Bitkilər aləmi Bitkilərdəki fərqli rənglər necə əmələ gəlir?

Bitkilərdəki fərqli rənglər necə əmələ gəlir?


Hər bir maddənin əks etdirdiyi rəng onun sahib olduğu piqmentlərdən asılıdır. Yaşıl bitkilərdəki piqmentlər isə xlorofil molekuludur. Bitkilərdə, həmçinin, digər rəngləri də əmələ gətirən piqmentlər mövcuddur. Bunlar bitkilərdəki qeyri-adi rəng müxtəlifliyinin əmələ gəlməsinə səbəb olur.

Bitkilərdə xlorofillə yanaşı, karotinoid adlı piqmentlər də var. Bu piqmentlərdən bəzisi sarı rəngdədir. Limona, günəbaxana və qarğıdalıya sarı rəngi verən də bu piqmentlərdir. Digər karotinoidlər isə daha çox qırmızı rəngə çalır. Bunlar şəkər çuğundurunda, pomidorda, güllərdə və yerkökündə olur. Karotinoidlər yaşıl yarpaqlarda da mövcuddur. Bəs nə üçün yarpaqlar qırmızı, sarı və ya narıncı deyil, yaşıl rəngdə görünür? Çünki xlorofilin yaşıl rəngi çox güclüdür. Buna görə də digər rənglərin görünməsinin qarşısını alır.

Payızda isə dəyişikliklər baş verir. Bitkilər günəş işığı azaldıqda xlorofil hasil etməyi dayandırır. Buna görə də yaşıl rəng verən piqmentlərin gücü azalır və yarpaqlar solmağa başlayır. Bundan sonra karotinoidlər yarpaqları qəhvəyi, sarı və qırmızı rəngə boyayır. Həmçinin, payızda bəzi yarpaqların xarici təbəqələrində antosian adlı piqmentlər də hasil edilir. Mavi və parlaq qırmızı rəngdə olan bu piqmentlər yarpaqlarda qırmızı, eləcə də çəhrayı rəng əmələ gətirən maddələrdir. Bitkidə birdən çox piqment olduqda isə yarpaqlarda piqmentlərin əks etdirdiyi rənglərin qarışığı görünür.

 

/ Bitkilər aləmi 2381