar da bu maddələri kökləri vasitəsilə torpaqdan qida şəklində götürürlər.

Düşən yarpaqlar meşə torpağında humus təbəqəsi meydana gətirərək yağışın hopmasına kömək edir.

Bir çox canlı xarici amillərdən qorunmaq üçün yarpaqların altında gizlənirlər.

Əlbəttə ki, fitoxromların günəş şüalarının azaldığını müəyyən etməsinin, yarpağın düşməsi üçün lazım olan bütün fermentlərin lazımi zamanda işə düşməsinin, saplağın qopacağı yerdə hüceyrələrin xüsusi fermentlər ifraz etməyə başlamasının nə qədər möcüzəvi olduğu açıq-aydındır. Ardıcıl işləyən və hər mərhələsi planlı, bir-biri ilə əlaqəli olan bu qüsursuz proseslərin ardıcıllığını təkamülçülərin iddia etdiyi kimi təsadüflə açıqlamaq mümkün deyil. Bütün bu proseslərdə zamanın müəyyən edilməsi də mükəmməldir. Yarpaq tökülməsi uca Allahın qüsursuz planı ilə mükəmməl işləyir. Ayədə belə buyurulur:

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın yazıda (Lövhi-məhfuzda) olmasın. (Ənam surəsi, 59)

Allahın incə sənətindən bir nümunə: yarpağın qopduğu hissənin mikrobdan qorunması

Yarpaqdakı qida hasilatının dayanması, yarpağın saplağından qopması və qopub düşməsi nəticəsində böyüyən yarığın ətrafında sürətli dəyişikliklər baş verir. Yarpaq saplağı ilə birlikdə qopub düşdükdən sonra həmin hissədə hüceyrələr dərhal suberin (mantar) ifraz etməyə başlayır. Beləliklə, yaranın üstü kallus adlanan mantar toxuması ilə örtülməyə başlayır. Bu maddə sellüloz çəpərinə yavaş-yavaş yerləşərək onun güclənməsinə kömək edir. Bu toxuma vasitəsilə bitkidə su itkisinin qarşısı alınır, eləcə də qışın soyuğundan, havadakı zərərli qazlardan, bakteriya və göbələk kimi patogenlərdən qorunur. Şübhəsiz ki, bu sistemi qüsursuz şəkildə bitkilərə bəxş edən, Rəhman və Rəhim olan, hər cür yaratmanı bilən Allahdır.

O, yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr surəsi, 24)

/ Bitkilər aləmi 5998