Bitkilər aləmi Dünyadakı eyni növ çiçəklər eyni cür naxışlara və rənglərə sahibdir

Dünyadakı eyni növ çiçəklər eyni cür naxışlara və rənglərə sahibdir


Bitkiyə rəng verən bütün piqmentlər haqqında məlumat onun DNT-sində kodlanmışdır. Buna görə də hər bir bitki növü dünyanın harasında yetişsə də, eyni xüsusiyyətləri daşıyır. Məsələn, dünyadakı bütün portağalların rəngi, forması və qabıq quruluşu eynidir. Portağalın içindəki narıncı rəngli, ətirli və şirin su dolu torbacıqları əmələ gətirən şəffaf pərdənin rəngi də heç vaxt fərqli olmur. Dünyadakı bütün bananlar da, pomidorlar da, hətta güllər, bənövşələr və qərənfillər də eynidir. Təbii formada yetişən çiyələyin fərqli rəngdə olduğunu dünyanın heç bir yerində görə bilməzsiniz. Çünki bütün dünyadakı çiyələklərin DNT-sində bu meyvəyə məxsus olan xüsusiyyətlər qeyd olunub. Buna görə də çiyələyin rəngi, qoxusu və dadı hər zaman eyni olur. Bu, bənzərsiz bir nizamdır. Bu cür nizamın təsadüfən əmələ gəldiyini iddia etmək mümkün deyil.

Bütün dünyadakı bu bənzərsiz sənəti və gözəlliyi yaradan üstün ağıl sahibi Allahdır. O, hər şeyə qadirdir. Allah “Rəd” surəsində eyni su ilə sulanan torpaqdan müxtəlif bitkilərin çıxmasına belə diqqət çəkir:

Yer üzündə bir-birinə yaxın (müxtəlif iqlimli) torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. (Lakin) Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır. (Rəd surəsi, 4)

Allahın ayədə diqqət çəkdiyi kimi, eyni torpaqdan müxtəlif bitkilərin çıxmasını ətrafımızdakı meyvə və tərəvəzlər üzərində düşünək. Məsələn, qarpız, yemiş, kivi, banan, gilas, badımcan, pomidor, üzüm, şaftalı, lobya... Tünd sarı rəngli qabığını soyduqda içindən gözəl ətirli, açıq-sarı rəngli banan çıxır. Almanın qırmızı, yaşıl, sarı rəngdə olan qabığı hamar və cilalıdır. İnsanlar bu meyvənin ətirli, şirin şirəsinin dadını və qoxusunu qətiyyən təqlid edə bilmirlər. Hətta yeni bir rəng də yarada bilmirlər. İnsanların hazırladığı bütün rənglər təbiətdə olanlar əsasında əldə edilir. Lakin Allah yoxdan yaradandır. Yer üzündəki canlıların sahib olduğu bütün rəngləri də O yaradıb. Allahın yaratma sənətinin tayı-bərabəri yoxdur. Üstün güc sahibi olan Allahın isimlərindən biri Müsəvvirdir (təsvir edən, hər şeyə forma və surət verən). Allah hər şeyi ən gözəl surətdə yaratmışdır:

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)

Yer üzündəki bütün rəngləri yaradan Allahdır. Göy üzü, dağlar, tarlalar, kəpənəklər, qırmızı almalar, portağallar, tutuquşular, qırqovullar, üzümlər, ağaclar, qısası, ətrafınızda gördüyünüz hər şey Allah istədiyi üçün bu rənglərə sahibdir. Allah Quranda bunu belə bildirir:

Məgər Allahın göydən yağmur endirdiyini və onunla müxtəlif rəngli meyvələr yetişdirdiyimizi görmürsənmi? Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar əmələ gətirdik. İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah Qüdrətlidir, Bağışlayandır. (Fatir surəsi, 27-28)

/ Bitkilər aləmi 102